Məhkəmə qərarları › İş №2(103)-3697/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3697/2020

19.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3697/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4679/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 115 ünvanında yerləşən ümumi sahəsi 242.6 kv/m olan mənzili xx.xx.2019cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 almışdır. Mənzilə dair mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq çıxarışı da əldə etmişdir.Cavabdeh1 notarial qaydada evin satılmasına razılıq vermiş, özünün və ailəsinin mənzildən qeydiyyatdan çıxmağını da öz öhdəsinə götürmüşdür. Lakin evin alqısatqısından 6 aydan uzun bir müddət keçməsinə baxmayaraq Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5Kamran oğlu həm mənzildən, həm də qeydiyyatdan çıxmaqdan imtina edir və bununla da onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 242.60 kv/m olan mənzilimdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 242.60 kv/m olan mənzilidən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4679/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 115 ünvanında yerləşən ümumi sahəsi 242.60 kv/m olan mənzilindən istifadə hüquqlarına xitam verilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 115 ünvanında yerləşən ümumi sahəsi 242.60 kv/m olan mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)4679/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin vəkili Məmmədov Məhəmməd məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etməmiş, alqı-satqı müqaviləsində göstərilmiş məbləğin formal olduğunu, aralarında daha yüksək məbləğə razılaşldıqlarını bildirmişdir. İddiaçı razılaşdırılmış məbləği tam ödəmədiyindən cavabdeh evdən çıxmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili tərəfindən məhkəməyə qəbzlər təqdim edilmiş, həmin qəbzlərdə iddiaçının həyat yoldaşı X6 mənzilin 500000 ABŞ dollarına razılaşdığını, həmin məbləğin 346000 ABŞ dollarının verildiyini, yerdə qalan 154000 ABŞ dolları borcu qaldığını və həmin borcun 1 ay müddətinə ödəyəcəyini, həmçinin xx xxxxxx 2019-cu il tarixdə İ.Bayramovun 50000 ABŞ dolları verdiyini, qalan məbləğin isə məhkəmənin getdiyi tarixə qədər ödənilmədiyinə görə mənzili boşaltmadıqlarını bildirmişdir. Cavabdeh hesab edir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında qeyd olunan qəbzlərin məhkəməyə təqdim olunmasına baxmayaraq qətnamədə bu məsələ qeyd olunmamışdır. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 387.2, 387.3, 425.1, 430.1, 441.1, 441.2, 442-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş çıxarışından müəyyən olunur ki, ünvan 4 xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli 04.042019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı oğlunun mülkiyyətinə keçmişdir. “Elektron notariat” X1 xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 242.60 kv/m olan mənzili X5 icarəyə verilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir in-san təkbaşına və ya başqa-ları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür İddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından (i.v. 7) cavabdehlərin həmin mənzildən istifadə etməsi mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi alqı-satqı müqaviləsində göstərilmiş məbləğin formal olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsində (i.v. 11) satıcı daşınmaz əmlakı 408000 manata satmışdır və məbləğin daha yüksək olması cavabdeh tərəfindən sübut edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, alqı-satqı müqaviləsində nəzərdə tutulan məbləğ iddiaçı tərəfindən ödənildiyindən və cavabdehlərin həmin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, birinci instansiya məhkəməsinin, cavabdehlərin müqavilə üzrə öhdəliyinin tam qaydada yerinə yetirməməsi səbəbindən, iddia tələbini təmin etməsinə dair qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4679/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar