Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3699/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-7096/20 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşı olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (hakim S.Mehralıyev, iş N 2(011)-7096/20) qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşı olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, ərizəçinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Ərizədən müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olması faktının müəyyən edilməsini xahiş edir. Göründüyü kimi ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olması üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə) müraciət etməli, həmin inzibati orqanın imtinası ilə qarşılaşdığı halda isə inzibati orqanın imtinasını inzibati məhkəmədə mübahisələndirməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 305.1, 307.1, 307.2.10- 1-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3699/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3699/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver