Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-37/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Əczaçılar İttifaqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülərək, torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamədən iddiaçı Azərbaycan Əczaçılar İttifaqının verdiyi apellyasiya şikayətinə dair mülki işə, özü cavabdeh olmaqla yanaşı (mərhum) Cavabdeh1 prosessual hüquq varisi Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı İttifaqın adından buna səlahiyyətli olan nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İttifaqın mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində (Yavər Əliyev küçəsi) yerləşən dərman bitkilərinin tədarükü və istehsalı zavodunun qanuni istifadəsindəki 10.000 kv.m torpaq sahəsinin ayrıcı cizgisində göstərilən “BQ” ("xxxx" Firması ilə) sərhədi boyunca təqribən 2.000 kv.m sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasının qanunsuz hesab edilməsi, həmin qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin qeyd-şərtsiz olaraq İttifaqa təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Firması iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçı İttifaqa Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində dərman bitkilərinin tədarükü və istehsalı üçün zavod layihələndirilməsinə və tikintisinə 10.000 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin qonşu sərhədləri ayrıc cizgisində göstərilməklə ümumilikdə yerquruluşu müəyyən edilmiş, zavod üzərində iddiaçının mülkiyyət hüquqları dövlətin müvafiq reyestrində qeydə alınmış və Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən İttifaqa xx.xx.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin dövrdə İttifaqın qanuni istifadəsində olan 10.000 kv.m torpaq sahəsinin ayrıc cizgisində göstərilən “BQ” ("xxxx" Firması ilə) sərhəd boyunca yerləşən təqribən 2.000 kv.m sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti olaraq yaşadıqları üçün həmin “BQ” sərhədi boyunca 2.000 kv.m torpaq sahəsi xaricdə qalmaq şərti ilə daş hasara alınmışdır. İttifaqın mülkiyyətində olan əmlakının yerləşdiyi torpaq sahələrində keçirilmiş monitorinq zamanı müəyyən olunmuşdur ki, İttifaqın əmlakının yerləşdiyi torpaq sahəsi ilə həmsərhəd olan - ayrıc cizgisində göstərilən “BQ” ("xxxx" firması ilə) sərhədi boyunca sahədə İttifaqın qanuni istifadəsində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və qanunsuz tikinti işlərinin inşasına başlanılmışdır. Belə ki, İttifaqın rəhbərinin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar uzun müddətli müalicə aldığı dövrdə, İttifaqın fəaliyyətinin müvəqqəti dayandırılmasından suiistifadə edərək, qanunsuz və özbaşına inşa etdikləri obyektin sökülməsi və ya onlar tərəfindən mənimsənilmiş torpaq sahəsinin hazırda bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi tələbi ilə müraciət etdikdə, həmin şəxslər tikinti işlərini dayandırmamışlar. İttifaqın qanuni istifadəsində olan torpaq sahəsi bir qrup şəxslər tərəfindən ələ keçirildiyinə görə və qeyd olunan ərazinin təqribən 20 sot hissəsində qanunsuz tikinti işləri davam etdiyi üçün cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməlidir. b) cavabdeh tərəfin və üçüncü şəxslərin iddiaya münasibəti barədə məlumat
4. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2016-cı il tarixdə verilmiş “Çıxarışa” əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, 3.024,20 kv.mdən ibarət qeyri-yaşayış binası onun atası Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu hal həmin İdarə tərəfindən verilmiş və daşınmaz əmlakın parametrlərini əks etdirən “Texniki pasportdan” da müəyyən edilir. “Texniki pasportdan” göründüyü kimi qeyri-yaşayış sahəsi istifadədə olan torpaq sahəsi 0,15201 ha təşkil edir. Həmin sahə həm qeyri-yaşayış binasının tikintialtı sahəsi, həm də həyətyanı sahəsidir. Bundan əlavə, Bakı ŞİH başçısı tərəfindən verilmiş 115 saylı, xx.xx.2004-cü il tarixli sərəncamın 25-ci bəndindən görünür ki, Cavabdeh1 Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Yavər Əliyev küçəsi (keçmiş Gülüstan küçəsi) 2595-ci məhəllədə "xxxx" Firmasına müvəqqəti avtodayanacağın təşkili üçün 0,79 ha torpaq sahəsinin ayrılmasına dair Bakı ŞİH başçısının xx.xx.1993-cü il tarixli, 818 saylı sərəncamının birinci bəndi ləğv edilmişdir. Onun özü və atası Cavabdeh1 tərəfindən tikinti işləri Bakı ŞİH başçısının 115 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə qanuni istifadələrinə ayrılmış, eyni zamanda daşınmaz əmlakın “Texniki pasportunda” qeyri-yaşayış binasının həyətyanı sahəsi kimi göstərilmiş sahədə aparılır və həmin sahənin iddiaçı İttifaqa heç bir aidiyyəti yoxdur. İddiaçı İttifaq iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İttifaq tərəfindən xx.xx.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” təqdim edilsə də, Cavabdeh1 da həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən “Reyestrdən çıxarış” mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir. Onların tikinti apardığı sahənin məhz iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
5. Cavabdeh1 və üçüncü şəxslər birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında iştirak etməmiş və iddiaya dair yazılı münasibət bildirməmişlər. c) iş üzrə qəbul olunmuş məhkəmə aktları barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (iş № 2(008)-222/2017) ilə iddianın rədd edilməsini qət etmişdir.
7. İddiaçı İttifaqın həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (iş № 2(103)-1478/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
8. Həmin qətnamədən iddiaçı İttifaq verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (iş № 2(102)-5699/2024) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır.
9. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (iş № 2(103)-193/2021) ilə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsini, Cavabdeh1 iddiaçı İttifaqa məxsus olan 10.000 kv.m torpaq sahəsinin zəbt etdiyi 472 kv.m hissəsinin boşaldılaraq iddiaçı İttifaqa təhvil verilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
10. Həmin qətnamədən iddiaçı İttifaqın və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (iş № 2(102)-4731/2021) ilə iddiaçı İttifaqın kassasiya şikayətinin təmin edilməməsini, Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. d) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iş iddianın “torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi üçün Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. e) Cavabdeh1 prosessual hüquq varisi ilə əvəz edilməsi barədə məlumat
12. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş bu səbəbdən onun övladı olan digər Cavabdeh2 mərhumun prosessual hüquq varisi kimi də işin baxılmasına cəlb edilmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (maddə 58.1.). Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (maddə 58.2.). f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. İddiaçı İttifaqın vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir.
14. O, apellyasiya baxışının növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iclaslara gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
15. İş üzrə üçüncü şəxs olan hüquqi şəxslər apellyasiya baxışının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iclaslarda nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
16. Qeyd edilən hallar işin baxılmasına mane olmadığını nəzərə almış Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki MPM-nin 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
17. Özü cavabdeh olmaqla yanaşı (mərhum) Cavabdeh1 prosessual hüquq varisi Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
18. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçı İttifaqa Bakı şəhəri, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində dərman bitkilərinin tədarükü və istehsalı üçün zavod layihələşdirilməsinə və tikintisinə 10.000 kv.metr torpaq sahəsi ayrılmışdır.
20. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 9373 nömrəli “İnşaat pasportu” təsdiq edilmişdir.
21. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsi, Y.Əliyev küçəsində yerləşən və iddiaçı İttifaqa məxsus qeyri-yaşayış sahəsinə dair xx.xx.2002-ci il tarixdə “Texniki pasport” verilmişdir. Həmin “Texniki pasportda” torpaq sahəsinin ölçüsü 10.000 kv.m və ümumi tikinti altı sahənin 1.619,10 kv.m təşkil etməsi göstərilmişdir.
22. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən dərman bitkilərinin tədarükü və istehsalı zavodunun iddiaçı İttifaqın mülkiyyətində olması barədə xx.xx.2002-ci il tarixdə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir.
23. Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamı ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş, xx.xx.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır.
24. xx.xx.2004-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində həmin 0,15 ha (1.500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır.
25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə Cavabdeh1 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1.590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir.
26. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli “Çıxarışdan” görünür ki, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 31 ünvanında yerləşən, 3.024,20 kv.metrdən ibarət qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir.
27. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli şəhadətnaməsinə əsasən iddiaçı İttifaqın mülkiyyətində olan və Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən olunmuşdur. Faktiki daş hasarla olan istifadə vəziyyəti iş materialına əlavə edilmiş “mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli şəhadətnamə verilərkən hazırlanmış texniki pasporta və Cavabdeh1 (qeyri-yaşayış sahəsi üçün istifadəsinə sahəsi 0,38 ha) verilmiş şəhadətnaməyə uyğundur. Cavabdehlər Əvəz və Cavabdeh2lar tərəfindən iddiaçı İttifaqın mülkiyyətində olan həmin torpaq sahəsinə müdaxilə olunmamışdır.
28. Qanunsuz zəbt edilmiş torpaq sahəsinin təhvil verilməsini cavabdehlərdən tələb edən iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Həmin maddələrin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllə; maddə 157.2.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsi; maddə 111.) .
29. Qeyd olunan maddələrin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
30. Həmçinin iddia tələbinin əsaslı olub-olmadığının yoxlanılması üçün ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehin sahibliyində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi məsələsi aydınlaşdırılmalıdır.
31. Bununla bağlı Məhkəmə bildirir ki, apellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İttifaq ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşməməsi halı başqa iş üzrə də məhkəmə araşdırmasının predmeti olmuş və kassasiya instansiya məhkəməsinin qərarı ilə artıq öz təsdiqini tapmışdır.
32. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2108/2024 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Azərbaycan Əczaçılar İttifaqı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs Cavabdeh2) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.m-dən ibarət qeyriyaşayış binası üzərində, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m hissədə (X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m (“Ülvi” şadlıq sarayına aid hissəsində) + 341 kv.m (“Ülvi” şadlıq sarayının arxasında inşa edilmiş qeyriyaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m “Ülvi” şadlıq sarayına aid hissəsində və 341 kv.m. “Ülvi” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması hissəsində iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərarı ilə iddia Azərbaycan Əczaçılar İttifaqının cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunmasına dair iddiası təmin edilməmişdir. İddiaçının həmin qərardan verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-973/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-973/2024 nömrəli qərarının ləğv edilməsi, iddiaçı Azərbaycan Əczaçılar İttifaqının cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
33. Həmin qərarla müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamının mətnindən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş 0,15 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06.05.93-cü il tarixli, 818 saylı sərəncamı ilə Sabunçu rayonu, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsi, 2595-ci məhəllədə "xxxx" firmasına avtomobil dayanacağının təşkili üçün ayrılmış 0,79 ha torpaq sahəsinin bir hissəsidir. Göründüyü kimi 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq ayırma ilə bağlı ilkin hüquq müəyyənedici sənəd Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli 818 saylı sərəncamı olmuşdur. İddiaçı “Əczaçılar İttifaqı”na ayırılmış torpaq sahəsi isə xx.xx.1994-cü il tarixli, 904 nömrəli Sərəncamla rəsmiləşdirilmişdir. Buna görə də, məhkəmələr haqlı olaraq hesab etmişdirlər ki, 3-cü şəxsə ayrılmış torpaq sahəsi iddiaçıya torpaq sahəsindən daha əvvəl ayrılan torpaq sahəsidir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı və 3-cü şəxsin hüquqmüəyyənedici sənədlərində göstərilmiş torpaq sahələri üst-üstə düşmür, torpaq sahələri arasında hasar mövcuddur. Hazırki mübahisə üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmış torpaq sahələrinin üst-üstə düşməməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçı o zaman hazırkı məzmunda iddia qaldırmaq hüququna malik olardı ki, ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üstüstə düşməsi barədə mötəbər sübutlar mövcud olsun. Belə olan halda, İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş iddianın ümumi mümkünlük şərti (cavabdeh inzibati orqanın üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması ilə bağlı hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması) ödənilmir. İddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxılması üçün ilkin olaraq, onun bu məzmunda iddia qaldırmağa subyektiv hüququ olmalıdır. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş ümumi mümkünlük şərti ödənilmədiyindən, iddiaçının hazırkı məzmunda iddia qaldırmaq üçün subyektiv hüququ istisna edilir.
34. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
36. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
37. Hazırkı mübahisədə təhvil verilməsini tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
38. Əksinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2108/2024 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı İttifaqın adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış torpaq sahələri üst-üstə düşmür.
39. Beləliklə apellyasiya araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 təhvil verilməsi tələb edilən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, həmin torpaq sahəsinin tələb edilməsi üçün iddiaçı subyektiv hüquqa malik deyil. h) apellyasiya baxışının nəticəsi
40. Göründüyü kimi apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Məhkəmə həmçinin bildirir ki, iddia tələbinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, cavabdeh tərəf və üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
43. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
44. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbaycan Əczaçılar İttifaqının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Əczaçılar İttifaqı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.