Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3700/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1365/2021 saylı, 19 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1365/2021 saylı, 19 avqust 2021- ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu əlavə edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, şikayət geri qaytarılması üçün mülki iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi qeyd edilənlərə əsasən Cavabdeh verdiyi apellyasiya şikayətini 04 dekabr 2021-ci il tarixdə geri qaytarmışdır. Bundan sonra Cavabdeh 23 fevral 2022-ci il tarixdə elektron qaydada verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə baxılması üçün 13.04.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki halda Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyil. Belə ki, mülki iş materiallarında olan reyestrdən görünür ki, mübahisələndirilən 19.08.2021-ci il tarixli qətnamə poçt vasitəsilə Cavabdeh 31.08.2021-ci il tarixdə göndərilmiş, lakin “evdə yoxdur” qeydi ilə poçt zərf geri qayıtmışdır. (iş/vər.59-60) Sonradan Cavabdeh qətnamənin surətini qəbzə imza etməklə 14.10.2021-ci il tarixdə rəsmi qaydada almışdır. (iş/vər. 63a) Həmçinin, mülki iş materiallarından görünür ki, cavabdeh ilk dəfə apellyasiya şikayətini 18.10.2021-ci il tarixdə vermiş, daha sonra birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli qərardadına əsasən 07.12.2021-ci il tarixdə şikayəti geri qaytarmış, cavabdeh isə növbəti dəfə 23.02.2022-ci il tarixdə yenidən elektron qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, şikayətə prosessual müddətin bərpa edilməsinə dair vəsatət də əlavə etməmişdir. Birinci instansiya məhkəməsi isə aradan iki aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdehin ikinci dəfə (23.02.2022-ci il tarixdə) verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi məsələsini yoxlamamış, sadəcə şikayətin prosessual normalara riayət edilərək verilməsi barədə qərardad qəbul etməklə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya qeyd edir ki, cavabdeh ilk dəfə qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş 1 ay müddətində versə də, bu nöqsanlı olmuş (04.12.2021-ci il tarixdə şikayət geri qaytarılmış), nöqsan aradan qalxdıqdan sonra isə növbəti dəfə apellyasiya şikayətini ağlabatan müddətdə verməmiş (23.02.22-ci il tarixdə) və şikayəti 2 ay yarımdan sonra verməsinin hər hansı üzrlü səbəblərini qeyd etməmış, şikayətə müddətin bərpa edilməsinə dair vəsatət də əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.12.2006-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin 13.02.2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1365/2021 saylı, 19 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3700/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3700/2022
15.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver