Məhkəmə qərarları › İş №2(103)-3701/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3701/2023

16.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3701/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 Əlisəfa qızına və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 Əlisəfa qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, X.R. Ulutürk küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi xx.xx.2012-ci il tarixdə əvvəlki sahibi Sədəf Həmzəyevadan satın almışdır. Kürəkəni - Cavabdeh3 Salyan rayonunda yaşamış, Bakıda yaşamağa yeri olmadığı üçün ona özünə məxsus evdə yaşamağa icazə vermişdir. Nəvəsi olduqdan sonra qudaları - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəvələrini görmək üçün tez-tez Bakıya gəlməyə başlamış, Bakıda yaşamağa yerləri olmadığınadan həmin vaxtlar ona məxsus evdə qalmışlar. Nikahın pozulmasından sonra cavabdehlər onun gözdən əlil və köməksiz olmasından istifadə edərək onu və qızını evdən qovaraq evi zəbt etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, nəticə hissəsində iddiaçıya qarşı irəli sürdüyü mübahisəli evlə bağlı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddiaya baxılıb qurtaranadək təxirə salınmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı keçmiş qudası olmuş, həmin evin alınmasında çox hissə iddiaçı tərəfindən ödənilsə də, aralarındakı razılaşmaya əsasən borc kimi hesablanmış və onun tərəfindən hissə-hissə qaytarılmışdır. Belə ki, o, evin alınması zamanı ilkin olaraq maklerə 150 manat, iddiaçıya 2100 manat vermiş, qalan 13 100 manatı isə hissə-hissə qaytarmış, iddiaçının evini 1500 manatlıq təmir etdirmişdir. Mübahisəli ev alınanda 1 otaq və qarşısında balaca mətbəxdən ibarət olmaqla, sahəsi təxminən 48 kv.m olmuş, o, 2014-cü ildə həmin evi sökərək yerində 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəx tikərək təmir etmişdir. Hazırda evin sahəsi 96 kv.m-ə yaxındır. Bütün bunlara 12.650 manat xərci çıxmışdır. Aldığı evin sökülüb yerində daha böyük ev tikilməsi və təmiri ümumilikdə 29.500 manata başa gəlmişdir. İddiaçının qızı ilə oğlunun nikahı pozulduğundan iddiaçı onlardan evi boşaltmağı tələb etmiş, o isə pullarını ödəyəcəyi halda evdən çıxacağını bildirmişdir. Lakin iddiaçı evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermişdir. Hazırda iddiaçıya qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun ödənilməsi” tələbinə dair iddia qaldıraraq, məhkəmədən xahiş etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun evdən çıxarılmasının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilsin. Hazırda yaşamağa başqa yeri yoxdur, iddiaçıya inanaraq Salyandakı evini satıb bu evin xərclərini ödəmişdir, iddiaçının isə özünün ayrıca yaşadığı evi vardır. Maddi imkanı aşağıdır və kirayə tutmağa belə imkanı yoxdur. Odur ki, iddiaçıya qarşı iddia tələbinə baxılıb qurtaranadək hazırkı qətnamənin icrasının təxirə salınmasını xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının cavabdehi evdən çıxarmaq tələbi əsaslı sayılsa belə, sonuncunun evə qoyduğu yaxşılaşdırmaları geri almaq tələbinin bu iş üzrə iddianın həllinə təsiri, o cümlədən yaxşılaşdırmaların əvəzini almadığı halda cavabdehin yaşayış sahəsini öz sahibliyində saxlamaq hüququnun olubolmaması müzakirə edilməli, gəlinən nəticə əsaslandırılmalı, Cavabdeh1 əsassız varlanma iddiası üzrə işə apellyasiya instansiyası məhkəməsində baxıldığı halda isə işlər eyni icraatda birləşdirilməklə məsələyə bütövlükdə hüquqi qiymət verilməlidir. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim M. Rüstəmli) icraatındadır. İşin materiallarını araşdıraraq və kassasiya instansiyası məhkəməsinin göstərişini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması”, habelə prosessual qənaət prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 Əlisəfa qızına və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(103)-3701/2023 saylı mülki iş, Cavabdeh1 İddiaçı qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair 2(103)-745/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar