Məhkəmə qərarları › İş №2(103)-3702/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3702/2024

04.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3702/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmək haqqı, istidafə edilməmiş məzuniyyətə görə kompensasiya tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-746/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 300 manat məbləğdə əmək haqqı ödənilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 05 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən tərəflər xx.xx.2021-ci il tarixdən dəzgahçı vəzifəsində işləyən işçi İddiaçı vəzifə maaşının 500 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar.

2. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, ona xx.xx.2019- xx.xx.2020-ci il tarixi dövrü üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 12-m №-li əmrinə əsasən İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmiş və Cavabdeh MMC-nin məzuniyyətin hesablanması barədə çıxarışın surətinə əsasən İddiaçı ödənilən məbləğ 528,15 manat olmuşdur.

4. "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı 2022-ci ilin may ayı üzrə 791,13 manat əmək haqqı ödənilmişdir.

5. "xxxx" MMC və İddiaçı arasında bağlanmış əmək müqaviləsi cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilmişdir.

6. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçının işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi məzuniyyət və son haqq-hesab üzrə ödəniş kimi iddiaçıya 673,17 manat ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (bundan sonra cavabdeh və ya MMC) iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixdən xx.xx.2022ci il tarixinə kimi olan dövr üzrə istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi olaraq kompensasiya məbləğinin, həmin kompensasiya məbləğinin onun sonuncu iş günü ödənilmədiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan tarixədək ödənilməli olan kompensasiya məbləğinin hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin, dəymiş 1.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun "xxxx" MMC-də işlədiyi xx.xx.2016-cı il – xx.xx.2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun "xxxx" MMC-də işlədiyi xx.xx.2016-cı il – xx.xx.2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və xx.xx.2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun cavabdeh MMC-də işlədiyi xx.xx.2019-cu il xx.xx.2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun cavabdeh MMC-də işlədiyi xx.xx.2019-cu il-xx.xx.2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və xx.xx.2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, habelə ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdeh MMCnin xx.xx.2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə xitam verilsə də, onun sonuncu iş günü yəni xx.xx.2022-ci il tarixdə onun istifadə edilməmiş məzuniyyət haqqı ödənilməmiş, onun son haqq-hesabı düzgün aparılmamışdır. O, mübahisə ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh tərəfindən təklifə müsbət cavab verilməmişdir. Bununla bağlı mediasiya arayışı da verilmiş, onun tərəfindən mediasiyaya görə 50 manat, habelə hüquqi yardıma görə 200 manat ödəniş edilmişdir. Qeyd olunmuşdur ki, tərəflər arasında barışıq əldə olunmamışdır. İş üzrə verilmiş ekspert rəyi ilə razıdırlar. Həmin rəydə hər şey qeyd olunmuş, cavabdeh tərəfindən ona ödənilməmiş ümumi məbləğ hesablanmışdır. Ödənilməmiş gecikdirilmiş məbləğə görə faizlə bağlı olan hissə isə icrada həll olunacaqdır. Həmin məbləğin hesablanmasına tərəflər arasındakı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır.

10. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz edərək bildirmişdir ki, "xxxx" MMC iddiaçı ilə əmək müqaviləsi bağladığı dövrlərdə ümumiyyətlə cavabdeh MMC adında qurum dövlət qeydiyyatından keçməmiş və belə bir qurum yaradılmamışdır. Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Yəni 2019-cu ildə "xxxx" MMC öz öhdəliklərini cavabdeh MMC-yə keçirməmişdir. Cavabdeh MMC həmin dövrdə yeni yaradılmış ayrıca bir qurum olaraq fəaliyyət göstərmişdir. Qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh MMC-nin 18/k saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən iddiaçı ilə cəmiyyət arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqı 300 manat olmaqla cəmiyyətin dəzgahçı vəzifəsinə işə qəbul olunmuş, bundan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 500 manat və xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqı 800 manat artırılmışdır. Cavabdeh MMC-nin 167/6 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, cavabdeh MMC iddiaçının sonunçu iş günü, yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçının istifadə edilməmiş məzuniyyət haqqısını hesablamamış və həmin məbləği iddiaçıya ödəməmişdir. Bununla bağlı qeyd olunmuşdur ki, iddiaçı cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və həmin əmək müqaviləsinə əsasən onun ilkin olaraq əmək haqqısı 300 manat məbləğində müəyyən edilmiş və MMC-də xx.xx.2019-cu il tarixindən dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir. Onun məzuniyyət üzrə iş ilini xx.xx.2019 – xx.xx.2020-ci ildən ibarət dövr əhatə etmiş və əsas məzuniyyətinin müddəti 21 təqvim günü müəyyən edilmişdir. Belə ki, iddiaçı cavabdeh MMC-də dəzgahçı vəzifəsində işlədiyi dövrdə onun tərəfindən xx.xx.2022-ci il tarixində cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun tərəfindən xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri üzrə dövrü əhatə edən iş ili üçün istifadə etmədiyi 21 təqvim günü üçün ona əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini xahiş etmiş və MMC-nin 12-m nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçıya 528,15 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. Göründüyü kimi cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən yuxarıda qeyd olunan iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə iddiaçıya 528,15 manat məbləğində kompensasiya ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinin məzmununda qeyd edilmişdir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Bundan sonra iddiaçı cavabdeh MMC-də dəzgahçı olaraq işlədiyi dövrdə, yəni xx.xx.2022-ci il tarixində MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixindən ona ödənişsiz məzuniyyət verilməsini xahiş etmiş və MMC-nin 102/1 xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il tarixləri dövrünü əhatə edən iş ili üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilmiş və onun işə başlayacağı tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Beləliklə göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixindən öz ərizəsinə əsasən 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyətə çıxmış və xx.xx.2022-ci il tarixində işə başlayacağı təqdirdə iddiaçı heç bir üzürlü səbəb göstərmədən, dəfələrlə çağırılmağına baxmayaraq 2022-ci ilin sentyabr ayının 12-nə qədər işə gəlməmiş və nəticədə cavabdeh MMC tərəfindən iddiaçıya 443/M nömrəli xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu yazılmaqla bildirilmişlər ki, “işə gəlməməyinizin səbəbini 2 iş günü ərzində bildirməyinizi xahiş edirik. Əks halda iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəkdir.” Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh MMC-yə gələrək, öz ərizəsi əsasında MMC-dən xx.xx.2022-ci il tarixində işdən azad edilmiş və MMC-nin 167 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən MMC ilə aralarında bağlanılmış müqaviləyə xitam verilmiş və iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət haqqı olaraq, son haqq-hesab olan 673,17 manat məbləğində pul iddaçıya ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd etmişlər ki, göründüyü kimi cavabdeh MMC tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmiş və iddiaçı işdən azad edilən zaman onunla qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmış və qalan məbləğ MMC tərəfindən iddiaçıya son haqq-hesab zamanı ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi olaraq kompensasiya məbləğinin, həmin kompensasiya məbləğinin iddiaçının sonuncu iş günü ödənilmədiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan tarixədək ödənilməli olan kompensasiya məbləğinin hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin iddiaçıya ödənilməsi hissəsində iddia ərizəsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Hazırki mübahisədən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmiş, iddiaçı MMC-dən işdən azad edilən zaman onunla son haqq-hesab aparılmış və MMC-nin iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq ödənilməmiş kompensasiya məbləği qalmamışdır. Belə olan halda da görünür ki, işəgötürən tərəfindən əmək haqqının ödənilməsində gecikdirilmə halları olmamış və nəticədə MMC tərəfindən iddiaçıya hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin ödənilməsindən söhbət gedə bilməz. Bundan əlavə iddiaçının iddia tələbinin “cavabdeh tərəfindən ona dəymiş 1.000 (bir min) manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, bu hissədə də iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir, ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir.

11. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/713 saylı rəyinə əsasən, İddiaçı 01 oktyabr 2019-cu il tarixdən 13 sentyabr 2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əlavə olaraq hesablanmalı ümumi 2.610,66 manat hesablanmış məbləğ olmaqla 1.751,88 manat əmək haqqı, 214,62 manat məzuniyyət haqqları və 644,16 manat son haqq-hesab təşkil etdiyi müəyyən edilmişdir.

12. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin “AZEMİS” elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqi barədə ərizə yerləşdirirək, ərizədə iddiaçının cavabdeh MMC-yə qarşı “əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 746/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 1.751,88 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab məbləği olmaqla, cəmi 2.610 manat 66 qəpik və ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödəncin ödənilməsi, vurulmuş mənəvi zərərə görə isə 200 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və mediasiya xərci kimi ödənilmiş 50 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı üzrə 17.990,91 manat hesablanmalı olduğu halda 16.239,03 manat, istifadə edilməmiş məzuniyyətə görə 742,77 manat pul əvəzi hesablanmalı olduğu halda 528,15 manat, son haqq-hesab və qalıq məzuniyyət günləri üzrə 1.397,50 manat hesablanmalı olduğu halda 753,34 manat hesablanmışdır, nəticədə əmək haqqı üzrə yaranmış fərq 1.751,88 manat, istifadə edilməmiş məzuniyyətə görə yaranmış fərq 214,62 manat, son haqq-hesab üzrə yaranmış fərq 644,16 manat təşkil edir. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

15. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin” ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir: belə ki, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş əmək haqqına görə onun işdən çıxdığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş hər gün üçün 1 % hesablanmaqla ödənc ödənilməlidir.

16. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçı vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 200 manat həddində qiymətləndirilməlidir.

17. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün saymışdır.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi, 3-cü maddəsinin 4-1 hissəsinə, 68, 69-cu maddəsinin 2-ci hissəsinə, 70, 73, 74, 75, 83-cü maddələrinə, 131-ci maddəsinin 1-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 139-cu maddəsinin 2-ci hissəsinə, 143-cü maddəsinin 2-ci hisəsinə,144, 172-ci maddəsinin 4 və 5-ci hissələrinə,196-cı maddəsinin 5-ci, 288-ci maddəsinə, 290-cı maddəsinin 3-cü, 292-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115, 119.1, 121.1, 124.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsinə aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının məhkəmə iclası zamanı verdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsini qəbul edərək işə mahiyyəti üzrə baxmış, halbuki iddiaçının ərizəsi üzrə artırılan tələb məhkəmədən əvvəl mediasiya prosesindən keçməmişdir və bununla da birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəllənin normalarını pozmuşdur. Qeyd olunmuşdur ki, məhkəmə zamanı iddiaçı iddia tələbini artıraraq əlavə olaraq əmək haqqlarının tutulmasını da məhkəmədən xahiş etmişdir. Lakin “əmək haqqı” üzrə mübahisə ümumiyyətlə mediasiya prosesindən keçməmiş və həmin tələb müzakirə edilməmişdir. Halbuki, məhkəmə qətnaməsinin nəticə hissəsindən görünür ki, elə cavabdeh MMC-dən tutulması qət edilən 2.610,00 manat məbləğdən əksər hissəsini, yəni 1.751,88 manat hissəsini əmək haqqı təşkil etmişdir. Məhkəmə isə kobud qanun pozuntusuna yol verərək mediasiya prosesindən keçməyən “əmək haqqı” tələbi üzrə işə baxaraq iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən yalnız əsas kimi ekspertiza rəyini götürmüş və həmin rəyi digər iş üzrə mövcud olan sübutlar kimi tədqiq etməmişdir. Ekspert rəyinə əsasən hesablanmış yekun məbləğdən Dövlət Sosial Müdafiə Fondunun hesabına tutulan ödənişlər (işsizlik, icbari tibbi sığorta, məcburi sosial sığorta haqqları) nəzərə alınmamış və hesablanmamışdır. Halbuki, qeyd edilən məsələ ilə bağlı cavabdeh əlavə ekspertizanın keçirilməsi barədə vəsatət versə də, məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmiş və ekspertin yol verdiyi nöqsanı aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmi n Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanunvericilik əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edib və belə tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalı olduğu göstərilmişdir. Belə ki, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bildirilir ki, iddiaçı hüququnun xx.xx.2016-cı il tarixindən pozulduğunu iddia edir, lakin xx.xx.2022-ci il tarixində işdən çıxdıqdan sonra xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onu göstərir ki, iddiaçının hüququnun pozulmasını iddia etdiyi gündən 1 ildən artıq müddət keçmişdir və belə olan halda görünür ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarix xx.xx.2022-ci il tarixidir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2021-ci il tarixindən başlayaraq tətbiq edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, hazırki iş üzrə mahiyyət etibarı ilə eyni olan və vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin 2(102)- 1903/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarını məhkəmənin diqqətinə çatdırırmışdır. Belə ki, həmin Qərarla Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyi tarixlərə münasibətdə cavabdeh tərəfindən ödənilməmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Beləliklə, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə versə də, məhkəmə həmin ərizəyə ümumiyyətlə məhəl qoymamış, əmək haqqının və istifadə edilməmiş məzuniyyət haqqların hesablanması ilə bağlı təyin edilmiş mühasibatlıq ekspertizası öz rəyində hətta 1 illik iddia müddəti keçmiş 2021-ci ilin oktyabr ayı üzrə əmək haqqını nəzərə almış, məhkəmə isə qeyd edilən hallara belə hüquqi qiymət verməmiş, ekspertiza rəyini ümumiyyətlə düzgün tədqiq etməmiş və 1 illik iddia müddəti keçmiş əmək haqqlarına dair iddia tələbini təmin etmişdir. Ekspertiza rəyin cədvəl hissəsinə baxdıqda görünür ki, ekspertiza 1 illik iddia müddəti keçmiş 2021-ci ilin oktyabr ayı üzrə ödənməmiş 80,00 manat əmək haqqını belə nəzərə almış, məhkəmə isə buna diqqət yetirməmiş və həmin rəyi digər sübutlarla birlikdə tədqiq etmədən öz qətnaməsində əsas kimi götürmüşdür. Bundan başqa, cavabdeh iddiaçının iş saatların uçotunu aparmış və bunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Həmin cədvəllərdən də görünür ki, iddiaçı hansı saatlarda və günlərdə işə gəlməmiş, lakin bunu təkzib edən əks sübutları isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının əsas iddia tələbi üzrə dəlilləri əsassız və qanunsuz olduğundan, həmin tələbdən irəli gələn gecikdirilmiş günlərə görə 1 faiz ödənc və vurulmuş mənəvi ziyan tələbi də əsassız kimi qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və E.Kazımovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, tərəflərin arasında əmək münasibəti olub, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək cavabdeh təşkilatda dəzgahçı vəzifəsində işləyib, əmək müqaviləsi cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/713 nömrəli rəyinə görə, cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyi var. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 135-ci maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 1-ci hissəsi və 172-ci maddəsinin 5-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməyib. Belə ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilib, hazırkı iddia isə 2 ay 16 gün sonra - xx.xx.2022-ci ildə verilib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci, 135-ci maddəsinin 2-ci, 156-cı maddəsinin 1-ci, 172-ci maddəsinin 5-ci və 296-cı maddəsinin 4-cü hissələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

25. Qətnamədən cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-1049/2024 nömrəli qərarı ilə (hakimlər Z.B.Babayevin məruzəsi ilə, Ə.G.Nurməmmədov və A.Q.Hüseynovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə qismən razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin “AZEMİS” elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqi barədə ərizə yerləşdirirək, ərizədə iddiaçının iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, lakin işə baxmış birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə həmin ərizəyə hər hansı münasibət bildirməmiş, ümumiyyətlə həmin ərizəni diqqətdən kənarda saxlamışdır.

28. Qeyd olunan ərizədə iddia müddətinin xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üzrə tətbiqi xahiş olunsa da, apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə həmin ərizəyə düzgün hüquqi qiymət verməmiş, formal olaraq iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsini, hazırkı iddianın isə 2 ay 16 gün sonra - xx.xx.2022-ci ildə verilməsini qeyd edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad etsə də, iddiaçının iddia müddətini ötürmədiyini göstərmişdir.

29. Lakin məhkəmə kollegiyasının qənaətinə görə iddia müddəti tətbiq olunmayan son bir illik müddət, yəni iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki bir illik müddət istisna olmaqla, xx.xx.2021-ci il tarixdən əvvəlki dövrə görə cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyinin olması ilə bağlı nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olmamışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda, məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünə görə, apellyasiya instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etdiyi halları müzakirə etməməkdə haqlı olmamış, iddia müddətinə düzgün hüquqi qiymət verməmişdir.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilən məbləğlərin hesablanması və ödənilməsi ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəyə əsaslanmış, lakin həmin rəyin əsaslı olub-olmamasına hər hansı münasibət bildirməmişdir.

32. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçının işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi məzuniyyət və son haqqhesab üzrə ödəniş kimi iddiaçıya 673 manat ödəniş edilmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixli ekspert rəyində iddiaçıya 214,62 manat məzuniyyət haqqı və 644,16 manat son haqq-hesab üzrə ödəniş edilməli olması göstərilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəyinə əsaslanmaqla cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyinin olmasını qeyd etsə də, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə 673 manat məzuniyyət və son haqq-hesab üzrə ödəniş edilməsinin nəzərə alınıb-alınmamasını, ümumiyyətlə həmin məbləğlərin iddiaçıya ödənlib-ödənilməməsini aydınlaşdırmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5674 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən hesablanmış 4.435,03 manat, tutulmalar nəzərə alınmaqla ələ çatacaq 3.986,65 manat məbləğində əmək haqqının ödənildiyi müəyyən edilir. Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı məbləği müəyyən edilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı son haqq-hesab olaraq xx.xx.2022-ci il tarixli əmrə əsasən 41 təqvim günü üçün hesablanmalı məbləğ 753,34 manat (6702.91 /12/30.4*41), tutulmalar nəzərə alınmaqla ələ alacaq məbləğin həcmi isə 673,17 manat məbləğində müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən müəssisə tərəfindən hesablanmış 753,34 manat, tutulmalar nəzərə alınmaqla ələ alacaq 673,17 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən edilir.

Proses iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

37. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 83. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 135. 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154. 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156. 1-ci hissə. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 172. 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

42. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdeh qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

44. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üçün əhəmiyyəti olan bütün hallar araşdırılmamış, nəticədə işin hallarına uyğun gəlməyən qətnamə qəbul edilmişdir.

45. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, işçi İddiaçı xx.xx.2019-cu il tarixdən cavabdeh təşkilatda dəzgahçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə müraciət edərək, xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmiş, sonuncunun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 167 №-li əmri ilə işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” - tərəflərdən birinin təşəbbüsü - bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi və işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib K.Qəribovaya həvalə edilməsi əmr edilmişdir.

46. İşdən həmçinin müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi xitam verilən tarixədək, yəni xx.xx.2022-ci il tarixədək üzürlü səbəblər göstərmədən iş yerinə gəlməmiş, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçının işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi məzuniyyətə görə ona 673,17 manat ödəniş edilmişdir (iş 3-cü cild, s. 40-47, 144).

47. Hazırda iddiaçının tələbinin bir hissəsi ona əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesab üzrə hesablanmalı olan məbləğ ilə ödənilmiş məbləğ arasında yaranmış fərqin, həmçinin gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlıdır.

48. İşdən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin “AZEMİS” elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqi barədə ərizə yerləşdirirək, ərizədə iddiaçının iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmiş, lakin işə baxmış birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə həmin ərizəyə hər hansı münasibət bildirməmiş, ümumiyyətlə həmin ərizəni diqqətdən kənarda saxlamışdır.

49. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki bir illik müddət istisna olmaqla, xx.xx.2021-ci il tarixdən əvvəlki dövrə görə cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyinin olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olmamışdır.

50. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

51. Apellyasiya araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla ekspert qarşısında məhz xx.xx.2021-ci il tarixdən iddiaçının işdən azad olunan tarixədək cavabdeh tərəfindən ödənilməmiş əmək və məzuniyyət haqqı ilə bağlı, habelə iddiaçıya ödənilmiş son haqq-hesabın cavabdeh tərəfindən düzgün hesablanıb-hesablanmaması ilə bağlı suallar qoyulmuşdur.

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya məbləği müəyyən edilməmişdir. Həmçinin, son haqq-hesab olaraq istifadə edilməmiş 41 təqvim günü məzuniyyətə görə ödənilməli olan məbləğ - 673,17 cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

53. O da qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab olaraq ödənilmiş 673,17 manat məbləğində vəsait əmək haqqı deyil, istifadə edilməmiş 41 təqvim günü məzuniyyətə görə kompensasiya olmuşdur.

54. Yuxarıda şərh olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq ödənilməli olan bütün ödənişlər həyata keçirilmişdir.

55. Belə olan halda, iddiaçının cavabdehdən əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesab üzrə hesablanmalı olan məbləğ ilə ödənilmiş məbləğ arasında yaranmış fərqin, həmçinin gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin tutulması tələbi əsassız olduğundan təmin edilə bilməz.

56. Bu tələblər təmin edilmədiyindən, iddiaçının digər tələbləri – mənəvi zərərin əvəzinin ödənilməsi, hüquqi yardıma və mediasiyaya görə ödənilmiş xərclər tələbləri də təmin edilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-746/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 250 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 26 manat məbləğində dövlət rüsumunun məbləği İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar