Məhkəmə qərarları › İş №2(103)-3704/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3704/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3704/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil Oqtay oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02.05.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun ondan qəbul olunması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı, 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsinin "xxxx" MMC-yə həvalə olunması və müqavilədə nəzərdə tutulan aylıq 300 manat kirayə haqqı məbləğinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-389/22) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. Cavabdeh “Rahatlığın Məkanı" MMC ilə onun arasında 02.05.2017-ci il tarixli müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən o, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı, 45.5 kv.m yaşayış sahəsi olan mənzili, onun istəyinə əsasən ödəniş şərtilə həmin mənzilin sahəsinə əlavə olaraq 17.5 kv.m., yəni cəmi 63 kv.m yaşayış sahəsi olan 54 nömrəli mənzili orta təmirli vəziyyətdə istifadəsinə vermək barədə öhdəlik götürüb. Əlavə kvadrat sahəsinə görə ödəniş 22000 manat nəzərdə tutulub. Müqavilənin 2.3 bəndinə əsasən mənzil tikintisi başa çatdıqdan sonra onun istifadəsinə verilməli idi. Hazırda müqavilədə nəzərdə tutulan yaşayış binası tam tikilib sakinlərin istifadəsinə verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini icra etməkdən imtina edir. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulan 22000 manat pulu qəbul etməkdən, müqavilədə nəzərdə tutulan 8-ci mərtəbədəki, 2 otaqlı, 54 nömrəli mənzili təhvil verməkdən, həmçinin kirayə xərci olan 300 manatı ödəməkdən imtina edir. Qeyd etdiyi 02.05.2017-ci il tarixli müqavilə qüvvədədir və rəsmi qaydada ləğv edilməmişdir. Bundan başqa, ələvə ödənilməli olan 22000 manat pulun hansı tarixdə ödənilməli olması barədə müqavilədə konkret öhdəlik nəzərdə tutulmamışdır. Aralarında yaranan mübahisənin danışıqlar yolu ilə həll olunması üçün həyat yoldaşı ilə birlikdə cavabdehin ofisinə yaxınlaşmışdır. Lakin 54 saylı mənzildə digər şəxslərin olduğu müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən həmin mənzilə baxış keçirilərkən 54 nömrəli mənzildə digər şəxslərin yaşaması bildirilsə də həmin mənzilin satılması və ya kirayəyə verilməsinə dair hər hansı bir sənəd təqdim edilməmiş və baxış zamanı mənzildə heç kim olmadığından mənzilə baxış keçirilməsi mümkün olmamışdır. 54 nömrəli mənzilə dair iddiaçının adına olan müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmədən həmin mənzilin digər şəxsə verilməsi qanunsuzdur. Cavabdehin nümayəndəsi iddian qəbul etməmiş və bildirmişdir ki, iddiaçı müqavilədə nəzərdə tutulan 22000 manat pulu ödəməkdən imtina etdiyindən mənzil təhvil verilməmişdir. Həmin mənzil tam təmirli vəziyyətdədir. Sahəsi 45.5 kv.m-dir. Təmsil etdiyi müəssisə həmin mənzili istənilən an ona təhvil verməyə və sənədləşdirməyə zəmanət verir. 02.05.2017-ci il tarixdə cavabdehin ödəməli olduğu 22000 manat pul hal-hazırda əvvəlki dəyərini xeyli itirmişdir. İddiaçı vaxtında həmin məbləği ödəmədiyi üçün müqavilə öhdəliklərini pozmuşdur və həmin tarixdən kirayə haqqını tələb etmək hüququnu da itirmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, şahid ifadələrini nəzərə almamışdır. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiyainstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Tərəflər arasında bağlanmış 25.10.2014-cü il tarixli müqavilənin məzmunundan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan binada 13-cü mərtəbədə 1 otaqlı, 47.18 kv.m. sahəsi olan 219 nömrəli mənzili orta təmirli vəziyyətdə iddiaçının istifadəsinə vermək barədə öhdəlik götürüb. Cavabdeh ilə bağlanmış 02 may 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı istifadəsində olan sözegedən yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı, 45.5 kv.m yaşayış sahəsi olan mənzili, onun istəyinə əsasən ödəniş şərtilə həmin mənzilin sahəsinə əlavə olaraq 17.5 kv.m., yəni cəmi 63 kv.m yaşayış sahəsi olan 54 nömrəli mənzili orta təmirli vəziyyətdə istifadəsinə vermək barədə öhdəlik götürüb. Əlavə olunan 17.5 kvm sahəyə görə ödəniş 22000 manat nəzərdə tutulub. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi tərəflər arasında bağlanmış 02.05.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun ondan qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, mənzilin boşaldılaraq ona təhvil verilməsinin cavabdehə həvalə olunması və müqavilədə nəzərdə tutulan aylıq 300 manat kirayə haqqı məbləğinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək cavabdehdən onun xeyrinə tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı 02 may 2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etmədiyi üçün (2019-cu il tarixdə mənzil ona hazır vəziyyətdə təklif olunarkən 22000 manatlıq əlavə ödənişdən imtina etdiyi üçün) cavabdeh haqlı olaraq müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Məhkəmə hazırda cavabdehin iddiaçıya mübahisəli yaşayış sahəsinin əvəzinə 2 saylı binada tam təmirli, yaşayış sahəsi iki dəfədən artıq olan 45.5 kv.m bir otaqlı mənzil təklif etdiyini, iddiaçının isə həmin mənzili qəbul etməməsini və 2 il müddətində əlavə ödəniş etmədən 63 kv.m. yaşayış sahəsini icrarla tələb etməməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. 300 manat kirayə haqqı məbləğinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək cavabdehdən onun xeyrinə tutulmasına dair iddia tələbinə qiymət verərkən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən xitam verildiyindən bu hissədə də iddia tələbi əsassızdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3, 18-ci, Mülki Məcəlləsinin 16.1, 152.6, 560-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Mülki Məcəlləyə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir (427.5). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarını hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiq edərək bu qənaətə gəlir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri olduğundan və cavabdeh iddiaçı qarşısında öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış 02.05.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı istifadəsində olan yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan binada yeni mənzili iddiaçının istifadəsinə vermək, əlavə sahəyə görə 22000 manat ödənişi qəbul edəcəyinə və aylıq kirayə xərci olan 300 manatı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yaşayış sahəsini boşaldıb cavabdehə təhvil versə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək nəzərdə tutulan mənzili iddiaçının istifadəsinə verməmiş və kirayə haqqının ödənilməsini dayandırmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilədə 22000 manat pul vəsaitinin nə vaxt ödənilməsinə dair konkret müddəa (şərt) nəzərdə tutulmamışdır. İşdə olan məlumatlara və sənədlərə əsasən iddiaçı hələ 2019-cu ildə cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə müxtəlif orqanlara, o cümlədən prokurorluğa müraciət etmiş və Bakı şəhər Prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmışdır. Cavabdeh bundan sonra da öhdəliyi icra etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsi ilə də müəyyən olunur ki, iddiaçı 2020-ci ildə ödəməli olduğu 22000 manat pul vəsaitini cavabdehə ödəmək istəmiş, lakin cavabdeh qəbul etməmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehin müqavilə şərtlərini tam yerinə yetirmək və iddiaçıya müqavilədə göstərilən 63 kv.m.yaşayış sahəsini iddiaçının istifadəsinə vermək niyyəti olmamışdır. Cavabdehin məqsədi iddiaçıya yalnız 45.5 kv.m sahəsi olan bir otaqlı mənzil verməkdən ibarətdir ki, bu da tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun deyil. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı mübahisəli 54 saylı mənzilə dair üçüncü şəxslərlə müqavilə bağlanılması, yaxud mənzilin üçüncü şəxsin istifadəsinə verilməsinə dair hər hansı hal müəyyən edilmədi. Bununla bağlı cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilmədi. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə 04 fevral 2022-ci il tarixdə yerli baxış keçirmək istəsə də, mənzilin qapısı bağlı olduğundan bu da mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı sayılmaqla qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4-cü maddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 02.05.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun İddiaçı qəbul olunması və müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı, 63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi "xxxx" MMC-yə həvalə olunsun. 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMC-dən aylıq 300 manat kirayə haqqı tutulub İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar