Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3705/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh İsmayıllı rayon notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həll edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh İsmayıllı rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək mərhum valideynlərindən miras qalmış İsmayıllı şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(037)-816/2021 saylı qərardadı ilə həmin mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Ərizəçi Bakı şəhəri Sabunçu rayonunda pasport qeydiyyatında olmaqla orada yaşadığından və iddia tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi ilə bağlı olmadığından, mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti mübahisələndirilmiş və iş ərazi aidiyyətinə dair fikir ayrılığı məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, mülki prosessual qanunvericiliyə əsasən xüsusi icraat qaydasında işlərə o zaman iddia icraatı qaydasında baxılır ki, məhkəməyə aid hüquq haqqında mübahisə mövcud olsun. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş və İsmayıllı rayon notariat kontorunu cavabdeh qismində cəlb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verildiyindən, hazırkı iddiaya İsmayıllı rayon notariat kontorunun olduğu yerin məhkəməsində, yəni İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 305.1.1 və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizəçi iddia ərizəsindən və iş materiallarından görünür ki, ərizədə tərəflər iddiaçı və cavabdeh kimi göstərilsə də, məhkəməyə aid hüquq haqqında mübahisənin olması görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, notariat orqanının miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etməsi məhkəməyə aid hüquq haqqında mübahisənin olması anlamını vermir. Ərizəçi iddia ərizəsində İsmayıllı rayon notariat kontoru cavabdeh qismində göstərilsə də, həmin notariat kontoruna qarşı hər hansı tələb irəli sürülməmişdir. Ərizənin məzmunundan da görünür ki, ərizə faktiki olaraq xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir. Xüsusi icraat qaydasında baxılmalı olan iş üzrə ərizədə tərəflərin ərizəçi və maraqlı şəxs kimi yox, iddiaçı və cavabdeh kimi göstərilməsi ərizənin forma və məzmununa riayət edilməməsi kimi qiymətləndirilə bilər və mülki işə baxılarkən Ərizəçi ərizənin forma və məzmununun mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təklif edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi Bakı şəhəri Sabunçu rayonunda pasport qeydiyyatında olmaqla orada yaşadığından və iddia tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi ilə bağlı olmadığından, iddiaçı Ərizəçi cavabdeh İsmayıllı rayon notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ərizəçi cavabdeh İsmayıllı rayon notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3705/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3705/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver