Məhkəmə qərarları › İş №2(103)-3706/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3706/2024

16.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3706/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər : («mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, X2 qızının tərcüməçiliyi, cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-211/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-211/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi, ödənilmiş 100manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228; Mənzil Məcəlləsinin 30; Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4, 218; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2011-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, tərəflərin məhkəmə iclaslarındakı izahatlarından və iş materiallarından göründüyü kimi, cavabdeh müvafiq ünvanda xx.xx.2016-cı il tarixdən daimi qeydiyyatdadır. Cavabdehin mübahisə predmeti olan mənzillə bağlı münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinin normaları əsasında həll edilməlidir. Həmçinin, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Yuxarıda sadalalanan qanunvericilik normalarına əsasən, hazırki mülki işdə cavabdeh iddiaçının yaxın ailə üzvü,yəni cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyil, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmamışdır. Sadalanan qanunvericilik normalarını, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, hal-hazırda cavabdehin uzun müddət həmin ünvanda yaşamadığını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını nəzərə alaraq, iddia təmin edilməli, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Həmçinin, ünvan 2anvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin müvafiq ünvana yalnız köçürülməsi nəzərdə tutulmuşdur ki, həmin vaxtı iddiaçı özü iddianın təmin edilməsinə, yəni cavabdehin onun mənzilinə köçürülməsinə razı olmuş, yəni iddianı etiraf etmişdir. Lakin həmin qətnamə ilə cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqları tanınmamışdır. Yəni hazırda cavabdehin uzun müddət başqa ünvanda yaşamadığından (cavabdeh özü də bu halı məhkəmə iclasında etiraf etmişdir), eyni zamanda mübahisə predmeti olan mənzilə köçürülməsinə hər hansı cəhdlərin etdiyini və yaxud onun iddiaçı tərəfindən məcburi olaraq həmin evdən çıxarıldığını sübut edə bilmədiyindən hazırda cavabdehin iddia tələbinə olan etirazı əsasızdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil ünvanında qeydiyyatdadır; - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ Rayonun Mənzil-Kommunal Təsərrüfat Birliyinin 119 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 1189 saylı arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır;- Məhkəmə iclasında tədqiq edilmiş qonşuları X6, X4 və X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil ünvanında iki ildən çoxdur ki, yaşamır; - ünvan 2anvar 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 87 saylı mənzilə köçürülməsi qət edilmiş və qətnamə ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 119 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 332 saylı arayışa əsasən, Cavabdeh ünvan 3 ünvanında xx.xx.2016-cı il tarixdən daimi qeydiyyatdadır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti vermiş, Apellyasiya şikayətinin təmin olunaraq, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-211/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 43; Mülki Məcəlləsinin 228.1 və 228.2; Mülki Prosessual Məcəllənin 4.1,9,77.1, 82.3, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə əsassızdır və onun həmin mənzildə istifadə hüquqları vardır. Belə ki, iddiaçı onun bacısı qızının əri olmuş, onun özünə məxsus evi olmuşdur. Onun xəstə və qoca olduğuna görə razılaşaraq onun evini satıb həmin alqı-satqıdan aldığı 32000 ABŞ dollarını iddiaçıya vermişdir ki, ona özlərinə yaxın yerdən ev alsınlar. Evi aldılar, lakin onun adına yox, oğlunun adına, bir söz demədi. İddiaçı ilə razılaşmışlar ki, evin bir otağını ona ayırsınlar və xəstə olduğuna görə ona baxsınlar. xx.xx.2016-cı il tarixdə mübahisəli evdə qeydiyyatdadır. İddiaçı və ailə üzvü onu məcburi qaydada evdən çıxartdıqlarına görə Qaradağ rayon məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(002)-227/2019 saylı qətnaməsi ilə onun ərizəsi əsasında həmin mənzilə köçürülmüşdür. Lakin yenə də iddiaçı və ailə üzvüləri onu yola verməmiş və başqa ünvanda kirayə tutaraq onu həmin evə köçürmüşlər. 2-3 ay kirayə pulunu ödədikddən sonra pulu verməkdən imtina etmişlər. Hazırda mübahisəli mənzil onun yeganə yaşayış yeridir, həmin evdə qeydiyyatda olmaqla istifadə hüquq vardır. İddiaçı onu mənzilə buraxmadığından həmin mənzildə yaşaya bilmir. Məhkəmə də öz qətnaməsində istifadə hüququnun olduğunu bildirmişdir. İstifadə hüququna xitam verərkən isə MM-in 228.5-ci maddəsinə istinad etmişdir. İstifadə hüququnun olması Qaradağ rayon məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(002)- 227/2019 saylı qətnaməsi ilə bir daha təsdiq edilmişdir və istifadə hüququnun olması işin mübahisəzi halı olmuşdur. İstifadə hüququndan iddiaçının təqsiri səbəbindən istifadə edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı həmin evin tam olaraq ona məxsus olmasını, həmin evin hansı əsaslarla ona keçməsini, onun özünə məxsus daimi yaşayış yerinin olmasını sübut etməli idi. Hazırda həmin mənzildə qeydiyyatda olsa da, məcburiyyətdən kirayədə yaşayır. İddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahidlər də onun həmin mənzildə yaşadığını bildirmişlər. Hazırda iddiaçı mənzilə buraxmadığından həmin mənzildə yaşaya bilmir. Lakin bütün bunlar məhkəmədə tam araşdırılmamış və qanunla qorunan hüquqları pozulmuşdur. İşin müəyyən olunmuş faktiki hallardan da görünür ki,onun mübahisəli mənzildə yaşaya bilməməyi iddiaçının buna imkan verməməsi səbəbindən baş vermişdir. Onun mənzilə istifadə hüququ qanunla yaranmış və qanunla yaranmış istifadə hüququnun (istifadə hüququnun sahibinin) yaşayış sahəsinə ehtiyacın aradan qalxması əsası ilə kompensasiya ödənilmədən xitam verilməsi düzgün deyildir. Hazırki vəziyyətdə öz ailəsi ilə birlikdə orda yaşamamağının səbəbi real olaraq işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasından deyil, mövcud şəraitin bunun həyata keçirilməsinə özlüyündə onun iradəsindən asılı olmayaraq, iddiaçının maneə yaratması ilə bağlı məcburiyyət qarşısında yaşaya bilməməyi ilə bağlıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. Mənzildə istifadə hüququ hazırda da mövcuddur və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı iddia ərizəsində onun iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun uzun müddətdir orada yaşamamağı səbəbindən xitam verilməsini bildirsə də, işin müəyyən olunmuş faktiki hallardan da görünür ki, onun mübahisəli mənzilə istifadə hüququ qanunla yaranmışdır. Sübut etmə yükü idddiaçıya məxsus olduğundan sübutları o təqdim etməli idi.

5. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətini əsassız hesab edirlər,cavabdehin mübahisəli mənzilə pasport qeydiyyatı olsa da, həmin mənzilə istifadə hüququ mövcud deyil. Belə ki, Qaradağ rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin (həmin işdə iddiaçı) mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilib. Həmin zaman cavabdehin mənzilə istifadə hüququnun olub-olmaması məsələsi araşdırılmayıb, çünki məhkəmə prosesi gedən zaman həmin iş üzrə cavabdeh olan İddiaçı (hazırki iş üzrə iddiaçı) iddia tələblərini qəbul edib, ona görə də R. Cəlilovun mənzilə köçürülmə tələbi təmin edilib. Buna görə də cavabdeh R. Cəlilovun mübahisəli mənzilə istifadə hüququ heç zaman yaranmayıb, onun mənzilə köçürülməsinə dair iddiasının məhkəmə qətnaməsi ilə təmin edilməsi istifadə hüququnun olması demək deyil. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra R. Cəlilov mübahisəli mənzilə köçürülsə də, bir müddət sonra özü mənzildən çıxıb gedib və 2 ildən çoxdur ki, başqa bir ünvanda kirayədə yaşayır. Bu müddət ərzində o, mübahisəli mənzilə gəlməyib, həmin mənzildən zorla çıxarılmasına dair hər hansı şikayəti olmayıb. Cavabdeh Qaradağ rayon məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsində məhkəmənin yanaşmasını səhv göstərməyə çalışıb. Belə ki, apellyasiya şikayətində o göstərib ki, məhkəmə öz qətnaməsində mənim istifadə hüququmun olduğunu bildirib. Halbuki məhkəmə qətnamədə əksinə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranmadığını qeyd edib. Cavabdeh mübahisəli mənzilə xx.xx.2016-cı ildə pasport qeydiyyatına alınıb. Mübahisəli mənzilin mülkiyyətçisi cavabdehin ailə üzvü deyil, ona görə də cavabdehin mənzilə pasport qeydiyyatına alınması onun mənzilə istifadə hüquqlarının yaranması üçün əsas deyil. Bundan əlavə, cavabdeh mübahisəli mənzildə 2 ildən artıqdır ki, yaşamır. Bunu məhkəmə iclasında dindirilmiş şahid ifadələri və Mənzil istismar sahəsindən alınmış arayış və akt təsdiq edir. Cavabdeh başqa ünvanda uzun müddət yaşadığını etiraf edib. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının öz ailə üzvləri ilə birlikdə onun pulunu mənimsədiyini qeyd etməklə, özünə məxsus evi olduğunu, 2015-ci ilin aprel ayında iddiaçının və arvadının onun evinə gəldiyini, rütubətli olduğundan həmin mənzildə yaşamağın mümkün olmadığını, evini satıb, pulunu onlara verməsini və ona Sahil qəsəbəsində bir otaqlı yeni mənzil alacaqlarını dediklərini bildirmişdir. 2015-ci ilin avqustunda mənzili satdığını, pulu onlara verdiyini, lakin ona mənzil almadıqlarını, faktiki olaraq iddiaçı və onun ailə üzvləri tərəfindən aldadıldığını qeyd etmişdir. 2019-cu ilin 24 yanvar tarixli qətnaməsi ilə mübahisəli mənzilə köçürüldüyünü bildirmiş, lakin iddiaçı və ailə üzvlərinin ona həmin mənzildə yaşamağa imkan vermədiyini, bu səbəbdən həmin mənzildə yaşaya bilmədiyini bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçının həyat yoldaşının cavabdehin bacısı qızı olduğunu və cavabdehin özünəməxsus mənzilinin olduğunu, iddiaçı ilə aralarında olan şifahi razılığa əsasən cavabdehə məxsus mənzilin satıldığını və həmin mənzilin satılmasından əldə edilən vəsait hesabına cavabdehə mənzil alınmalı olduğunu, lakin iddiaçı tərəfindən mənzil satıldıqdan sonra yeni mənzilin cavabdehin adına yox, öz oğlunun adına alındığını qeyd etmiş, cavabdehin bundan sonra bir müddət iddiaçıya məxsus evdə qaldığını, daha sonra isə aralarında olan razılığa əsasən cavabdehin başqa mənzildə kirayəyə yerləşdirildiyini, kirayə haqqının iddiaçı tərəfindən 2 ay ödənildiyini, daha sonra isə kirayə haqqının da verilmədiyini bildirmişdir. Cavabdehin xəstə, yaşlı adam olduğunu, hal-hazırda kirayədə qaldığını, lakin iddiaçıya məxsus mənzildə qeydiyyatda olduğunu, tərəflər arasında yazılı formada olmasa da, şifahi razılıq olduğundan cavabdehin mənzildə istifadə hüququnun olduğunu hesab etdiyini, lakin qanuni nöqteyi nəzərdən onun istifadə hüququnun olmadığını bildirmiş, apellyasiya şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə; (münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30; Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14, 15, 50, 52, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən yoxlanılan hissədə qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki istinadlar ilə iddiaçının irəli sürdüyü əsasların tələblə uyğunlaşmaması əsası ilə iddia təmin edilməlidir. Belə ki, iddiaçının irəli sürdüyü ziddiyyətli dəlilləri onun istifadə hüquqlarının mövcudluğunu sübut etmir, iddiaçı özü, habelə birinci instansiya məhkəməsi bu hüquqların yaranmadığını qeyd etsələr də, iddia təmin edilmişdir. Qeyd edilməlidir ki, ilkin olaraq cavabdehin mənzildən istifadə hüquqlarının iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yaranıb-yaranmadığı müəyyən edilmir. Şəxsin istifadə hüquqlarının olmadığı təqdirdə obyektiv mənada bu hüququn itirilməsi anlaşılan deyil və sübutetmə yükü ilə iddiaçıya aid bu vəzifə həyata keçirilməmişdir. Subyektiv mənada iddiaçı iddiasını münasibətlərin yarandığı dövrdə cavabdehin qeydiyyata düşməsi ilə və məhkəmə qərarı ilə köçürülməsi ilə əsaslandırmağa çalışsa da, istifadə hüququnun yaranmadığını, köçürülmənin bu əsasla həyata keçirilmədiyini, onun mənzili tərk edib getməsi əsası ilə hüququnun itirildiyini əsas gətirir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

13. Mülki Məcəllənin 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

14. Qanunvericiliyin təhlili müəyyən edir ki, mülkiyyət hüququna malik olan şəxsə münasibətdə istifadə hüququ olan şəxslərin ilk növbədə mülkiyyətçinin (keçmiş) ailə üzvləri kimi bir-birilərilə bağlılığı olmalıdır. Mübahisə edilən münasibətdə belə halın mövcudluğu sübuta yetirilmir. Belə ki, ailə qanunvericiliyi ailə üzvləri sırasına ər-arvad, valideynlər və uşaqların daxil olmasını müəyyən edir (Ailə Məcəlləsinin 2.1-ci maddəsi).

15. Beləliklə, iddiaçı iddianı sübut etmədiyindən, məhkəmə isə özünün əsaslandırdığı dəlillərə münasibətdə məntiqi uzlaşmayam mövqe sərgilədiyindən mülki prosessual qanunvericiliyin tələbləri müstəvisində iddiia rədd edilməklə apellyasiya şikayəti təmin edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumları onu ödəyən şəxslərə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 211/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar