Məhkəmə qərarları › İş №2(103)-3707/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3707/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3707/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X1 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.11.2021-ci il tarixli qərardadı ilə qətnamədən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi 29.12.2021-ci il tarixli qərardadla qətnamədən verilmiş apellyasiya şikayətini qaytararkən əsas kimi elektron qaydaya riayət edilməməsinə, yəni, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsinə, əl imzası ilə imzalanmaqla təqdim olunmasına istinad etmişdir. MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından məlum olur ki, hazırkı mülki işin icraatı Sabunçu Rayon məhkəməsində elektron məhkəmə icraatı qaydasında aparılmışdır. Belə olan halda, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyinə görə qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini göstərilən əsasla geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar