Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3708/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusiflli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dair” iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-1099/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 22 iyul 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, həyat yoldaşı X3, 2 azyaşlı uşaqları olan 16.06.2017-ci il təvəllüdlü X2, 13.06.2018-ci il təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi 5-ci məhəllədə yerləşən 7F saylı evə köçürülməklə istifadə hüququnun təmin edilməsi, istifadə qaydalarının müəyyən edilməsi, həyətə giriş darvazasının, evə giriş qapısının açarlarının nüsxələrinin cavabdehdən alınaraq ona verilməsi, yaxud da həmin evdən onlara düşən payın dəyəri müqabilində cavabdeh tərəfindən ona nəğd pul şəklində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1099/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları tam, hərtərəfli araşdırılmamış, qüvvədə olan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8195/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1099/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-106/2020 saylı 10 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8195/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsinin qismən- “İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı evdən istifadə hüququnun təmin edilməsi və evə köçürülməsi” barədə iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-106/2020 saylı 10 yanvar 2020-ci il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı evdən istifadə hüququnun təmin edilməsi və evə köçürülməsi barədə iddia tələblərinin rədd edildiyi” hissədə yoxlanılır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehin ailə üzvü olduğuna görə onun həmin evə köçürülməsi tələbi əsaslıdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında oğlu və gəlininin 3 ildən artıqdır ki, evdən çıxdıqlarını və bütün əşyaları da yığıb apardıqlarını, lakin hazırda oğlunun ona məxsus mənzilə köçürülməsinə və həmin mənzildə yaşamasına etirazının olmadığını bildirdi. Bununla bağlı cavabdeh kassasiya instansiya məhkəməsinin qərarında göstərilən qaydada iddianın təmin edilməsinə etiraz etməyərək apellyasiya şikayətinin tam təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı ev xüsusi mülkiyyət hüququ əsasında 18.08.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdehin oğlu İddiaçı ilə Məhərrəmova Rəna arasında 12.05.2016-ci il tarixdə nikah bağlanmış və onların bu nikahdan 2 uşaqları olmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə atasına (cavabdehə) məxsus mübahisəli evdə qeydiyyatdadır. Hazırda iddiaçı atası tərəfindən narazılıq yarandıldığına görə evi ailəsi ilə birlikdə tərk etdiyinə istinad edərək ailə üzvləri ilə birlikdə mübahisəli evə köçürülməsini və istifadə hüququnun təmin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisələndirilən evə İddiaçı subyektiv hüququnun yaranmaması səbəbindən onun həmin evə köçürülməsi barədə iddia tələbi təmin olunmamalıdır. Həmçinin iddiaçının istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın ödənilməsi mülkiyyətçinin bilavasitə vəzifəsidir, lakin hazırki iş üzrə cavabdeh tərəfindən belə təklif edilməmişdir. Qeyd olunan nəticə ilə apellyasiya instansiya məhkəməsi razılaşsa da, kassasiya instansiya məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının cavabdehin oğlu, ailə üzvü olması və onların mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı evdə birgə yaşayıb ümumi təsərrüfat aparmaları, qeydiyyatda olmaqla iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi və onun evi məcburiyyət üzündən tərk etməsi, işin mübahisə olunmayan hallarıdır. Cavabdeh özü də izahatında qeyd olunan halları inkar etmir, əksinə, birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının özünün evə köçüb yaşamasına etiraz etmədiyini bildirmişdir. Odur ki, iddiaçının sözügedən tələblərinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Mənzil Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılması tələb etmək hüqüqu yoxdursa, ondan həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki iş materiallarında ümumiyyətlə iddiaçının mübahisəli evə olan ehtiyacının aradan qalxmasını, yəni onun həmin evdən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsini, başqa yaşayış sahəsinə isə hər hansı hüquq əldə etməsini və sair özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Əksinə, tərəflərin özlərinin izahatları ilə müəyyən olunur ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır və onun istifadəsində digər yaşayış sahəsi yoxdur. Bununla bağlı apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsasların olması, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsinin mümkün sayılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisəli mənzilə köçürülməsi və istifadə hüququnun təmin edilməsi ilə bağlı iddia tələbləri rədd edilərkən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, bu da məhkəmə qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 28.02.2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı mübahisəli evə köçürülməsi və istifadə hüququnun təmin edilməsi barədə iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbləri təmin edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1099/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı mübahisəli evə köçürülməsi və istifadə hüququnun təmin edilməsi barədə iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbləri təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, 5-ci məhəllədə yerləşən 7 “F” saylı evdən istifadə hüququ təmin edilsin və o, həmin evə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-3708/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3708/2020
22.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver