Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3709/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(005)-1740/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07 dekabr 2021-ci il tarixli, F-300 nömrəli əmrinə əsasən əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri uzrə direktor müavini X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdadıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.
2. Azərbaycan Respublikasının Təhsil Nazirinin “Yoxlamanın nəticələrinə dair” 18 yanvar 2022-ci il tarixli, K-50 nömrəli əmrinə əsasən Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun, “Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsinin, Müəllimlərin etik davranış qaydaları”nın və təhsilin idarə olunması üzrə digər tənzimləyici normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və təlim-tərbiyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021 -ci il tarixli, F-300 nömrəli əmri ləğv edilməsi, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022- ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli, 75-89 nömrəli Yoxlamanın nəticələrinə dair əmrinə əsasən Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nomrəi tam orta məktəbin direktor İddiaçı və təlim-tərbyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri uzrə Təhsil İdarəsinin 07 dekabr 2021-ci il tarixli F-300 nomrəli əmrinin ləğv edilməsi nəzərə alınması, Bakı şəhəri 314 nomrəli tam orta məktəbim direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə gorə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsəsən 18 yanvar 2022-ci il tarixdən ləğv edilməsinin nəzərə alınması, maliyyə və mühasibatlıq sektorunun İddiaçı ilə son haqq hesabın aparılmasını təmin edilməsi əmr edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 yanvar 2022-ci il tarixli əmək müqaviləmin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, onun Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və işdən azad edildiyi gündən bərpa ediləcəyi günədək işburaxmaya görə əmək haqqımın hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 2014-cü il tarixdən Şuşa şəhər 9 nömrəli tam orta məktəbdə tarix fənn müəllimi olaraq dövlət müəssəsində əmək fəaliyyətinə başlamış, 17 iyul 2020-ci il tarixdən də Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Çalışdığı dövrdə əmək fəaliyyətində hər hansı pozuntuya yol verməmiş, vicdanla və layiqli şəkildə öz vəzifələrini icra etmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Əmək fəaliyyəti dövründə rəhbərlik etdiyi təhsil müəssisəsində şagird və müəllim kollektivi üçün tam şəffaf bir təhsil mühiti formalaşdırmışdır. Təəssiif ki, yaratmağa çalışdığı şəffaflıq bəzi şəxslərin maraqlarına toxunduğundan fəaliyyətinə kölgə salınmağa çalışılmış və nəticədə də əmək fəaliyyətinə qanunsuz olaraq son verilmişdir. Rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimlər arasında yaranan anlaşılmazlığın tərəfindən düzgün araşdırılmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair Azərbaycan Respublikası ləhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən 07 dekabr 2021-ci il tarixində F300 nömrəli intizam tənbehi barədə əmr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əhəmiyyət verməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil idarəsi fikrini dəyişdirərək Azərbaycan Respublikası Təhsil Nazirinin 18 yanvar 2022-ci il tarixli, K50 nömrəli əmrinin icrasını təqdim etmək məqsədilə 27 yanvar 2022-ci il tarixində 75-89 nömrəli yoxlama nəticələrinə dair yeni əmr vermiş və həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, yəni Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi 18 yanvar 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Dəfələrlə müraciət etsə də, barəsində qəbul edilən əmrlərin surəti təqdim edilməmişdir. Bu əmr qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(005)- 1740/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatı və bununla bağlı təqdim edilmiş sübutlar inandırıcıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 186, 187 və 311-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(103)-6034/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində eyni bir pozuntuya görə ona 2 intizam tənbehi tətbiq edildiyini, sonradan ilk intizam tənbehinin ləğv edilməsinin Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olduğunu bildirmişdir. İddiaçıya onun əmək fəaliyyətində yol verdiyi eyni pozuntuya görə iki intizam təbehi tətbiq edilməmişdir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair Təhsil Nazirliyinin əmri verilərkən, iddiaçıya şiddətli töhmət verilməsinə dair Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ləğv edilmişdir. Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin ləğvinin qanuna uyğun olub-olmaması Əmək Məcəlləsinin tələbləri baxımından deyil, “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından dəyərləndirilməlidir ki, bu məsələ də mülki icraatın deyil, inzibati məhkəmə icraatının predmetinə aiddir. Bundan başqa, iddiaçı Təhsil Nazirliyinin əmrinin qanunsuz olması halına istinad etsə də, həmin əmrin inzibati qaydada mübahisələndirməsi iş materiallarından müəyyən edilmir. İddiaçı apellyasiya şikayətində həmçinin Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsinə istinad etmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, F-300 saylı, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, əmrin verilməsi üçün əsaslardan biri Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, 24-00-988 qeydiyyat nömrəli birgə xidməti məruzəsi olmuşdur. İddiaçının fəaliyyətində yol verdiyi nöqsanlar xx.xx.2021-ci il tarixində aşkar edildiyindən, əmrin xx.xx.2021-ci il tarixində verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, 1 aylıq müddətlə bağlı tələbə riayət edildiyinə dair nəticəyə gəlməyə əsas verir. Sonradan həmin əmrin ləğv edilməsi həmin müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçıya şiddətli töhmətin verilməsinə dair əmr iddiaçının yol verdiyi nöqsanların aşkara çıxmasından sonra səlahiyyətli orqanın (Bakı şəhəri üzrə Təhsil idarəsinin) həmin pozuntu faktlarına münasibətdə tədbir görməsini, ölçü götürülməsini deməyə əsas verir. Sonradan həmin əmrin ləğv edilməsi isə həmin əmrin verilməsinə səbəb olmuş pozuntu faktlarının olmaması və iddiaçıya ümumiyyətlə intizam təhbehinin tətbiq edilməli olmaması ilə bağlı olmamışdır. Bu səbəbdən də, iddiaçının fəaliyyətində yol verdiyi nöqsanlara müvafiq orqan tərəfindən münasibət bildirildiyindən, iddiaçıya qeyd edilən əmr ləğv edildikdən sonra, xx.xx.2021-ci il tarixində başqa intizam tənbehinin tətbiqinə dair əmrin verilməsi ona müddət ötdükdən sonra verilmiş intizam tənbehi kimi qiymətləndirilə bilməz. Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmanın nəticəsi üzrə toplanmış materialları prokurorluq orqanına əmək qanunvericiliyinin pozulubpozulmamasının araşdırılması üçün deyil, işçinin əməllərinə korrupsiya cinayətlərinin əlamətlərinin olub-olmaması baxımından qiymət verilməsi üçün göndərilmişdir. İş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş materiallar üzrə araşdırma aparılmış və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmamışdır. Həmçinin Bakı şəhəri 314 saylı tam orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cinayət tərkibli əməllərin aşkar edilməməsi, iddiaçının əmək fəaliyyətində nöqsanlara yol verməməsinə və intizam təhbehinin tətbiq edilməsinə əsasın olmamasına dair nəticəyə gəlməyə əsas verə bilməz.
Kassasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(102)-839/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(103)-6034/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
14. Ali Məhkəmənin Qərarının əsaslarına görə: “- 39. Belə ki, iddia tələbinin maddihüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir. - 40. İşdən müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 18 yanvar 2022-ci il tarixli əmri ilə əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri uzrə direktor müavini X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarıqla şiddətli töhmət verilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07 dekabr 2021-ci il tarixli, F300 nömrəli əmri ləğv edilərək, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzrətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 yanvar 2022-ci il tarixdən ləğv edilmişdir. - 41. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 42. Apellyasiya məhkəməsi isə iddianın predmetini təşkil edən Təhsil Nazirliyinin əmrinin qanuniliyini yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından dəyərləndirməmiş və Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin ləğvinin qanuna uyğun olub-olmaması, habelə Təhsil Nazirliyinin əmrinin qanunsuz olması barədə iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu əmr Əmək Məcəlləsinin tələbləri baxımından deyil, “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından dəyərləndirilməli və bu məsələ də mülki icraatın deyil, inzibati məhkəmə icraatının predmetinə aiddir və həmin əmrin inzibati qaydada mübahisələndirməsi iş materiallarından müəyyən edilmir. - 43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsassız hesab edir. Çünki iddianın predmetini təşkil edən əmrin qanunliyi inzibati qaydada araşdırılmalı idisə, onda apellyasiya məhkəməsi iş üzrə icraata xitam verməli idi. Lakin o, yuxarıda sərgilədiyi mövqe ilə yanaşı həmin işə mahiyyəti üzrə baxaraq, əmri qanuni hesab edərək iddianı təmin edilməməsi barədə qətnaməni qüvvədə saxlamışdır. - 44. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr işəgötürənin dövlət qulluqçusu hesab edilməyən işçi barədə inzibati tənbeh tədbirinin tətbiq edilməsi və onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi barədə olduğundan onun qanuniliyinin yoxlanılması inzibati məhkəmə icraatının deyil, mülki məhkəmə araşdırmasının predmeti olmuşdur. - 45.Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin məhkəmələr tərəfindən cavabdehin sözügedən əmr verilərkən bu tələblərə əməl olunubolunmaması araşdırılmamışdır. - 46. Bundan başqa, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. - 47. Apellyasiya məhkəməsi qətnaməsində iddiaçının fəaliyyətində yol verdiyi nöqsanların 16 noyabr 2021-ci il tarixində aşkar edildiyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin isə 07 dekabr 2021-ci il tarixində verilməsinə istinad edərək Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, 1 aylıq müddətlə bağlı tələbə riayət edildiyini, sonradan həmin əmrin Təhsil Nazirliyi tərəfindən ləğv edilməsinin isə həmin müddətin ötürülməsi kimi qiymətləndirməyə əsas vermədiyini göstərmişdir. - 48. Lakin məhkəmə kollegiyası bu qənaətlə də razılaşmır. Belə ki, iddiaçının intizam xətasına yol verməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi 16 noyabr 2021-ci il tarixdə aşkar edildiyi halda həmin xətaya görə intizam tənbehi 1 ay müddətində verilməlidir. Tətbiq edilmiş bir intizam tənbehi barədə əmrin sonradan ləğv edilməsi həmin müddətin axımını dayandırmır. Həmin müddətin təxirə salınması üçün işçinin xəstə olması, yaxud məzuniyyətdə, ezamiyyətdə olması barədə dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. - 49. İddiaçı barəsində toplanmış materialların işəgötürən tərəfindən prokurorluq orqanına göndərilsə də, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 01 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş materiallar üzrə araşdırma aparılmış və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmamışdır. Həmçinin Bakı şəhəri 314 nömrəli tam orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Belə olan halda, aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verib-vermədiyi də məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlillərinə görə, onun məhz hansı intizam xətasını törətdiyi əsaslandırılmasa da, F-300 nömrəli, 07 dekabr 2021-ci il tarixli intizam tənbehi barədə əmrin ləğv edilərək, 18 yanvar 2022-ci il tarixdə işdən azad edilməyi barədə əmrin verilməsi onu deməyə əsas verir ki, o eyni əsasla, yəni F-300 nömrəli, 07 dekabr 2021-ci il tarixli intizam tənbehi barədə əmrin verilməsinə əsas yaradan intizam xətasına görə işdən azad edilmişdir. Belə olan halda Əmək Məcəlləsinin 187 və 189-cu maddələrinin də tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Törətdiyi iddia etdikləri intizam xətasını hətta 07 dekabr 2021-ci il tarixdə belə aşkar etmiş olsaydılar da yenə də Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuş olacaqdı, çünki, 07 dekabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək 1 ay 11 gün keçmiş olur. Məhkəmə öz qətnaməsində hansı faktiki halları araşdırdığı barədə heç bir məlumat verməmişdir. Daha sonra hansı intizam xətasını törətməyi əsaslandırılmasa da, F-300 nömrəli, 07 dekabr 2021-ci il tarixli intizam tənbehi barədə əmrin hansı əsasla ləğv edilməyi və niyə yeni əmrin verilməsi barədə müddəalar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə qət edərkən, nəinki təqdim edilmiş sübutları eyni zamanda təqdim edilməmiş və guya cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahatları belə nəzərə aldığı göstərilir. Halbuki, heç bir məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və onun nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnamənin tam ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.
23. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, mübahisələndirilən əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilsə də, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
24. Bundan başqa Əmək Məcəlləsinin 71.2-ci maddəsində imperativ olaraq 70-ci maddənin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun şərtlə yol verilməsi qeyd olunsa da, əmr həmin maddənin tələbləri baxımından da (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır.
25. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində toplanmış materiallar işəgötürən tərəfindən prokurorluq orqanına göndərilsə də, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda daxil olmuş materiallar üzrə araşdırma aparıldığı və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmadığı qeyd edilir. Həmçinin orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Belə olan halda, aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamış və məhkəmə araşıdrması zamanı bu xüsusatla bağlı cavabdeh tərəfindən hər hansı bir mövqe irəli sürülməmiş, sübut təqdim olunmamışdır.
26. Bundan əlavə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı iş materiallarında olan F-300 nömrəli, 07 dekabr 2021-ci il tarixli əmrdən isə müəyyən olunur ki, mübahisələndirilən tənbeh tədbirinin verilməsi üçün əsas Bakı şəhəri üzrə Təhsil idarəsinin 16 noyabr 2021-ci il tarixli, 24-00-988 qeydiyyat nömrəli birgə xidməti məruzəsi olmuşdur. Deməli, əmək və ya icra intizamının pozulmasının aşkar edildiyi gün 16 noyabr 2021-ci il tarixi olmaqla, hazırkı tənbeh tədbirinin verildiyi 18 yanvar 2022-ci il tarixdə Əmək Məcəlləsinin 187-ci maddəsində müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. İşçiyə 07 dekabr 2021-ci il tarixdə tənbeh tədbirinin verilib, daha sonra bu tənbehin ləğv edilməsi isə müddətin keçməsi faktını dəyişdirmir.
27. Həmçinin, Əmək Məcəlləsinin Maddə 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Hazırkı iş materiallarından isə bu imperativ tələbə də əməl olunması müəyyən edilmir.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv, iddiaçı məktəb direktoru vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(005)- 1740/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(005)- 1740/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 18 yanvar 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev