Məhkəmə qərarları › İş №2(103)-3709/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3709/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3709/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçı-cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil1, cavabdehiddiaçı Cavabdeh, üçüncü şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “mənzilə dair öhdəliyə xitam verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı “mənzil üzərində hüquqların qeydiyyatı üçün zəruri sənədlərin verilməsi və mənzilin təhvil verilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 1037/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayətinə və üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mübahisə predmeti: Məhkəmə mübahisəsi 3 mənzillə bağlıdır. Hazırkı apellyasiya baxışı 3-cü mənzilə - Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişinin 7-ci mərtəbəsindəki, sahəsi 92,3 kv.m olan 2 otaqlı mənzilə aiddir (bundan sonra – 3-cü mənzil). Ona görə də qətnamədə yalnız 3-cü mənzilə aid hallar qeyd olunacaq. İddia tələbləri: İşdə iki iddia var. "xxxx" MTK-nın ilk iddia ərizəsində tələb olunub ki, 3 mənzilə münasibətdə MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilsin. Cavabdeh qarşılıqlı iddia ərizəsində 3 mənzilə dair tələb irəli sürülüb. 3-cü mənzilə münasibətdə tələb olunub ki, həmin mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzilin özəlləşdirilməsi, çıxarışın verilməsi, mənzilin dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi, bununla bağlı bütün zəruri hərəkətlərin aparılması MTK-ya tapşırılsın, mənzilin Cavabdeh təhvil verilməsi və təmir üçün şəraitin yaradılması MTK-ya həvalə edilsin. İddia tələblərinin həlli: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia 1-ci, 2-ci və 3-cü mənzillərə münasibətə təmin edilsin. 3-cü mənzilə münasibətdə qətnamədə qət olunub ki, həmin mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" MTK-ya həvalə edilsin. 1-ci apellyasiya şikayəti:: Qətnamədən əvvəlcə "xxxx" MTK apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin edilsin, qarşılıqlı iddia təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, apellyasiya şikayəti təmin edilməsin, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə qərara alınıb ki, qətnamə 3-cü mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, mənzilin Cavabdeh təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yendən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb. 2-ci apellyasiya şikayəti: Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra işdə iştirak etməyə cəlb olunmayan şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – qarşılıqlı iddianın 3-cü mənzilə münasibətdə təmin edilməsinə aid hissədə ləğv edilsin və qarşılıqlı iddia həmin hissədə rədd olunsun. Apellyasiya şikayəti mümkün sayılaraq baxılmaq üçün qəbul edilib, Maraqlı şəxs isə apellyasiya icraatı zamanı MTK-nın tərəfində mübahisə predmeti barəsində müstəil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınıb. Apellyasiya baxışının predmeti: Hazırkı apellyasiya baxışının predmetini birinci insansiya məhkəməsinin qətnaməsinin bir hissəsi – qarşılıqlı iddianın 3-cü mənzilə münasibətdə təmin edilməsinə aid hissəsidir. Ali Məhkəmə apellyasiya instnasiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ona görə ləğv edib ki, 3-cü mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, qətnamə həmin şəxsin mülkiyyət hüququna toxunur. İzahatlar: Məhkəmə iclasılnda iştirak edən iddiaçı-cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil1 və üçüncü şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 bildirdilər ki, 3-cü mənzil Maraqlı şəxs mülkiyyətindədir, ona görə də Cavabdeh qarşılıqlı iddiası həmin mənzilə aid hissədə təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh bildirdi ki, 3-cü mənzilin başqa şəxsin mülkiyyətində olmasından məlumatı olmayıb, hesab edir ki, MTK həmin mənzilə dair üçüncü şəxs Maraqlı şəxs ilə müqavilə bağlaya bilməzdi. Ona görə də MTK ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv edilməli və mənzilin təhvil verilməsi Maraqlı şəxs həvalə edilməlidir. Apellyasiya icraatı zamanı cavabdeh-iddiaçı Cavabdeh yuxarıda qeyd olunan tələb barədə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim etmişdir. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın 3-cü mənzilə münasibətdə təmin edilməsinə aid hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Apellyasiya icraatı zamanı müəyyən edildi ki, qarşılıqlı iddia ərizəsində göstərilən 3-cü mənzil və Maraqlı şəxs mülkiyyəti kimi reyestrdə qeydə alınmış mənzil eyni mənzildir. İşin bu halı həm təqdim olunmuş sənədlərlə təsdiq olunur, həm də işdə iştirak edən şəxslərin hamısı bu faktı etiraf edir. 3-cü mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququ xx.xx.2022-ci ildə dövlət reyestrində qeydə alınıb. Qarşılıqlı iddia ərizəsi bu tarixdən 6 ay sonra - xx.xx.2023-cü ildə verilib. Göründüyü kimi, qarşılıqlı iddianın verildiyi zaman mənzil "xxxx" MTK-nın sahibliyində olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maraqlı şəxs mülkiyyət hüququ reyestrdə qeydə alındığına görə, mənzil onun mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də "xxxx" MTK başqa şəxsin - Maraqlı şəxs mülkiyyətində olan mənzili Cavabdeh təhvil verə bilməz, o cümlədən həmin mənzilə münasibətdə Cavabdeh borcunun olmaması barədə maliyyə arayışı, Cavabdeh üzvlüyə qəbulla bağlı protokoldan çıxarış, layihədən təsdiq edilmiş çıxarış verə bilməz. Cavabdeh 3-cü mənzilə dair MTK ilə Maraqlı şəxs arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi və mənzilin təhvil verilməsinin Maraqlı şəxs həvalə edilməsi barədə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim etmişdir. Həmin əlavə qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsinə əlavənin qəbul edilməsi üçün bu maddədə müəyyən edilmiş əsas yoxdur. Maddədə “yeni tələblər” deyiləndə tərəflərin bir birlərinə qarşı tələbləri nəzərdə tutulur, çünki birinci instansiya məhkəməsində icraat zamanı çəkişmədə iştirak etmiş tərəflər bir-birlərinə qarşı apellyasiya icraatı zamanı yeni tələblər verə bilərlər. Maraqlı şəxs iş üzrə tərəf – iddiaçı və ya cavabdeh deyil. O, birinci instansiya məhkəməsində işdə iştirak etməyə cəlb olunmayıb, apellyasiya icraatı zaman isə üçüncü şəxs kimi işə cəlb edilib. Bununla yanaşı, əgər Maraqlı şəxs qarşı verilmiş həmin tələb baxılmaq üçün qəbul edilərsə, onunla birllikdə mənzildə yaşayan şəxslər də işə cəlb olunmalıdır, çünki həmin şəxslər mənzildən çıxarılmadan mənzilin Cavabdeh təhvil verilməsi mümkün deyil. Bundan başqa, Maraqlı şəxs qarşı həmin tələb “qarşılıqlı iddia ərizəsinə əlavə” fomasında verilə bilməz. Belə ki, MPM-in 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Maraqlı şəxs iş üzrə iddiaçı deyil. Qarşılıqlı iddia iddiaçı ilə yanaşı digər şəxslərə - iddiaçı olmayan şəxslərə qarşı da verilə bilər, yəni qarşılıqlı iddia ərizəsində iddiaçı ilə yanaşı digər şəxslər də cavabdeh kimi göstərilə bilər. Belə qarşılıqlı iddia o halda icraata qəbul edilə bilər ki, qarşılıqlı iddia ilə müdafiəsi tələb olunan hüququn pozulmasına və ya mübahisələndirilməsinə görə iddiaçı ilə yanaşı digər şəxslər də məsuliyyət daşısın. Cavabdeh mənzilə hüququnun MTK tərəfindən pozulmasına görə Maraqlı şəxs məsuliyyət daşımır. Cavabdeh Maraqlı şəxs qarşı mənzil barədə tələbi ümumi qaydada birinci instansiya məhkəməsinə verə bilər və ya "xxxx" MTK tərəfindən Maraqlı şəxs verilmiş həmin mənzilin dəyərinin ona ödənilməsi üçün "xxxx" MTK-ya qarşı ümumi qaydada birinci instansiya məhkəməsinə iddia verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı-cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 1037/2023 nömrəli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə - Cavabdeh qarşılıqlı iddiasının Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişinin 7-ci mərtəbəsindəki, sahəsi 92,3 kv.m olan 2 otaqlı mənzilə aid hissədə təmin edilməsi, həmin mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın verilməsi və həmin mənzilin Cavabdeh təhvil verilməsinin "xxxx" MTK-ya həvalə edilməsi hissəsində ləğv edilsin və iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddiası həmin mənzilə aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar