Məhkəmə qərarları › İş №2(103)-3711/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3711/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3711/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən və İddiaçı məxsus olan 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərə sahiblik və istifadə hüququna “xxxx” Prestij MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək həmin mənzillərə sahiblik və istifadə hüququna dair “xxxx” Prestij MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, mənzillərdə təmir işlərinin aparılmasına “xxxx” Prestij MTK tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillərə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və onun üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-4963/20) iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MTK tərəfindən tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binada iki mənzil almışdır. Lakin bu günə kimi həmin mənzillərlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(011)-5509/2018 saylı qətnaməsi ilə Cavabdeh MTK-ya qarşı digər şəxs X3 əmlak və pul tələbinə dair iddiası ilə birlikdə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi onun da həmin MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzillərin geri qaytarılması tələbinə baxılaraq təmin edilmişdir. Qətnaməyə əsasən "Cavabdeh” MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməmişdir. Cavabdeh MTK tərəfindən illərlə edilən cinayət əməllərinə görə MTK sədri X5 barəsində 1(101)- 591/2019 saylı cinayət işi ilə əlaqədar ümumi siyahı ilə iddiaçı zərərçəkmiş şəxs qismində iştirak edərək pozulmuş hüquqlarının bərpa olunduğunu bildirmişdir. Sonradan cavabdeh dövlətin adından çıxarılan və icrası hər kəs üçün məcburi olan məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmir və 2 il müddətində tikilməli olan, lakin 10 il sonra iddiaçının istifadəsinə verilən mənzillərə MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneələr törədilir və iddiaçı öz ailəsi ilə birgə həmin mənzilə köçüb yaşaya bilmir. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X1 izahatında bildirmişdir ki, mübahisəli mənzillərdə təmir işləri işləri aparmaq üçün gedən şəxslərə MTK icazə verməmişdir. Onlara maneə yaradan şəxs Hikmət Yigitdöldür. Birinci instaniya məhkəməsində şahid qismində çıxış edən X4 öz izahatında bildirmişdir ki, o, ustadır. İddiaçıla podrat müqaviləsi imzalamışdır. O, evdə 5 gün işləmişdir. Sonra onlara lift kartı lazım olduğunu bildirmişlər. Daha sonra evdə işləmək istəyərkən onlara icazə verilməmişdir. O, 60 manat ödəniş edərək liftin kartını almışdır. Sonra həmin kart ləğv edilmişdir. O, bu ilin fevral ayından oraya getməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A-1 blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən ümumi sahəsi 136.1 kv.metr təşkil edən 51 saylı və ümumi sahəsi 124.7 kv.metr təşkil edən 54 saylı mənzillərin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə olunması qət edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən şahidlər onların iştirakı olmadan dindirilmişdir İddiaçı sadalanan mənzillərə görə ödənişləri tam yerinə yetirməmişdir. Qeyd edilən hal müvafiq ittiham aktından və həmin ittiham aktı əsasında qəbul olunmuş hökmdə də öz əksini tapmışdır. Həmçinin, iddiaçı iddia tələbində ona maneələrin yaradılmasını qeyd edir, amma buna dair heç bir sübutu məhkəməyə təqdim etmir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi mənzillərin yerləşdiyi binalar artıq bina sakinlərinin nəzarətindədir. Belə ki, binanın əmlakının idarə edilməsi və binaya texniki xidmət bina sakinlərinin qərarı əsasında həyata keçirilir. Qeyd olunan mənzillərin yerləşdiyi bina hal-hazırda müvafiq qurum tərəfindən istismara qəbul edilməmişdir. Buna görə də həmin binada yaşamaq və yerləşmək təhlükəlidir. Bu hal da müvafiq qanunvericiliklə qadağan olunur. Qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A-1 blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən, ümumi sahəsi 136.1 kv.metr təşkil edən 51 saylı və ümumi sahəsi 124.7 kv.metr təşkil edən 54 saylı mənzillərdir. İddiaçı bu mənzillərə hüququ Cavabdeh MTK ilə bağladığı xx.xx.2009-cu il və xx.xx.2010-cu il tarixli müqavilələr əsasında yaranmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin mənzillərin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq iddiaçı həmin mənzillərdə təmir işləri apara, oraya köçə və onlardan istifadə edə bilmir. İddiaçı bunun səbəbini cavabdeh tərəfindən yaradılan manelərlə əlaqələndirir. İddiaçının tələbi mənzillərdən sahiblik və istifadə hüququna cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, təmir işlərinin aparılmasına və liftdən istifadəyə maneə yaradılmasının qadağan olunması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı sözügedən mənzilləri alqı-satqı müqaviləsi əsasında əldə etmiş, məhkəmə qətnaməsi əsasında onun mənzil üzərində olan sahiblik və istifadə hüquqları rəsmiləşdirilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və mübahisəli mənzillərin açarları iddiaçıya təhvil verilmişdir. Lakin buna baxmayaraq iddiaçı bu günə qədər mənzillərin üzərində öz sahiblik və istifadə hüquqlarını həyata keçirə bilməmiş, Cavabdeh MTK tərəfindən qanunazidd hərəkətlər edilərək buna maneələr yaradılmışdır. İddiaçı tərəfindən mübahisəli mənzillərin təmiri üçün ustalar çağırılsa da, MTK rəhbərliyi təmir işlərinin aparılmasına maneələr törətmişdir. İddiaçı mənzilləri rəsmi şəkildə əldə etsə də, bu günə kimi mənzillərə köçərək yaşaya, öz sahiblik və istfadə hüquqlarını həyata keçirə bilməmişdir. Bununla da iddiaçının konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Buna görə də, iddia təmin edilməli, mübahisəli mənzillərdən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına yaradılan maneələr cavabdehə qadağan olunmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu və Mülki Məcəllənin 152.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar