Məhkəmə qərarları › İş №2(103)-3712/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3712/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3712/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil Tofiq oğlunun, 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddaçı Cavabdeh1 qanuni nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(006)-81/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı 50 saylı mənzilin onun payına düşən 1/6 hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 50 saylı mənzil paylı mülkiyyətdə olmaqla 1/6 hissəsi onun, 1/6 hissəsi Cavabdeh2, 4/6 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Sözügedən mənzil üzərində hüququ AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, ona Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən 16.06.2015-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, həmin mənzildən faktiki olaraq istifadə edə bilmir və mənzildə yalnız Cavabdeh1 yaşayır. İddiaçı tərəfindən Cavabdeh1 müraciət edilərək, ünvan 1 ünvanındakı 50 saylı mənzilin 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsi təklif edilmişdir. Lakin, müraciətə hər hansı cavab verilməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı 50 saylı mənzilin onun payına düşən 1/6 hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməlidir. Eyni zamanda 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddaçı Cavabdeh1 qəyyumu X8 (bundan sonra-cavabdeh) cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 14000 manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 4/6 pay mülkiyyətçisidir. Fəaliyyət qabiliyyətsizdir. X8 onun qəyyumudur. Onlara 13 saylı Notariat Ofisindən daxil olan bildiriş daxil olmuşdur ki, cavabdeh İddiaçı özünə məxsus 1/6 hissədə payını satmaq niyyətindədir və həmin payın satış dəyəri 45000 manat müəyyən edilmişdir. Cavabdeh artıq bir neçə ildir ki, bu cür əsassız məbləğlərlə guya öz payını satmaq niyyətini nümayiş etdirir. İddia ərizəsinə əlavə olunan sənədlərdən də görünür ki, mənzilin ümumi dəyəri 80000 manatdır. Belə olduqda 1/6 hissədə payın dəyəri heç cür 45000 manat ola bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(006)-81/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh1 qəyyumu X6 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı 15.000 (on beş min) manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(006)-81/2022 saylı qətnaməsinin iddiaçı Cavabdeh1 qəyyumu X6 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddiasının təmin edilməsi hissəsində ləğv edilməsinə və iddiaçı Cavabdeh1 qəyyumu X6 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə ilə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur və ona görə də sözügedən məhkəmə aktı qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Tofiq oğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 qanuni nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etmədi, onun təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(103)-3712/2022 saylı qərardadı ilə İddiaçı iddiadan imtinası qəbul edilərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(006)-81/2022 saylı qətnaməsi- İddiaçı cavadbehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünmasi tələbinə dair iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qət olunmuşdur. Hazırda apellyasiya baxışının predmetində qalan hissə qətnamənin 2-ci iş üzrə iddiaçı Cavabdeh1 qəyyumu X6 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddiasının təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnaməni qeyd olunan hissədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlakın 1/6 hissəsi X2, 1/6 hissəsi İddiaçı, 4/6 hissəsi Cavabdeh1 Sabir oğlunun mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 İddiaçı tərəfindən ünvanlanan bildirişdən görünür ki, İddiaçı ünvan 2 ünvanındakı daşınmaz əmlakın 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsini təklif etmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarından Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 və X4 ünvanlanmış 20 noyabr 2019-cu il tarixli, 200 saylı məktubun surətindən görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək, ona məxsus olan 1/6 payını 45000 manata satmaq istədiyini bildirmişdir. Qonşular kimi mənzili satın alınmaqla üstünlük hüquqları olduğundan, 45 gün müddətində almaqları təklif oluniuşdur. İş materiallarında olan Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 01.08.2017-ci il tarixli 107 saylı Sərancamın surətindən görünür ki, fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 üzərində keçmiş həyat yoldaşı X8 qəyyum təyin edilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh1 qəyyumu X8 cavabdeh İddiaçı qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 14.000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Mərdanovlar qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanovlar qardaşları küçəsi, ev 15, 50 saylı mənzil Cavabdeh1 4/6 hissəsi xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 431 №-li reyestr kitabının 40038 №-li vərəqində 29.05.2007-ci il tarixdə qeydiyyata alınmışdır. X3 1/6 hissəsi 29.05.2007-ci il tarixdə, İddiaçı 1/6 hissə 16.06.2015ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən daxil olmuş 30.09.2020-ci il tarixli, H/01-PLS №-li Hesabatdan görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlakın bazar dəyəri 90.000 manat, cavabdeh İddiaçı məxsus mənzilin 1/6 hissəsinin bazar dəyəri 15.000 manatdır. İş materiallarında olan iddiaçı Cavabdeh1 qəyyumu X8 tərəfindən verilən vəsatətdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi və iddiaçı Cavabdeh1 qəyyum X8 və cavadeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair işlər bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-234/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadından görünür ki, vəsatət təmin edilmiş, iddiaçı Cavabdeh1 qəyyumu X6 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair 2(006)-234/2021 saylı mülki iş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair 2(006)-375/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 375 saylı 10 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 15 saylı edin, 50 saylı paylı mülkiyyətdə olan mənzilinin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında 1/6; 4/6; və 1/6 hissə olmaqla paylar üzrə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İNŞAAT NORMA və QAYDALARİNİN 2.08.01.89-cunun 2.2; 2.4;2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Mənzilin təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün bu sual üzrə tədqiqat aparılmır. Birinci insansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin edərkən qeyd etmişdir ki, məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi ilə əlaqədar qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin naturada bölünməsi mümkün olmadığina, təklif olunan 15.000 manat məbləğində kompensasiya ağlabatan və eyni zamana ədalətli olduğuna görə, İddiaçı həmin mənzildə payı cüzi olduqda (10.8 kv.m.) və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair” iddia rədd olunmaqla ona 15.000 (on beş min) manat kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiəolunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyəthüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahibolmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındanibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 215.2-ci maddəsinə görə paylımülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə vəistifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. MM-nin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-nin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Göründüyü kimi, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Beləliklə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Hazırkı halda isə cavabdeh tərəf iddiaçıya mülkiyyət payına görə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmüşdür. Hansı ki, iddiaçının onun əmlaka olan mülkiyyət hüququna görə pul kompensasiyasının ödənilməsinə razılığı olmamış, hazırda payın naturada ayrılması tələbi də mövcud deyildir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyət payına görə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda cavabdeh Cavabdeh1 qəyyumu X1 hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Buna görə də, mübahisələndirilən hissədə iddia əsassız olduğundan, təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 50 manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Götərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(006)- 81/2022 saylı qətnaməsi mübahisələndirilən-iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi X6 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə palı əmlakdakı paya hüququnun itirilməsi tələbinə dair iddiasının təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar