Məhkəmə qərarları › İş №2(103)-3713/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3713/2023

11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3713/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-639/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzil iddiaçının anasına məxsus olmuş, o, vəfat etdikdən sonra X3, Cavabdeh1, Cavabdeh2 həmin mənzildə onlara düşən miras payını iddiaçıya qanunvericilikdə nəzərdə tutulan qaydada bağışlamışlar. Hazırda mübahisəli mənzil xx.xx.2015-ci il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər - iddiaçının qardaşı, bacısı və bacısının uşaqlarıdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X2 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzil anasına məxsus olmuş, anası vəfat etdikdən sonra atası X3, qardaşı Cavabdeh1, bacısı Cavabdeh2 həmin mənzilə dair miras paylarını notarial qaydada ona bağışlamış, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən həmin mənzil qeyd olunan tarixdən tam pay üzrə onun mülkiyyətindədir. Onunla birlikdə yaşayan atası 2021-ci ildə vəfat etmişdir. Cavabdeh1 10 min manat pul vermişdir, İlqar da 2-3 ildir ki, bütün əşyaları ilə birlikdə Xırdalanda yerləşən evinə köçüb yaşayır, həmin vaxtdan mənzillə bütün əlaqəsi kəsilmişdir. Cavabdeh2 12 min manat pul verilmişdir, Ayna 10 ildən çoxdur ki, Lökbatanda torpaq sahəsi alaraq tikdiyi ikimərtəbəli evdə ailəsi ilə birgə yaşayır. Cavabdeh3 və azyaşlı X2 həmin bacısının uşaqlarıdır. Cavabdeh2 20 min manat pul ödəməli olması barədə aralarında hər hansı razılaşma olmamışdır, bu barədə Aynanın məhkəmədə verdiyi izahat həqiqətə uyğun deyildir. Göründüyü kimi, cavabdehlər on ildən artıqdır ki, ona məxsus mənzildə yaşamırlar və daimi olaraq yaşamaq üçün özlərinə məxsus evlərə köçüb getmişlər. Hazırda cavabdehlərin ona məxsus mənzillə hər hansı əlaqələri yoxdur. Lakin formal olaraq ona məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mülkiyyətçi kimi mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(002)- 639/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvləri olmamaqla onunla birgə yaşamadıqlarından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus mənzildə yaşamayan və daimi yaşayışlarını özlərinə məxsus başqa yaşayış yerində təmin edən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia əsaslı hesab olunmalıdır. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə faktiki yaşamadan qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir.

6. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir.

Apelyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(002)-639/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi İddiaçı özü belə etiraf etmişdir ki, kompensasiya şəklində ona verilməli olan pulun 8000 (səkkiz min) manatı ona ödənilməmişdir. Həmçinin qanunvericiliyə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolveriməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsi qanunsuz və əsassız olması, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçünmühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırımaması qətnamədə gösdərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli, iddia tələbinin təmin ediməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, bağışlama müqaviləsinin və etibarnamənin etibarsız sayılması və ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, mübahisəli mənzil 1986-cı il tarixində anası tərəfindən alınıbdır. Daha sonra anası 2008-ci il tarixində vəfat etdikdən sonra mənzil 4 yerə bölündü. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, bacısı həmin evdən təqribi ailə qurduqdan sonra çıxdı. O, evləndikdən 1 il sonra oradan çıxdı. O, çıxdıqdan sonra bacısı orada yaşamağa davam edirdi. O, evdən 2005-ci ildə çıxdı, anası həmin vaxt sağ idi. Bacısı evdən çıxanda o, orada yaşamırdı. Onlar həmin evə köçəndə bacısı 4 yaşında idi. Bacısı 1974-cü il təvəllüdlüdür. Bacısı evləndikdən sonra da bir müddət həmin evdə yaşadı. Daha sonra bacısı qardaşı ilə yola getmədi, evdən çıxdı. 1998-ci il tarixində o, ailə qurub. O, oradan çıxandan sonra qardaşı ilə bacısının münasibətləri pozuldu. Bacısı evdə yaşayan zaman uşaqları var idi. Daha sonra bacısı gedib kirayə yaşadı. Anası rəhmətə getdikdən sonra atasına baxan olmadı, o, həmin evi təmir edərək evə köçdü, 6 ay yaşadıqdan sonra yenidən həmin evdən çıxdı. O, atasına bacısı üçün 10 min manat pul verib ki, bacısı özünə ev tiksin. O, bacısına həm də 2500 manat material pulu verib. Atası onun adından pulu bacısına verib. Bacısı özünə ev tikdi, hazırda həmin evdə yaşayır. Ev tikildikdən sonra Ukraynaya köçdülər, 3 ildir ki, oradan qayıdıblar və həmin tikilidə yaşayırlar.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 bildirmişdir ki, 18 avqust 2015-ci il tarixdə apellyasiya şikayəti verən şəxs bağışlama müqaviləsi əsasında öz payından imtina etmişdir. Bağışlama müqaviləsinin məzmunu tərəflərə izah edilmişdir. Tərəf heç bir qeyd şərt olmadan, heç bir öhdəlik olmadan öz üzərinə düşən payını qardaşına bağışlamışdır. Mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı bildirir ki, bağışlama müqaviləsində müəyyən öhdəliklər götürülməsə də iddiaçı qardaşına 10 min manat məbləğində, bacısına isə təqribən 14 min manat ödəniş etmişdir. Hazırda bacısının Lökbatan qəsəbəsində fərdi yaşayış evi vardır. Qardaşının isə Xırdalan şəhərində yaşayış evi vardır. Birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayəti verən tərəfin mənzildən istifadə hüququna xitam vermişdir. Bundan başqa bildirir ki, evdə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq istər kommunal xərclər, istərsə də digər xərclər artıq hesablanır. Apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o, qətnamədən şikayət verməmişdir, əvvəldən vermək istəməyib. Onun Xırdalanda evi vardır. Qardaşı ona evin əvəzində pul veribdir

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ona münasibətdə bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının 18.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 19.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20.157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiqedilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

21.53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 22.60.1-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 23.60.6-ci maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 24.87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 19 aprel 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən “.... hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.”

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

28. İş materiallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilə 01 oktyabr 2009cu il tarixədək (80-ci illərdə) köçmüş və paylı mülkiyyətçi statusunu əldə etmədiyi zaman həmin yaşayış sahəsini tərk etmişdir. O, anasının vəfatından sonra vərəsəlik qaydasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzildən ona düşən ¼ payını xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır. Cavabdeh2 yuxarıda qeyd edilən mənzildə uzun müddət ərzində yaşamaması da işin mübahisələndirilməyən hallarına aiddir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən hazırki mübahisəyə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, yəni köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. 29.Kollegiya qeyd edir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu cür mübahisələrə baxılarkən məhkəmə tərəfindən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 30.Bu baxımdan, cavabdehin evdən çıxıb qanunla nəzərdə tutulan altı aydan daha uzun (10 il) müddətə mübahisəli evdə yaşamaması, həmin müddət ərzində evə qayıtmağa cəhd etməməsi, əgər evə qayıtmağa maneələr törədilmişdirsə və evə qayıtmaq niyyəti olubsa, bununla bağlı məhkəmədə iddia qaldırmaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparmaması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzilin ¼ hissəsinə mülkiyyət hüququnu əldə etdikdən sonra xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özünə düşən payını iddiaçıya bağışlaması cavabdehin həmin evdən daimi çıxması barədə nəticəyə üstünlük verən faktlardır. 31.Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin istifadə hüququ xx.xx.2015-ci ildən əvvəl, yəni mübahisəli mənzil anasına məxsus olan dövrdə itirilmiş olmuşdur. Anası vəfat etdikdən sonra isə cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzilin ¼ hissəsinə mülkiyyət hüququnu vərəsəlik qaydasında əldə etmiş və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özünə düşən payını iddiaçıya bağışlamaqla mülkiyyət hüququnun ünsürlərindən biri olan həm də həmin mənzilə dair istifadə hüququndan yenidən imtina etmişdir. Beləliklə də mübahisəli mənzilin mülkiyyətçisinin dəyişilməsinin, yəni xüsusi mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasının cavabdehin, həmin mənzildə yaşamadığından, hüquq və vəzifələrin həcminə hər hansı təsiri olmamışdır. 32.Cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər ilə əlaqədar isə qeyd edilməlidir ki, o, bağışlama müqaviləsninin bağlanması müqabilində müəyyən məbləğdə pulun ona verilməli olmasına dair tərəflərin arasında müvafiq razılaşmanın mövcudluğuna, ödənilməli olan pulun apellyasiya şikayətində göstərilən məbləğdə olmasına istinad etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin bağışlanacaq əmlakın müqabilində müvafiq məbləğdə pul ödənilməsi şərti tərəflər arasında bağlanmış müqavilənin (bağışlama müqaviləsinin) hüquqi mahiyyətinə ziddir. 33.Beləliklə cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamaması və iş üzrə araşdırılmış digər hallar onun həmin yaşayış sahəsini daimi tərk etməsi kimi qiymətləndirilməsinə əsas verir. Cavabdehin, istifadə hüququna xitam verildiyi mənzildə yaşamadan orada qeydiyyatda olması da iddiaçının-mülkiyyətçinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-639/2023 saylı 28 mart 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli, iddia həmin hissədə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilənlərə uyğun olaraq təmin edilməlidir.

35. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-639/2023 saylı 28 mart 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilsin. İddia bu hissədə təmin edilsin. Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsi, 4 saylı evin 3 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar