Məhkəmə qərarları › İş №2(103)-3714/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3714/2021

11.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3714/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və 15 saylı Şəhər Poliklinikasına qarşı “işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 noyabr 2020-ci il tarixli qətnamədən cavabdeh Poliklinikanın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsinə dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh Poliklinika üzrə verilmiş 22.04.2019-cu il tarixli, 43-K nömrəli əmrin ləğv edilməsini, iddiaçının həmin Poliklinikaya işə bərpa edilməsini, 22.04.2019-cu il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Poliklinika tərəfindən iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.02.2021-ci il tarixli qərardadı ilə cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətini qaytarmış, cavabdeh Poliklinika tərəfindən verilmiş apellyasiya şikayətini isə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) göndərmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh Nazirlik iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01.02.2021-ci il tarixli qərardaddan şikayət vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan həmin Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-nin 269-cu maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər 15 saylı Şəhər Poliknikasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “buraxılmış müddətin üzrlü hesab edilərək işə barpa edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar