Məhkəmə qərarları › İş №2(103)-3715/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3715/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3715/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-422/2020 saylı qətnaməsindən cavabdeh (qarşılqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra, 1-ci cavabdeh) və Cavabdeh2 (bundan sonra, 2-ci cavabdeh) qarşı «mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin Bankın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılmış halda Banka təhvil verilməsi və cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin veridyi 16.07.2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evi bankın mülkiyyətinə keçmişdir. Cavabdehlərin Banka məxsus fərdi yaşayış evindən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və Bankın mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən də ipoteka predmeti olmuş və sonradan bankın mülkiyyətinə keçmiş fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları və yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə qarşılıqlı iddia vermiş, qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evlə bağlı məhkəməyə müraciət etmək hüququ tükənməmişdir. Həmin evin yenidən obyektiv qiymətləndirilməsi aparılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)- 422/2020 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. 1-ci cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işə əvvəllər eyni predmet üzrə baxılmasını, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-4812/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ipoteka qoyulmuş yərdi yaşayış evi məhkəmə qətnaməsinin icrası sahəsində kredit borcunun ödənilməsinin təminatı kimi açıq hərraca çıxarılmış, nəticə bank həmin evi əldə etmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin, cavabdehlər hazırki vaxtadək evdən çıxmamışdır. Cavabdeh işi süni surətdə uzatmaq üçün formal şikayətlər verir. Halbuki, mənzil uzun müddətdir ki, bankın xüsusi mülkiyyətindədir və cavabdehlər orada qanunsuz yaşamaqla iddiaçının hüquqlarını pozmaqda davam edirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia təmin olunmuş, digər 2-ci cavabdeh qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz 1-ci cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sübutlara əsasən - mübahisəli yaşayış sahəsi iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, öhdəliklər lazımınca yerinə yetirilmədiyindən məhkəmə qərarı ilə kredit borcunun bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə (hazırki iş üzrə mübahisəli yaşayış sahəsinə) yönəldilməsi qət edilmiş, hərrac zamanı ev iddiaçı tərəfindən əldə edilmiş və mülkiyyət hüquqları 16 iyul 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olsa da, həmin yaşayış sahəsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin (Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə yuxarı instansiya məhkəməsinin qətnaməsi) icrası ilə bağlı kredit borcunun ödənilməsi istiqamətində açıq hərraca çıxarılmış, nəticədə iddiaçı onu əldə etmiş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İpoteka qoyulmuş əmlak qətnaməsinin icrası sahəsində iddiaçının mülkiyyətinə keçmiş, lakin cavabdeh «İpoteka haqqında» Qanunun 59-cu maddəsinin tələblərinə zidd olaraq ən geci bir ay ərzində mənzili tərk etməmişdir (cavabdeh yaşayış sahəsini məhz kreditin qaytarılması üçün ipoteka qoymuş, bununla da qeyd edilən normaya əsasən müvafiq halda yaşayış sahəsini tərk etmək vəzifəsini daşımışdır). Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanunihüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində eyni predmet üzrə işə bir dəfə baxılmasını göstərsə də, qeyd edilən qətnamədən (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-4812/2020 saylı qətnaməsi) görünür ki, iddiaçı X2 cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə» qarşı «hərracın keçirilməsinə dair bildirişin ləğv olunması» tələbinə dair iddiası təmin olunmamışdır. Göründüyü kimi, qeyd edilən iddia tələbi və həmin tələbin rədd olunması barədə məhkəmə qərarı hazırki işə baxılmasını istisna etmir (1-ci cavabdeh qeyd edilən işlə hazırki işin səbəbli əlaqəsini əsaslandırmamışdır). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilk iddianın təmin olunması hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Bununla yanaşı, qarşılıqlı iddia da tam əsassız olmuş, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. 1-ci cavabdeh ümuimiyyətlə qarşılıqlı iddia üzrə tələbini əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin izahatı (bildirdikləri) da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-422/2020 saylı qətnaməsindən cavabdeh (qarşılqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-422/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar