Məhkəmə qərarları › İş №2(103)-3716/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3716/2022

17.08.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3716/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətlərin qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5596/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 30.000 (otuz min) manat əmanət və 30 (otuz) manat dövlət rüsumu, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, hal-hazırda ləğv prosesində olan Cavabdeh1 ASC ilə onun arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 12-267331-2 02.2020 nömrəli Bank əmanəti müqaviləsi və 12-267331-1/26.02 Bank hesabı müqaviləsinə əsasən onun tərəfindən banka 30.000 manat əmanət qoyulmuşdur. 2019- 2021-ci il tarixlərdə o Rusiya Federasiyasında təhsil aldığı üçün və Covid-19 pandemiyaya görə əmanətini həmin vaxtlarda ala bilməmişdir. Onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu”na onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nə qoyulmuş 30.000 manat əmanətin ona qaytarılması barədə ərizə verməyinə baxmayaraq indiyədək həmin ərizəyə cavab verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5596/2021 saylı, 08 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 30.000 (otuz min) manat əmanət və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 28.3-ci maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, İddiaçı kompensasiya ödənişinin həyata keçirilməsi üçün xx.xx.2021-ci il tarixli ilk müraciəti xx.xx.2021-ci il tarixində ƏSF-yə daxil olmuşdur. Qanunun qeyd edilən müddəasının açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmiş ərizədən görünür. Məhkəmənin isə bu hala münasibət bildirməməsi işə səthi yanaşmanın bariz nümunəsidir. Məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni hərhansı səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 28.4-ci maddəsinə əsasən Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni hər-hansı səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. Digər tərəfdən İddiaçı tələbi kreditor tələbi kimi xx.xx.2020-ci il tarixində mühasibat uçot sənədlərində əks edilmiş 30 413.48 manat məbləğ qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindənbaxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı qanunla müəyyən edilmiş 1 il ərzində fonda müraciət etmədiyindən və bu müraciətini üzrlü səbəblərdən edə bilməməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə əmanətlərin qaytarılması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh1 ASC-nin ləğv prosesi başlayan tarixlərdə İddiaçı Rusiya Federasiyasında təhsil aldığı üçün və Covid-19 pandemiyaya görə ölkəyə gələ bilmədiyi üçün əmanətini həmin vaxtlarda ala bilməmişdir. Hesab edir ki, həmin hallar üzrlü səbəb kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayəti ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 12-267331-2 02.2020 nömrəli Bank əmanəti müqaviləsi və 12-267331-1/26.02 Bank hesabı müqaviləsindən görünür ki, onun tərəfindən banka 30.000 manat əmanət qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında imzalanmış 26 fevral 2020-ci il tarixli 12-267331-1/26.02 saylı Bank hesabı müqaviləsinə və 12-267331-1/26.02 saylı 26 fevral 2020-ci il tarixli Bank əmanəti müqaviləsinə əsasən onun tərəfindən banka 30.000 manat əmanət qoyulmuşdur. 2019- 2020-ci il tarixlərdə o Rusiya Federasiyasında təhsil aldığı üçün və Covid-19 pandemiyaya görə əmanətini həmin vaxtlarda ala bilməmişdir. Onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu”na onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nə qoyulmuş 30.000 manat əmanətin ona qaytarılması barədə ərizə verməyinə baxmayaraq indiyədək həmin ərizəyə cavab verilməmişdir. Tərəflər arasında imzalanmış 12-267331-1/26.02 saylı 26 fevral 2020-ci il tarixli Bank əmanəti müqaviləsinin 1.1-ci bəndinə əsasən bank açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Əmanətciyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 26 fevral 2020-ci il tarixli Hesabdan Çıxarışdan görünür ki, İddiaçı 30000 manat məbləğində vəsait hesaba mədaxil etmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən, Sığorta hadisəsi baş verdikdə, Fond KİV-də Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir. 9.5-ci bəndinə əsasən, Fonddan kompensasiya almaq üçün Əmanətçi yazılı ərizə ilə müraciət edir. İş materiallardan göründüyü kimi, Əmanətçi 12 iyul 2021-ci ildə müraciət Fonda müraciət edib, lakin Fonddan cavab verilməmişdir. Müqavilədən görünür ki, ərizəni verildiyi tarixdən 90 gün müddətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləğləri tam şəkildə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X4 tərəfindən müəyyən edilir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC müflis elan olnub və iflas proseduruna başalnılıb, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin olunmuş, bundan sonra qanuna müvafiq olaraq ƏSF tərəfindən bildiriş dərc edilməklə xx.xx.2020-ci il tarixindən başlayaraq bankda 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə ərizələrin qəbulu və kompensasiyalrın verilməsi barədə əmanətçilərə məlumat verilmişdir. Yuxarıda qeyd edilən Qanunun mənasından göründüyü kimki fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İddiaçı müəyyən edilmiş müddət ərzində müraciət etməməsinin səbəblərini onunla əsaslandırmışdır ki, 2019-2021-ci il tarixlərdə o, Rusiya Federasiyasında təhsil aldığı üçün və Covid-19 pandemiyaya görə əmanətini həmin vaxtlarda ala bilməmişdir. Halbuki bu barədə, yəni həqiqətən həmin dövr ərzində ölkə xaricində olması barədə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halları araşdırmayaraq yekun nəticəyə gəlmişdir. Halbuki apellyasiya baxışı zamanı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməklə iddiaçının 2020-ci ilin yanvar ayından hal-hazırki dövrədək sərhədkeçmə (ölkə ərazisinə giriş-çıxış barədə) məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 22 iyun 2022-ci il tarixli, 16/5229 nömrəli məktubuna əlavə edilmiş iddiaçının dövlət sərhədindən rəsmi hərəkətləri barədə giriş-çıxış və qeydiyyat X1 Axtarış Sistemindən edilmiş çıxarışdan görünür ki, iddiaçı bildirişin dərc edildiyi vaxtdan sonra, yəni xx.xx.2020-ci ildən sonra 1 il ərzində dəfələrlə Azərabaycan Respublikası ərazisinə (20 sentyabr 2020-ci il, 11 aprel 2021) daxil olmuşdur. Göründüyü kimi iddiaçı 2020-ci ilin sentyabr və 2021-ci ilin aprel aylarında Əmanətlərin Sığortalanması Fonduna etdiyi müraciətdən sonra ölkə ərazində olmaqla qanunla müəyyən edilmiş müddət ərzində Fonda müraciət etmək üçün imkanı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət daxilində Əmanətlərin Sığortalanması Fonduna əmanətin qaytarılması barədə müraciət etməmiş, eyni zamanda həmin müraciətin 1 il ərzində üzrlü səbəblərdən edilə bilməməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əmanətin qaytarılması üçün qanunla müəyyən edilmiş müddət ərzində Əmanətlərin Sığortalanması Fonduna müraciət etmədiyindən hazırki iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına lazımi hüquqi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5596/2021 saylı, 08 oktyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 30.000 (otuz min) manat əmanət və 30 (otuz) manat dövlət rüsumu, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş rüsumunun məbləği isə onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar