Məhkəmə qərarları › İş №2(103)-3718/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3718/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3718/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “xxxx” MMMC-nin Cavabdeh qarşı binanın ümumi əmlakının saxlanılması xərcinin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(005)-690/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) cavabdeh X3 qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7-də yerləşən 8 nömrəli mənzilin mülkiyyətçisidir. Mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 20.12.2017-cü il tarixli RX ******* nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilin yerləşdiyi ünvan üzrə mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə 18 iyul 2017-ci il tarixində “xxxx" MMMC dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlamışdır. Qanunvericiliyin tələbi üzrə yaradılmış MMMC-nin Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən ‘‘Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 3.1.3-cü maddəsinə əsasən “Cəmiyyət qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malikdir. MMMC-nin ümumi yığıncağının 28.08.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi qərara alınmışdır. Ödənişi nəzərdə tutulan məbləğə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcləri daxil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra cavabdehlə 05 oktyabr 2018-ci il tarixli 0708/18 saylı kommunal xidmətlərə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMMC mülkiyyətçiyə (X3) onun mülkiyyətində olan mənzilə dair kommunal xidmətlər göstərir, mülkiyyətçi isə bu xidmətləri istifadə edərək MMMC-yə xidmət haqqı ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən kommunal xidmətlərə aiddir: ümumi istifadədə olan sahənin və bina kompleksinin həyatyanı sahəsinin təmizlənməsi, liftlərin istismarının təmin edilməsi, mənzilin mərkəzləşdirilmiş isitmə sistemi vasitəsi ilə qızdırılması, mənzilin soyuq və isti su ilə təchizatı, bina kompleksinin ümumi istifadədə olan hissələrinin, habelə binaların çöl tərəfinin (fasadın) cari təmiri və təmizliyinin təşkil edilməsi, binanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunması və s. Müqavilənin 3.1-ci bəndinə əsasən mülkiyyətçi, ona göstərilən kommunal xidmətə görə hər ay “xxxx” MMMC-yə öz mülkiyyətində olan mənzilin və ya qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 0.65 AZN vahid xidmət haqqı ödəyir. Cavabdeh Tağızadə Ruslanın mülkiyyətində olan mənzilin sahəsi dövlət reyestrindən çıxarışa əsasən 112,2 kv.m təşkil edir və buna görə də həmin mənzil üzrə cəmiyyətə aylıq ödənilməli olan məbləğ 73 manat təşkil edir (112,2 kv.m. x 0.65 AZN = 73 manat). Lakin cavabdeh qanunla və müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmir. Belə ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh Tağızadə Ruslan mülkiyyətində olan sahəyə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişlərin edilməsindən heç bir səbəb göstərmədən imtina etmiş və nəticədə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərində iştirakdan qanunsuz olaraq yayınmışdır. Mənzil qanunvericiliyi hətta sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri, MMMC-nin üzvü olub-olmamasından, mülkiyyətində onun mənzildən və ümumi əmlakdan istifadə edib-etməməsindən asılı olmayaraq, ümumi əmlakın saxlanmasına, təmirinə çəkilmiş xərclərdə, faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməsində iştirak etməyə borcludurlar. Qeyd edilənləri nəzərə alaraq, X1 Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7-də yerləşən 8 nömrəli mənzilin saxlanılmasına görə 2019-cu ilin iyun ayından hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi günə qədər hər ay üçün 73 manat pulun iddiaçı “xxxx” MMMC-nin xeyrinə tutulması, X1 250 manat məbləğində vəkil xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMMC-nin xeyrinə tutulması, X2 “xxxx” MMMC qarşısında çoxmənzilli binanın saxlanılmasına görə ödəməli olduğu məbləğin ödənilməməsinə görə ödəməli olduğu məbləğin 150 % tətbiq etməklə cərimə edilməsi və həmin məbləğin “xxxx" MMMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 yanvar 2020-ci il tarixli iclasında cavabdeh X4 əsl Cavabdeh ilə əvəz edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7-də yerləşən 8 nömrəli mənzilin saxlanılmasına görə 2019-cu ilin iyun ayından hazırkı iş üzrə qətnamə icra olunduğu günədək hər ay üçün 73 manat pulun, 250 manat məbləğində vəkil xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh “xxxx” MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 14.09.2020-ci il tarixi iddia ərizəsinə əlavə ilə məhkəməyə təqdim olunmuş “xxxx” MMMC-nin 28.08.2018-ci il tarixli ümumi yığıncağının qərarı qanunsuzdur. Belə ki, həmin qərarın qəbul edilməsi ilə bağlı MMMC iştirakçılarının ümumi yığıncağı keçirilməmişdir. Yaşadığı 7 saylı binanın sakinləri həmin yığıncaqda iştirak etmədiyi halda bina sakinləri adından saxta qərar tərtib olunmuşdur. Sözügedən qərarda göstərilir ki, 3 binada (5,7,13) cəmi 184 sahə mülkiyyətçisi vardır ki, onlardan 98-i ümumi yığıncaqda guya iştirak etmişdir, o cümlədən onun yaşadığı 7 saylı binadan 31 nəfər sahə mülkiyyətçisi və onların hamısı ümumi əmlakın saxlanılma xərcinin 20-24 qəpikdən 65 qəpiyə qaldırılmasının lehinə səs vermişdir. Bina sakinlərinin rəyi öyrənilmədən, heç bir sorğu keçirilmədən birdən-birə ümumi əmlakın saxlanılma xərcinin 3 dəfədən çox artırılması və binadan 31 nəfərin bu qərara etiraz etməməsi ağlabatan deyil. Bu qərarın nə vaxt qəbul edilməsindən binanın sakinlərinin xəbəri yoxdur. Kommunal xidmətlərə dair 05.10.2018-ci il tarixli müqavilə MMMC ilə Cavabdeh arasında deyil, mənzilin əvvəlki mülkiyyətçisi X4 ilə bağlanmışdır. Sözügedən müqavilənin 2.1-ci maddəsində göstərilir ki, bu müqavilə tərəflər arasında imzalandığı andan etibarən müddətsiz şəkildə mülkiyyətçi dəyişənədək qüvvədədir. Yəni mənzilin mülkiyyətçisi 2019-cu ilin iyun ayında dəyişdiyindən sözügedən müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Eyni zamanda, Mənzil Məcəlləsinin 123.0.2-123.0.3-cü maddələrində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək MMMC-nin vəzifəsidir. Məcəllənin 137.5-ci maddəsində qeyd olunur ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Cavabdeh ilə “xxxx” MMC arasında müqavilə bağlanmadığından cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. “xxxx” MMMC indiyədək 7 saylı binanın mənzil mülkiyyətçilərinə öz fəaliyyəti, yığılan vəsaitlərin xərclənməsi barədə hesabat təqdim etməmiş, həmçinin binanın saxlanılması ilə bağlı hər hansı təmir və ya yaxşılaşdırmalar həyata keçirməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(005)- 690/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmununa uyğundur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(005)-690/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” MMMC ilə X4 arasında bağlanmış 05.10.2018-ci il tarixli 0708/18 №-li müqavilədən görünür ki, “xxxx” MMMC mülkiyyətçiyə, onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Bəşir Səfər oğlu küçəsi 476-cı məhəllə, bina 7-də yerləşən 8 nömrəli mənzilə dair kommunal xidmətlər göstərir, mülkiyyətçi isə bu xidmətlərdən istifadə edərək “xxxx” MMMC-yə xidmət haqqı ödəyir. Kommunal xidmətlərə aiddir: ümumi istifadədə olan sahənin və bina kompleksinin həyətyanı sahəsinin təmizlənməsi, liftlərin istismarının təmin edilməsi, mənzilin mərkəzləşdirilmiş isitmə sistemi vasitəsi ilə qızdırılması, mənzilin soyuq və isti su ilə təchizatı, bina kompleksinin ümumi istifadədə olan hissələrinin, habelə binaların çöl tərəfinin (fasadın) cari təmiri və təmizliyinin təşkil edilməsi, binanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunması və s. İş materiallarında olan “xxxx” MMMC-nin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 476-cı məhəllədə yerləşən 5,7,13 №-li binalardakı ümumi əmlakın saxlanılması xərci hər 1 kv.mə görə 65 qəpik müəyyən edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 20.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7-də yerləşən 8 saylı mənzil xüsusi mülkiyyət kimi X2 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7-də yerləşən 8 saylı mənzili 13 iyun 2019-cu il tarixdə Cavabdeh satmışdır. İş materiallarında olan “xxxx” MMMC ilə “Ədalət” Vəkil Bürosu arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 10.12.2019-cu il tarixli 558 №-li müqavilədən görünür ki, hüquqi yardımın göstərilməsinə görə 250 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. İş materiallarında olan “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) nizamnaməsindən, Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMMC Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 476-cı məhəllədə yerləşən 5,7,13 №-li binaların idarə edilməsi üçün yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Mənzil Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Maddənin məzmunundan görünür ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətdə iştirakı vəzifə kimi yox, hüquq kimi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 124-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. İş materiallarından görünür ki, “xxxx” MMMC-nin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 476-cı məhəllədə yerləşən 5,7,13 №-li binalardakı ümumi əmlakın saxlanılması xərci hər 1 kv.mə görə 65 qəpik müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Mənzil qanunvericiliyinin tələblərindən də göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olub-olmamalarından, habelə mənzil sahəsindən istifadə edib-etməmələrindən asılı olmayaraq, yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqı ödəməlidirlər. İşin faktiki hallarından görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7-də yerləşən 8 saylı mənzili 13 iyun 2019-cu il tarixdə alqı-satqı yolu ilə əldə etsə də, mənzili aldığı vaxtdan həmin binada ümumi əmlakın saxlanılması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməmişdir. Buna görə də tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin imzalanmamasından asılı olmayaraq, o, “xxxx” MMMC-nin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş hər kv.metrə görə 65 qəpik olmaqla 112,2 kv.m sahəyə görə 73 manat pulu həmin MMMC-yə ödəməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh bu vəzifəsi müqavilədən yox, mənzil qanunvericiliyinin tələblərindən irəli gəlir. “xxxx” MMMC-nin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarının məhkəmədə mübahisələndirilməsi də onu çoxmənzilli binada ümumi əmlakın saxlanılması xərclərindən azad etmir. Çünki çoxmənzilli binada ümumi əmlakın saxlanılması mütəmadi xərc tələb edir və bu xərclərin ödənilməməsi binada bir sıra xidmətlərin həyata keçirilməməsinə səbəb ola bilər. Əgər “xxxx” MMMC-nin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarı məhkəmədə mübahisələndirilib ləğv olunarsa və ya kommunal xərclər aşağı salınarsa, Cavabdeh ödədiyi artıq pulların geri qaytarılmasını tələb edə bilər. Mənzil Məcəlləsinin 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “xxxx” MMMC məhkəmədə iddia qaldırmağa məcbur olmuş və bu məqsədlə hüquqi yardıma görə 250 manat və məhkəmədə iddia qaldırılmasına görə 30 manat pul ödəmişdir. Buna görə də ödənilmiş həmin pul vəsaitləri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(005)- 690/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar