Məhkəmə qərarları › İş №2(103)-3720/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3720/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3720/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: “ipotekaya xitam verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1058/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bank ilə borcalan arasında bağlanmış 7 sentyabr 2015-ci il tarixli, BK-2449/15saylı Baş Kredit Müqaviləsi ilə, bank sonuncuya illik faiz dərəcəsi 25% olmaqla 60 ay müddətinə 400.000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür.

2. Bank ilə borcalan arasında bağlanmış 7 sentyabr 2015-ci il tarixli, BK-2449/15-USD saylı Kredit Müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank sonuncuya illik faiz dərəcəsi 18% olmaqla 48 ay müddətinə 90.000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür.

3. Bank ilə borcalan arasında bağlanmış 7 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsindən və ödəniş cədvəlinə əsasən, bank sonuncuya illik faiz dərəcəsi 20.5% olmaqla 24 ay müddətinə 60.000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür.

4. Bakı şəhəri 53 saylı Notariat Kontorunda Bank ilə İddiaçı arasında bağlanmış 2449/15-USD nömrəli 7 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil Baş Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Bank ilə borcalan arasında bağlanmış 7 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsi üzrə 16 mart 2016-cı il tarixli 1 saylı Əlavə Sazişə və 20 aprel 2017-ci il tarixli 2 saylı Əlavə Sazişə əsasən, sonuncunun bank qarşısında kredit öhdəliyinin müddəti bir neçə dəfə uzadılmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X4 və qeyrilərinə qarşı “borcun tutulması və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdehlərdən müştərək qaydada 165.657,12 manat məbləğində əsas borc, 49.206,98 manat məbləğində faiz borcu, 2.000 məbləğində cərimə olmaqla, cəmi 216.864,1 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manatın Bankın xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilin "xxxx" ASC qarşısında 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə onun arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, İP 2449/15-USD saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İskəndərova Hədiyyə Əzizağa qızına və qeyrilərinə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İskəndərova Hədiyyə Əzizağa qızından, X5, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 165.657,12 manat əsas borc, müqavilənin bitmə tarixinə kimə hesablanmış 55.1164,79 manat faiz, 9.404,37 manat cərimə olmaqla, ümumilikdə 230.226 manat pul vəsaitinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması; tutmanın İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilə yönəldilməsi və evin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi; İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı həmin evdən çıxarılması; həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)- 840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (bundan sonra - birinci instansiya məhkəməsinin qətnaməsi) iddia qismən təmin edilmiş, 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdehlərdən müştərək qaydada 165.657,12 manat məbləğində əsas borc, 49.206,98 manat məbləğində faiz, 2.000 məbləğində cərimə olmaqla, cəmi 216.864,1 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manatının Bankın xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)- 1891/2022 nömrəli iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə və Ali Məhkəmənin MKnın xx.xx.2022-ci il tarixli, 2(102)-3319/2022 saylı qərarı ilə (X12 (sədrlik edən və məruzəçi), hakimlər X11 və X9) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)-840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissəsi təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 14.1 və 14.1.1-ci maddələrinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. İpoteka müqaviləsinə həmin tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış, lakin qanunvericiliyin tələbinə uyğun olaraq ipotekanın əlavə dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, iddiaçının 20 aprel 2017-ci il tarixli əlavə saziş üzrə ipoteka hüququ əmələ gəlməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə və ondan törəmə olan digər hissələrdə, yəni ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün 30 manat rüsumun tutulması, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi hissələrində təmin edilə bilməz.» İşin hallarından göründüyü kimi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İskəndərova Hədiyyə Əzizağa qızı arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmamışdır. Yəni, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)-840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cəmi 216.864,1 manat məbləğində borc cavabdehlərdən 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə deyil, tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə tutulmuşdur. Bu səbəbdən hesab edilmişdir ki, 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə borc öhdəliyi olmadığından və ipoteka predmeti tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən ipoteka ilə yüklü edilmədiyindən İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil ipoteka yüklülüyündən azad edilməlidir. Belə ki, iddiaçı tərəfindən 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə borc öhdəliyinin olmadığını əsas gətirərək həmin kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil ipoteka yüklülüyündən azad edilməsinə dair "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir.

9. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinə əsasən X3 illik 20,5 faizlə 24 ay müddətinə 60.000 manat, 07 sentyabr 2015-ci il tarixli, 2449/15-USD hesablı kredit müqaviləsinə əsasən 90.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranacaq öhdəliklərin təminatı olaraq İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu ünvan 4 ünvanda yerləşən 88 saylı mənzil ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə dövlət reyestrində qeydə alınmışdır. Hazırda əsas öhdəlik üzrə borclu X1 ləğv prosesində olan "xxxx" ASC-yə pul borcunun olması yekun məhkəmə aktları ilə öz təsdiqini tapır. Yəni əsas öhdəlik icra olunmamışdır. Belə ki, ipoteka öhdəliyi əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir və yalnız borc öhdəliyi aradan qalxdığı halda əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «öhdəliyin icrasının təmini üsulu olan ipoteka ilə bağlı» 11 fevral 2022-ci il tarixli qərar). Beləliklə, məhkəmələrin tələb üzrə borc məbləğini ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etməməsi ipoteka öhdəliyinin aradan qalxmasına səbəb olmur. «İpoteka haqqında» Qanunun 1.0.7 və 1.0.8ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik, əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır («İpoteka haqqında» Qanunun 10.1-ci maddəsi). İpotekaya xitam verilməsi halları «İpoteka haqqında» Qanunun 48-ci maddəsində göstərilmişdir ki, bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi: əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; «İpoteka haqqında» Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Göründüyü kimi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi halı «İpoteka haqqında» Qanunun 48-ci maddəsində (İpotekaya xitam verilməsi halları) göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1058/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(001)-840/2021 saylı qətnaməsindən göründüyü kimi, 07 sentyabr 2015-ci il tarixli İP 2449/15-USD saylı ipoteka müqaviləsinə 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə saziş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, tələb üzrə tutma ipoteka predmetinə yönəldilməmişdir. İpoteka ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin müddəalarının bank tərəfindən pozulmasının nəticə etibarı ilə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməli olmaması məsələsinə məhkəmə qaydasında artıq hüquqi qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar həm məhkəmə, həm də işdə iştirak edən şəxslər üçün mübahisəsiz xarakter daşıyır.

12. İpoteka ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin müddəalarının bank tərəfindən pozulmasının nəticə etibarı ilə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməli olmaması məsələsinə məhkəmə qaydasında artıq hüquqi qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar həm məhkəmə, həm də işdə iştirak edən şəxslər üçün mübahisəsiz xarakter daşıyır.

13. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin yüklü saxlanılması üçün heç bir qanuni əsas mövcud deyil. Əksinə, əmlakın ipoteka yüklülüyündə qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazırki iş üzrə ipoteka yüklülüyünə xitam verilməsinə “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanan hallardan «bu Qanunla nəzərdə tutulmuş digər hallar» hissəsini rəhbər tutaraq məhkəmə işin diqqətəlayiq və araşdırılmış hallarını, ən əsası isə qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla ipotekaya xitam verilməli olması nəticəsini həm qanuni, həm də ədalətli sayır.

14. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1, 10.4, 11.1, 11.2, 14.1 və 48.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh LPO "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(006)-1058/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinə əsasən İskəndərova Hədiyyə Əzizağa qızına illik 20.5%-lə 24 ay müddətinə 60000 manat, xx.xx.2015-ci il tarixli, 2449/15-USD hesablı kredit müqaviləsinə əsasən isə 90000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranacaq öhdəliklərin təminatı olaraq İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10A, 88 saylı mənzili 07sentyabr 2015-ci il tarixli İP 2449/15-USD saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İskəndərova Hədiyyə Əzizağa qızı kredit məbləğini ödəniş planına uyğun olaraq qaytarmasına dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini, bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin2(001)- 840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə öhdəliyini hal-hazırki dövrədək icra etməmişdir. Ona görə də məhkəmənin müvafiq qətnaməsi əsassızdır. Belə ki, məhkəmə mübahisələndirilən ipoteka predmeti olan əmlakın hansı əsas öhdəliyin təminatı olduğunu, həmin əsas öhdəliyin hazırda mövcud olub-olmadığını və s. bu kimi zəruri halları müəyyən etmədən sözügedən maddənin tələblərini pozmaqla səhv qətnamə qəbul etmişdir. Hazırda mübahisələndirilən mövcud qətnamədə məhkəmə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməli olmaması məsələsinə məhkəmə qaydasında artıq hüquqi qiymət verildiyini və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların həm məhkəmə, həm də işdə iştirak edən şəxslər üçün mübahisəsiz xarakter daşıdığını qeyd etməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırda borcalan İskəndərova Hədiyyə Əzizağa qızının bank qarşısında borc öhdəliyi mövcuddur. Əsas öhdəlik üzrə borclu X1 ləğv prosesində olan "xxxx" ASCyə pul borcunun olması yekun məhkəmə aktları ilə öz təsdiqini tapır və əsas öhdəlik borclu tərəfindən icra olunmamışdır. Hesab edirik ki, məhkəmə əsas öhdəliyə xitam verilib-verilmədiyini araşdırmadığı üçün göstərilən maddi hüquq normasının pozuntusuna yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, tutmanın ipotelka predmetinə yönəldilməməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Daha sonra kredit müqaviləsinə əlavə bağlanmış və ipoteka müqaviləsinə də əlavə saziş bağlanmışdır. İpoteka müqaviləsinə bağlanmış əlavə saziş “İpoteka haqqında” Qanuna əsasən ipoteka hüququ yaratması üçün dövlət qeydiyyatına alınmadığı üçün ipoteka hüququ yaranmamışdır. İddia tələbi və pulun tutulması 2017-ci il tarixli əlavə sazişə uyğun olaraq tutulmuşdur. 2015-ci il tarixli müqavilə üzrə tərəflər yeni müqavilə bağlayırsa artıq əvvəlki müqaviləyə xitam verilmişdir. Yeni saziş üzrə müddət və faiz dərəcələri dəyişmiş, yeni şərtlərlə yeni müqavilə bağlanmış, əvvəlki müqavilə qüvvəsini itirmişdir. Həmin qüvvəsini itirmiş müqavilə üzrə borc mövcud deyildir. Məhkəmə qətnaməsində bu hallar öz təsdiqini tapmışdır.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş, eyni zamanda LPO "xxxx" ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə qeyd etdiyi halı təsdiq edəcək hər hansı sübutu əlavə etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. 139-1.1.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

26. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

28. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

30. 269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

31. 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

32. 10.1 və 10.4-cü maddələrinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

33. 11.1 və 11.2-ci maddələrinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

34. 14.1-ci maddəinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə, ipoteka predmeti deyişdirildikdə və ipoteka predmeti özgəninkiləşdirildikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır

35. 48.1.1-48.1.5-ci maddələrinə əsasən ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

40. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

42. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

43. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.

44. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir

45. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş çərçivəsində müzakirə predmeti olmayan hallardan göründüyü kimi müvafiq kredit müqaviləsindən irəli gələn əsas öhdəliyin təminatı kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə edilmiş dəyişikliyə münasibətdə əlavə dövlət qeydiyyatı aparılmadığından ipoteka müqaviləsi qüvvəyə minməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən dəyişikliyə münasibətdə ipoteka predmetinə tutmanın yönəldilməsi yolverilməz hesab edilmişdir. Məhkəmə gəldiyi qənaəti “İpoteka haqqında” Qanunun 10.4-cü və 14.1.1-ci maddəıəri ilə əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka saxlayan və ipoteka qoyan razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və ya “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda ipoteka qoyanın təşəbbüsü ilə “İpoteka haqqında” Qanunun 48-ci maddəsi işə düşür.

47. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrin məzmununa görə də ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

48. Qanuni qüvvəyə minmiş qətnaməyə əsasən Bankın kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsindən məhz bu hallar nəzərə alınmaqla imtina edilmişdir. Qeyd edilən bu hal “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipoteka yüklülüyünə xitam verilməsi üçün “Qanunda nəzərdə tutulan digər hallar” anlayışının təsir dairəsinə düşür. Belə olan halda, ipoteka saxlayan tərəfindən ipoteka müqaviləsinin (dəyişikliyin) dövlət qeydiyyatına alınmaması, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaratmış, o da, yaranmış bu hüququndan istifadə etməklə haqlı olaraq məhkəməyə müraciət etmişdir.

49. Qeyd edilməlidir ki, hazırki mülki iş üzrə əks nəticəyə gəlinməsi, yəni tutmanın yönəldilə bilməyən ipoteka predmetinin yüklü vəziyyətdə qalması, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır.

50. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1058/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün LPO "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar