Məhkəmə qərarları › İş №2(103)-3722/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3722/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3722/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, videokonfrans əlaqə sistemi vasitəsilə İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Kəngərli və Pratnyorları” Vəkil Bürosuna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4622/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılıb. Cinayət təqibi üzrə icraatda “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Emil Bədəlov müdafiəçi qismində iştirak edib. Bunun üçün hüquqi yardım göstərilməsi barədə xx.xx.2021-ci il tarixli 207 nömrəli müqavilə bağlanıb. Müqavilədə “müraciət edən şəxs” kimi Şahid (iddiaçının qardaşı), “hüquqi yardım göstərilən (müdafiə olunan) şəxs” kimi İddiaçı, “vəkil” kimi Emil Bədəlov, “vəkil qurumu” kimi “Kəngərli və Partnyorları” Vəkil Bürosu göstərilib. Müqaviləni 3 nəfər vəkil bürosunun rəhbəri, vəkil və müraciət edən şəxs imzalayıb. Müqavilədə hüquqi yardımın haqqı 2.700 manat müəyyən edilib. Həmin məbləğ vəkil bürosunun hesabına ödənilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdehdən 2.700 manat alınaraq iddiaçıya qaytarılsın. İddia ərizəsindən görünür ki, iddiaçı həmin məbləği maddi ziyanın əvəzi kimi tələb edir. Belə ki, o, iddia ərizəsində “...2.700 manat pul vəsaiti civarında maddi ziyanın büro tərəfindən ödənilməsini istəyirəm” qeyd edib. Tələb onunla əsaslandırılıb ki, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən iddiaçının hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkil Emil Bədəlov, eyni zamanda həmin vəkil bürosu hüquqi yardım göstərilməsi barədə müqavilənin mühüm və zəruri şərtlərini, vəkilə həvalə olunmuş tapşırığı, habelə öz hüquq və vəzifələrini layiqincə icra etməmişlər, iddiaçıya yalan vədlər vermişlər və iddiaçının ailə üzvlərini aldatmışlar. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş yenidən araşdırılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. İddiaçı 13 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-2-ci maddəsinin göstərişinə uyğun olaraq məhkəmə icraatı videokonfrans əlaqə sistemi tətbiq edilməklə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “Kəngərli və Pratnyorları” Vəkil Bürosunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Əgər cinayət təqibi üzrə icraatda təqsirləndirilən şəxs İddiaçı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ pozulubsa, o, həmin hüququn pozulmasına görə zərərin əvəzinin ödənilməsini müdafiəçidən (vəkildən) tələb edə bilər. Belə ki, cinayət prosesində təqsirləndirilən şəxsə hüquqi yardım vəkil bürosu tərəfindən deyil, müdafiəçi tərəfindən göstərilir. Vəkil bürosu cinayət prosesinin iştirakçısı deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin 7.0.18-ci maddəsində cinayət prosesinin iştirakçıları sadalanıb, bu iştirakçıların sırasında vəkil bürosu nəzərdə tutulmayıb, müdafiəçi isə həmin maddədə cinayət prosesinin iştirakçısı kimi göstərilib. CPM-nin 91-ci maddəsindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçiyə malik olmaq və müdafiəçinin yardımından istifadə etmək hüququ var. CPM-in 92-ci maddəsinə görə, cinayət prosesində müdafiəçi qismində vəkil iştirak edə bilər. “Kəngərli və Partnyorları” Vəkil Bürosunun iddiaçıya və ya onun qohumlarına vəd verməsi və ya onları aldatması müəyyən olunmur. Hüquqi yardım haqqında müqavilənin 2.5-ci bəndindən görünür ki, 4 hal mövcud olduqda ödənilmiş haqq geri qaytarıla bilər: 1) müqavilə üzrə tapşırıq məhdudlaşdırıldıqda; 2) tapşırıq geri götürüldükdə; 3) müqavilə ləğv edildikdə; 4) vəkildən imtina edildikdə. Hazırkı iddia həmin hallara əsaslanmır, iddiaçı yalan vəd verilərək aldadıldığını və keyfiyyətli hüquqi yardım almaq hüququnun pozulduğunu iddia edir. Bu iddiaya görə cavabdehliyi vəkil daşıyır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinin 4-cü hissəsinə görə, işin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Lakin vəkil iddia ərizəsində cavabdeh kimi göstərilməyib. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4622/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh “Kəngərli və Pratnyorları” Vəkil Bürosuna qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar