Məhkəmə qərarları › İş №2(103)-3725/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3725/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3725/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “icarə haqqı borcunun, avtomobilə vurulmuş zərərin əvəzinin, cərimənin və hüquqi yardım xərcinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, özünə məxsus olan ** BX *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı “Toyota Prius” markalı minik avtomobilini günü 25 manat olmaqla cavabdehə icarəyə verdiyini, aralarında bağlanmış müqaviləyə görə cavabdehin 26 aprel 2020-ci il tarixdən başlayaraq aylıq ödənişlər etməyi və ödənişi gecikdirdiyi hər günə görə faiz ödəməyi öhdəsinə götürdüyünü, iyun-iyul ayı üçün olan ödənişlərini etmədiyi üçün 09.07.2020-ci il tarixində cavabdehin adına verdiyi etibarnaməni ləğv etdirdiyini, əvvəlki aylar üçün ödənişlərini gecikdirdiyinə görə cavabdehin cərimə borcunun da yarandığını, cavabdeh avtomobili zədələdiyi üçün onun təmirinə 3250 manat xərc çəkdiyini, bundan başqa cavabdehin yol hərəkət qaydalarını pozması səbəbilə 710 manat cərimələndiyini bildirmiş, buna görə də cavabdehdən 07.06.2020-09.07.2020-ci il dövrü üçün 800 manat borcun (32 gün x 25 manat = 800 manat), ödənişləri gecikdirdiyinə görə 35 manat cərimə borcunun, avtomobilin təmiri üçün çəkdiyi xərcə görə 3250 manatın, yol-hərəkəti qaydalarının pozulmasına görə 710 manat borcun, hüquqi xidmət üçün 300 manatın və 30 manat dövlət rüsumunun, yəni cəmi 5125 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3895 (üç min səkkiz yüz doxsan beş) manatın (2350+800+35+710), hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, yəni cəmi 4225 (dörd min iki yüz iyirmi beş) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və ədalətli qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, avtomobilin zədələnməsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin düzgün müəyyənləşdirilmədiyi, həmin ziyanın reallıqda 300 manat, yol-hərəkət qaydalarının pozulmasına görə ona aid cərimənin cəmi 360 manat olmasının, eləcə də müqavilə bağlanarkən iddiaçının ondan 800 manat depozit pulu aldığının nəzərə alınmadığı, vəkilə ödənilmiş 300 manatın ondan tutulmasının qanunsuz olduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir (cavabdehin nümayəndəsi prosesin təxirə salınması barədə ərizə göndərsə də, işin halları, nümayəndənin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə baxılması davam etdirilmişdir). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin müvafiq hissədə dəyişdirilməsini, yəni ondan tutulan məbləğin azaldılmasını xahiş etmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur və onunla Cavabdeh arasında bağlanmış 26.04.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı həmin avtomobili 800 manat depozit və 1200 gün ərzində günlük 21,66 manat ödəməsi şərtilə Cavabdeh istifadəsinə verməyi, Cavabdeh isə müvafiq ödənişləri həyata keçirməyi və müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə hər gecikdirilmiş gün üçün 10 manat cərimə ödəməyi öhdələrinə götürmüş, İddiaçı tərəfindən avtomobili idarə etməsi üçün Cavabdeh 26.04.2020-ci il tarixdə 3 il 4 ay 6 gün müddətinə (01.09.2023-cü il tarixədək) etibarnamə verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 26 aprel 2020-ci il tarixdən 03 may 2020-ci il tarixədək 125 manat, 03 may 2020-ci il tarixdən 10 may 2020-ci il tarixədək 125 manat, 11 may 2020-ci il tarixdən 17 may 2020-ci il tarixədək 125 manat, 18 may 2020-ci il tarixdən 24 may 2020-ci il tarixədək 150 manat, 25 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixədək 150 manat, 01 iyun 2020-ci il tarixdən 07 iyun 2020-ci il tarixədək 140 manat və 08 iyun 2020-ci il tarixdən 14 iyun 2020ci il tarixədək 109 manat ödəniş edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olarkən qəzaya uğramış, 26.04.2020-ci il tarixli etibarnaməyə 09.07.2020-ci il tarixdə xitam verilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində avtomobilin təmir-bərpa xərcinin təxminən 2350 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, 31 may 2020-ci il tarixli EQ3717268 №-li, 31 may 2020-ci il tarixli EQ3720353 №-li, 12 iyun 2020-ci il tarixli EQ3790423 №-li, 18 iyun 2020ci il tarixli EQ3824662 №- li, 18 iyun 2020-ci il tarixli İXP3323064 №-li, 23 iyun 2020-ci il tarixli EQ3853197 №-li, 26 iyun 2020-ci il tarixli EQ3868089 №-li, 27 iyun 2020-ci il tarixli İXP3342516 №-li, 30 iyun 2020-ci il tarixli İXP3353499 №-li, 01 iyul 2020-ci il tarixli EQ3894510 №-li, 02 iyul 2020-ci il tarixli EQ3899548 №- li, 03 iyul 2020-ci il tarixli EQ3906505 №-li, 03 iyul 2020-ci il tarixli EQ3908857 №-li, 03 iyul 2020-ci il tarixli EQ3908861 №-li, 04 iyul 2020-ci il tarixli İXP3364909 №-li, 09 iyun 2020-ci il tarixli BNA0909871 №-li protokollar əsasında “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı dayanma qaydalarının pozulmasına, yolda müəyyən edilmiş hərəkət sürətinin aşılmasına, nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ümumilikdə 728,20 manat cərimə hesablanmışdır. İddiaçının iddiasına görə, cavabdeh 07.06.2020-09.07.2020-ci il dövrü üçün 800 manat icarə haqqını ödəməmiş, ödənişləri gecikdirdiyinə görə 35 manat cərimə borcu yaranmış, eləcə də avtomobilə 3250 manat ziyan vurmuş, yol-hərəkəti qaydalarını pozduğuna görə avtomobilə 710 manat cərimə yazılmışdır və həm bu məbləğlər, həm də məhkəmə xərcləri (hüquqi yardım xərci və dövlət rüsumu) cavabdeh tərəfindən ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci və 701.2-ci maddələrinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlə icarə müqaviləsi bağladığını irəli sürsə də, onun istinad etdiyi müqavilənin məzmunu tərəflər arasında icarə münasibətlərinin deyil, nisyə alqı-satqı münasibətləri yarandığı qənaətinə gəlməyə əsas verir və iddia tələblərinə də məhz bu kontekstdə qiymət verilməlidir. Belə ki, müqavilədə, avtomobilin 1200 gün ərzində günlük haqq ödənilməsi şərtilə cavabdehin istifadəsinə veriləcəyinin nəzərdə tutulmasına baxmayaraq, onun dəyəri kimi müəyyənləşdirilən 26 000 manatı tam ödədikdən sonra “avtomobilin cavabdehin mülkiyyətinə keçiriləcəyi”, “əgər sürücü maşını hər hansı səbəbdən geri qaytararsa, həmin vaxta qədər ödədiyi pulun geri qaytarılmayacağı” nəzərdə tutulmuşdur – hansı ki, bu müddəalar icarə münasibətlərinin mahiyyətinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə görə isə, hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məcəllənin 600.4-cü və 600.5-ci maddələrinə görə isə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Yuxarıda qeyd olunanlardan və işin cavabdehin özünün də mübahisələndirmədiyi hallarından aydın olur ki, o, avtomobilin onun istifadəsində olduğu 32 günün haqqını ödəməmiş, eyni zamanda yol-nəqliyyat hadisəsi törədərək avtomobilə ziyan vurmuş, eləcə də yol hərəkəti qaydalarını pozaraq avtomobil üçün cərimə hesablanmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi ödənilməyən icarə haqqı (əslində isə alqı-satqı qiymətinin aylıq ödənilməli olan hissəsi) qismində 800 manatın, cərimələrə görə isə 710 manatın cavabdehdən tutulmalı olduğu nəticəsinə gəlsə də, kollegiya bununla razılaşmır – belə ki, sadə riyazi hesablama əsasında alqı-satqı qiymətinin 32 gün üçün ödənilməli olan hissəsinin 693,12 (32 gün x 21,66 manat) manat, avtomobilin Cavabdeh istifadəsində olduğu dövrdə yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələrin isə 469 manat təşkil etdiyi aydın olur. Tərəflər arasında müqavilə bağlanarkən cavabdehin 800 manat depozit ödədiyini nəzərə almaqla kollegiya hesab edir ki, onun iddiaçıya ödəməli olduğu məbləğ cəmi 3077,12 (üç min yetmiş yeddi manat 12 qəpik) manat müəyyənləşdirilməli (2350 + 693,12 + 35 + 469 + 300 + 30 – 800) və qətnamə müvafiq hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya birinci instansiya məhkəməsinin ekspertiza xərci ilə bağlı gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də apellyatora aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3772/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3895 (üç min səkkiz yüz doxsan beş) manatın (2350+800+35+710), ümumilikdə isə 4225 (dörd min iki yüz iyirmi beş) manatın alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh zurulmuş ziyanın əvəzi, ödənilməyən müqavilə haqqı və cərimələr qismində 2747,12 manat, məhkəmə xərcləri qismində 330 manat olmaqla cəmi 3077,12 (üç min yetmiş yeddi manat 12 qəpik) manat tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar