Məhkəmə qərarları › İş №2(103)-3727/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3727/2022

07.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3727/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı icbari sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(006)-933/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 ölümünə görə 11000 manat icbari sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 100 manat pulun və iddia ərizəsi verilməsi üçün ödədiyi 123 manat dövlət rüsumunun, cəmi 11223 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri polkovnik X3 01 avqust 1989-cu il tarixdən 28 iyul 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət keçmiş və 28 iyul 2021-ci il tarixdə hərbi xidmət dövründə vəfat etmişdir. Həyat yoldaşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmətə daxil olarkən sığortalanmışdır. Həyat yoldaşı hərbi xidmət dövründə vəfat etdiyinə görə 11000 manat məbləğində sığorta ödənişinin ona verilməsi üçün o, 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmiş, lakin ərizəsi cavabsız və nəticəsiz qalmışdır. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, cavabdeh təşkilat həyat yoldaşının ölümünə görə sığorta ödənişinin verilməsindən yalnız “Hərbi qulluçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslardan birinə istinad etməklə imtina edə bilərdi. Həmin hallar isə hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, mərhum sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, yaxud alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etməmişdir. Əksinə, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 27 avqust 2021-ci il tarixli qərarı ilə həyat yoldaşı İlham Seyidovun ölümü üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(006)-933/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə X3 04 dekabr 1999-cu ildə rəsmi nikaha daxil olmuşlar. X3 28 iyul 2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə ölümün səbəbi kimi boyun orqanlarının ilgəklə sıxılması nəticəsində mexaniki asfiksiya göstərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli arayışa əsasən, X1 ölümü hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmamışdır. Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 27 avqust 2021-ci il tarixli məktubdan görünür ki, mərhum X1 özünü öldürməsi faktı ilə əlaqədar Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı cinayət hadisəsi və əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, 27 avqust 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həyat yoldaşı İlham Seyidovun hərbi xidmət dövründə ölümü ilə əlaqədar icbari sığorta ödənişi almaq üçün 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, X3 intihar etdiyindən, “Hərbi qulluçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Buna görə də cavabdeh təşkilat məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8-ci maddəsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını təsbit edir və həmin Qanunun 8.1.5ci maddəsinə əsasən, sığorta olunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, yenə həmin Məcəllənin 935.1.10cu maddəsinə görə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallar sığorta ödənişinin verilməsindən imtina üçün əsaslardır. İş materiallarından və işin faktiki hallarından görünür ki, iddiaçının mərhum əri X3 28 iyul 2021-ci il tarixdə özünə qəsd edərək intihar etmişdir. Bu fakt Naxçıvan MR Hərbi Prokurorluğunda aparılmış araşdırma zamanı da təsdiq olunmuş, faktla bağlı cinayət hadisəsi və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti mərhumun arvadı İddiaçı göndərilmiş, ona qərardan şikayət vermək hüququ və qaydası izah olunmuş, qərardan şikayət verilməmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun hərbi qulluqçunun hərbi xidmət dövründə iradəsindən asılı olmayan səbəbdən baş vermiş sığorta hadisələrinə görə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Adı çəkilən Qanunun 8.1.5-ci maddəsinə görə sığorta olunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Konkret halda, X1 özünə qəsd etməsi iş materialları və o cümlədən Naxçıvan MR Hərbi Prokurorluğunda aparılmış araşdırma zamanı təsdiq olunmuş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Qanunun 8.1.5-ci maddəsində hərbi qulluqçunun özünə qəsd etməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunması nəzərdə tutulsa da, məhkəmə kollegiyası qeyd edir ki, özünə qəsd (intihar) hadisələri ilə bağlı ibtidai araşdırma üzrə heç də bütün hallarda cinayət təqibi materialları məhkəməyə göndərilməsi ilə nəticələnmir. Bu faktlarla bağlı cinayət hadisəsi, habelə əməldə cinayət tərkibi müəyyən edilmədikdə və cinayət təqibini istisna edən digər hallarda cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət təqibinə xitam verilməsi barədə prosessual qərarlar qəbul olunur. Buna görə də X1 özünə qəsd etməsi faktının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmaması özü-özlüyündə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsinə əsas vermir. Sığorta olunanın özünə qəsd etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmaqla mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(006)-933/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar