Məhkəmə qərarları › İş №2(103)-3728/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3728/2020

18.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3728/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3943/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işəBakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 1-ci keçid, 112 saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin və onun üzərində tikilmiş özbaşına tikililərin cavabdeh tərəfindən sökülərək öhdəsində olan ailə üzvləri və digər şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılaraq, İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3943/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 1-ci keçid, 112 saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin üzərində tikilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülərək öhdəsində olan ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddia qaldırmaq üçün ödənilmiş 10 manat dövlət rüsumunun dəyərinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsindən məlumatı olmamışdır. Məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir və mübahisəyə yenidən baxılaraq ədalətli qətnamə qəbul olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 59000 manat pulun tutulması müəyyən edilmişdir. 84/14 saylı xx.xx.2016-cı il tarixli Açıq hərracın nəticələri haqqında protokola əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 1-ci keçid, 112 saylı sahə iddiaçıya 27000 manata satılmışdır. Bu barədə iddiaçıya dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 152.1-ci maddələrinə istinad edərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 1-ci keçid, 112 saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin Cavabdeh öhdəsində olan ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi hissəsində əsaslı nəticəyə gəlsə də, torpaq sahəsinin üzərində tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi özbaşına tikililərin sökülməsi nəticəsinə gələrkən Mülki Məcəllənin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikililərə mülkiyyət hüququnun əldə edilməməsindən, Torpaq Məcəlləsinin 111-ci maddəsində isə zəbt edilmiş torpaq sahələrində tikilmiş tikililərin həmin torpaqları zəbt etmiş şəxslərin hesabına sökülməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, cavabdeh həmin torpaq sahəsini qanuni əsaslarla, alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə əldə etmişdir. Həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti aparılmışdırsa da belə həmin tikintinin torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsindən sonra aparılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi özbaşına tikililərin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişləri cavabdehə göndərilsə də poçt şöbəsi tərəfindən geri qaytarılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(008)- 3943/2018 saylı qətnaməsi qismən, “özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar