Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3728/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “əmrin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1172/2024 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış “ödənişli təhsil almaq haqqında” müqavilənin ləğv olunması və iddiaçının universitetin tələbələri sırasından xaric edilməsi barədə cavabdehin əmri ləğv edilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin qəbulundan iddianının yolverilməzliyinə görə imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, iddiaçı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyini nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Tərəflərin arasındakı münasibət ümumi (publik) hüququn deyil, xüsusi hüququn nizamasalma predmetinə aiddir. Belə ki, “ödənişli təhsil almaq haqqında” müqavilə mülki-hüquqi müqavilədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq xx.xx.2023-cü ildə iddiaçı (əcnəbi tələbə) ilə cavabdehin (təhsil müəssisəsinin) arasında “ödənişli təhsil almaq haqqında” müqavilə bağlanıb. Müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürüb ki, ödənişli əsaslarla iddiaçıya Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında “İqtisadiyyat” ixtisası üzrə təhsil verəcək, iddiaçı isə üzərinə öhdəlik götürüb ki, seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil alacaq və hər tədris ili üçün təhsil haqqını iddiaçıya ödəyəcək. Hazırkı iddia ilə mübahisələndirilən əmr həmin müqavilənin ləğv edilməsi barədədir. İddiaçı əmri mübahisələndirməklə mülki-hüquqi müqavilənin ləğvinin qanunsuz olduğunu iddia edir. Beləliklə, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır, iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1172/2024 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3728/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3728/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver