Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3728/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2024-ci il tarixli, 717/24 ir nömrəli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi işburaxma dövrü üçün əməkhaqqının və hər gecikdirilmiş gün üçün ödənilməli olan əməkhaqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (Hakim - Fuad Hüseynov) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinin zəif tərəfi olduğundan, əmək müqaviləsinin müddətli bağlanması onun bunu könüllü qəbul etməsi sayıla bilməz, hazırkı halda əmək münasibətlərinin uzun müddət davam etməsi qeyd edilən müqavilənin əslində müddətsiz bağlanmalı olması qənaətinə gəlməyə əsas verir. Rayon məhkəməsi müqavilənin müddətli olmasının etibarsız olması barədə tələbə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Çünki əqdlərin etibarsız hesab edilməsinə müddət tətbiq edilmir. Göstərilənlərə əsasən qətnamənin ləğv edərək, iddianın tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz:
5. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində xx.xx.2024-cü il tarixli 717/24 nömrəli əmrin etibarsız hesab edilməsini xahiş etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar faktiki olaraq xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə və xx.xx.2017-ci il, xx.xx.2022-ci il tarixli əmrlərə əsaslanır. Yəni, iddiaçı məhz xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə, həmçinin işəgötürənin xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixli əmrlərinin verilməsi ilə onun hüquqlarının pozulmasına əsaslanaraq iddia qaldırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixli 187036 nömrəli əmək müqaviləsinə, həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin xx.xx.2017-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərinə münasibətdə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Beləliklə qeyd edilənlərdən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçıla əmək müqaviləsi bağlanılarkən və onun əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinə tam və düzgün şəkildə əməl olunmuşdur. Beləliklə yuxarıda sadalananlara əsasən cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(002)-1192/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, şirkətin yeni layihəsi olanda işçi ilə əmək müqaviləsi bağlayacaqlar, onların işçi ilə hər hansı ədavəti yoxdur. Sübutların tədqiqi
8. Mülki iş materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul etmiş, işçi həmin vəzifədə işləməyi və bu müqavilədə göstərilən hüquq və öhdəliklərə malik olmağı qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər bununla təsdiq edirlər ki, işçinin yerinə yetirməli olduğu iş müvəqqəti xarakter daşıyır və qarşılıqlı razılığa gəlirlər ki, müqavilə xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.
9. xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı əsas iş yeri olmaqla “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul etmiş, işçi həmin vəzifədə işləməyi və bu müqavilədə göstərilən hüquq və öhdəliklərə malik olmağı qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsaən, bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.
10. İddiaçı Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 1 (bir) ay xəbərdarlıq müddətini gözləmədən xx.xx.2017-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
11. İddiaçı Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 1 (bir) ay xəbərdarlıq müddətini gözləmədən xx.xx.2017-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
12. İddiaçı Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 1 (bir) ay xəbərdarlıq müddətini gözləmədən xx.xx.2022-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
13. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı əsas iş yeri olmaqla “əl ilə qaynaqaparan elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul etmiş, işçi həmin vəzifədə işləməyi və bu müqavilədə göstərilən hüquq və öhdəliklərə malik olmağı qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsaən, bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.
14. A seriyalı 426141 saylı diplomun surətindən görünür ki, İddiaçı elektrik qaz qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır.
15. Mülki iş materiallarında olan peşə təlimi üzrə beynəlxalq sertifikatın surətindən görünür ki, İddiaçı aşındırıcı və cilalama çarxlarının təhlükəsiz istifadəsi üzrə kursu uğurla bitirmişdir.
16. İddiaçı dair BOS Şelf qaynaqçısının test təsdiq sertifikatının surətindən görünür ki, test hissələrinin müəyyən edilmiş kodlara və standartlara uyğun hazırlandığı və sınaqdan keçirildiyi təsdiq edilmişdir.
17. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Cavabdeh LTD şirkətində qaynaqçı vəzifəsində işləmiş (xx.xx.2007-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir); xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş (xx.xx.2017-ci il tarixdə AR ƏMnin 68-ci maddəsinin 2“a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir);
18. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş (xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2“a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir); xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir (xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir).
19. Cavabdeh MMC-nin İddiaçı qarşı ünvanladığı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinin müddətinin uzadılmaması barədə” xəbərdarlığın surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatacaqdır. Əmək müqaviləsinin müddəti uzadılmayacaq və xx.xx.2024-cü il tarixdə əmək münasibətləri başa çatacaqdır. Əmək müqaviləsinin müddətinin uzadılmaması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq İddiaçı bütün qanuni hüquqları və öhdəlikləri yerinə yetiriləcəkdir.
20. “Azari” Express tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-dən qəbul edilmiş zərf qaimə (868936) İddiaçı çatdırılmamış, səbəb kimi ünvana gedildiyi, lakin qeyd olunan şəxsin məktubu qəbul etməkdən imtina etdiyi göstərilmişdir.
21. Cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 717/24 ir nömrəli İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 187036 nömrəli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndində əsasən və 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada Cavabdeh MMC və işçi arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, işçi ilə son haqq-hesabın qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılaraq işçiyə bütün müvafiq sənədlərin təqdim edilməsi əmr edilmişdir.
22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.
23. Cavabdeh MMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin təsisçiləri ARDNŞ-nin “Şelflayihətikinti” İstehsalat Birliyi və “X3” şirkətidir.
24. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bos Şelf şirkəti sifaris əsasında müxtəlif müddətli layihələr icra edir, görülən işlər daimi xarakter daşımır, qaynaqçı peşəsi üzrə bütün işçilərlə müddətli müqavilə bağlanır, heç bir ayrı-seçkiliyə yol verilmir, ona görə də icra edilən layihə müddətindən asılı olaraq vaxtaşırı onların sayı artır və azalır. Məsələn, 2022-ci ildə şirkətdə 2500 işçi (o cümlədən 500 qaynaqçı) olduğu halda, 2024-cü ilin sonunda bu rəqəm layihələrin yekunlaşması və aparılan ixtisarlar nəticəsində 1400 işçi (o cümlədən 200 qaynaqçı) olmuşdur. Bütün işçilər də layihələrin müvəqqəti olduğunu, işin daimi xarakterə malik olmadığını bilirlər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 8.1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.
3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Maddə 51.1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir (19 noyabr 2023-cü il tarixə qədər qüvvədə olan mətn). Maddə 51.1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir (28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, hazırda qüvvədə olan mətn). Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (13 avqust 2024-cü il tarixə qədər olan mətni). Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (Hazırda qüvvədə olan mətn). Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. ...b) əmək müqaviləsinin müddətinin qurtarması;... Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
27. 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
28. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
29. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
30. 4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2 ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
31. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
32. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
33. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
34. 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
40. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
41. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
45. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
47. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə bildirir ki, iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2024-ci il tarixli, 717/24 ir nömrəli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini tələb etsə də, onun əsas narazılığı iddiaçı məhz xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə, həmçinin işəgötürənin xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixli əmrlərinin verilməsi ilə onun hüquqlarının pozulması ilə bağlıdır. Yəni iddiaçı onunla bağlanan əmək müqavilələrinin əslində müddətsiz olaraq bağlanmalı olmasına istinad edir.
50. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı ilə bir neçə dəfə eyni əmək funksiyaları ilə əlaqədar müddətli əmək müqaviləsinin bağlanması, öz-özlüyündə həmin əmək münasibətlərinin müddətsiz olmasını qənaətinə gəlməyə əsas verə bilməz. Belə ki, cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, şirkət məhz konkret layihələrlə əlaqədar işçilərlə əmək müqavilələri bağlayır, bu zaman işçilərə müfəsslə şəkildə əmək münasibətlərinin həmin layihələrin müddəti ilə məhdudlaşması da izah edilir. Belə olan halda, hətta bir neçə dəfə eyni əmək funksiyaları ilə bağlı əmək müqavilələrinin bağlanması (hətta beş ildən artıq müddətə) bu əmək müqaviləsinin müddətsiz olması anlamına gələ bilməz. Müasir dövrdə bazar iqtisadiyyatı şəraitində məhsul istehlaçılarına azad və bərabər iqtisadi şərait yaradılması dövlətin iqtisadi gücünün artırılması üçün əsas fəaliyyət istiqamətlərindəndir. Bu baxımdan layihələr əsasında fəaliyyət göstərən şirkətin eyni bir şəxslə dəfələrlə oxşar əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı müddətli əmək müqavilələrinin qarşılıqlı razılıq əsasında bağlanması Əmək Məcəlləsinin tələblərinə uyğundur. Bu hal öz-özllüyündə qanun pozuntusu sayıla bilməz. Görünən odur ki, iddiaçının cavabdehlə eyni işin yerinə yetirilməsinə dair bir neçə dəfə yenidən müqavilə bağlamsı məhz həmin işləri, cavabdehin qeyd etdiyi kimi, müxtəlif layihələr üzrə yerinə yetirilməsi ilə bağlı olmuş və iddiaçı da bunu bilmişdir, iddiaçının öz davranışı, yəni əvvəlki illər üzrə verilmiş əmrlərin həmin vaxtlarda mübahisələndirilməməsi də bunu təsdiq edir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir. Həmin Qərarda qeyd olunur ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
52. Bundan əlavə, rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin iddiasını əsaslandırdığı tələb üzrə (xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətlə bağlı 2.1-ci bəndinin mübahisələndirilməsi və müqavilənin müddətsiz hesab edilməsi ilə bağlı tələb üzrə) iddia müddəti də ötürülmüşdür. Belə ki, müqavilənin müddətsiz bağlanmalı olduğunu iddia edən tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün məhz həmin müqavilənin bağlandığı tarixdir. Hazırda cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, qeyd olunan tələbin təmin edilməsi də mümkün deyildir.
53. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
54. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətlə bağlı 2.1-ci bəndindən həmin tarixdən xəbərdar olması ehtimalı olmaması ehtimalından daha ağılabatandır (nə qədər ki, həmin müqaviləni imzalamışdır). Odur ki, rayon məhkəməsinin iddiaçı tərəfindən bir aylıq müddətin ötürülməsi ilə əlaqədar cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi də əsaslı olmuşdur.
55. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
56. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.