Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3729/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı NadirovaTəranə Abbas qızının Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3729/2022 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, vəkili X6, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, onun cavabdehlə birgə nikahından doğulmuş 2 uşağı ilə birlikdə ünvan 1 ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülməsi, birgə nikah dövründə əldə edilmiş və cavabdehin adına qeydiyyatda olan “Mercedes-Benz C-180” markalı, 90-OK264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində onun payının, yanında qalmış övladlarının mənafeyi nəzərə alınmaqla 2/3 hissədə, cavabdehin payının isə 1/3 hissədə müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia qismən təmin edilərək, iddiaçının 2 uşaqları ilə birlikdə ünvan 2 ünvanda inşa edilmiş evə köçürülməsi, habelə “Mercedes-Benz C-180” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 30 avqust 2008-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 29 iyul 2009-cu il tarixdə Xalid, 22 oktyabr 2015-ci il tarixdə Sübhan adlı uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər 2 uşağın anaları İddiaçı yanında saxlanılması, habelə 15 may 2020-ci ildən başlayaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilib. Tərəflər birgə nikah dövründə ünvan 2 ünvanda inşa edilmiş evdə (özbaşına tikilidə) yaşamağa başlamışlar. İddiaçının iddiasına görə həmin ev cavabdehlə nişanlı olduqları dövrdə həm onun, həm də cavabdehin atasının maddi yardımı ilə inşa edilib. Tərəflərin nikahları pozulduqdan sonra iddiaçı həmin evdə yaşamaqda davam etsə də, cavabdehin və ailəsinin hərəkətləri ucbatından o, 2 uşağı ilə birlikdə evdən çıxmağa məcbur olub. Mübahisəli evin reyestrdə qeydə alınmamış özbaşına tikili olması işin mübahisə olunmayan halıdır və həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da 2 uşağı ilə birlikdə həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Qeyd olunanlara əsasən mübahisəli ev iddiaçının yaşayış yeri sayıldığından və cavabdehin onu evə buraxmaması səbəbindən yaşadığı evdən qanunsuz olaraq məhrum edildiyindən, iddia tələbi evə köçürülmə hissəsində təmin edilməli və iddiaçı 2 uşağı ilə birlikdə həmin evə köçürülməlidir. Eyni zamanda “MercedesBenz C-180” markalı, **-OK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə alqı-satqı müqaviləsinə əsasən cavabdehin mülkiyyətinə keçdiyindən, həmin nəqliyyat vasitəsi tərəflərin ümumi birgə mülkiyyəti sayılır və nəqliyyat vasitəsinin bölünməsi zamanı onların bu əmlakdakı payları bərabər hesab edilir. Həmçinin, tərəflər Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş ardıcıllığa riayət etmədikləri üçün iddia, nəqliyyat vasitəsinin hərracdan satılması, əldə edilmiş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin cavabdehə verilməsi hissəsində rədd edilməlidir.
4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Konstitusiyanın 43-cü maddəsinin, Mülki Məcəllənin 27-ci maddəsinin, Ailə Məcəlləsinin 32.1, 36.1, 37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddiaçının uşaqları ilə mübahisəli evə köçürülməsi hissəsində ləğv edilib, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılıb.
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
8. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Konstitusiyanın 43-cü maddəsinin, Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-823/2022 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməsi, apellyasiya instansiyası məhəməsinin qətnaməsinin ləğv olunması və mülki işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi Qərara alınmışdır.
11. Həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin hüquqi statusu, faktiki sahibi ilə bağlı cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə kifayət qədər araşdırma aparmayıb və hansı dəlilə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamə göstərməyib və bununla da Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini pozub. Həmin maddənin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərməyə borcludur. Digər tərəfdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə işə əlavə edilmiş 1974-cü ilin iyun ayında Evlər İdarəsi tərəfindən cavabdehin babası Dadaşbala Nadirovun adına tərtib edilmiş “ev sahibinin kartoçkası”nın surətindən görünür ki, iddiaçının köçürülməsini iddia etdiyi ünvan 2 ünvanda yerləşən ev onun iddia etdiyi kimi 02 noyabr 2008-ci ildə deyil, 1959-cu ildə inşa edilib. Evin sahibi cavabdeh deyil, onun babası Dadaşbala Nadirov olub və sonuncunun ölümündən sonra ev cavabdehin atası Xeyirbala Nadirovun faktiki sahibliyinə, istifadəsinə keçib və işdə, bunun əksini təsdiq edən heç bir sübut yoxdur. İşə əlavə edilmiş Nəsimi rayonu, 59 saylı MKİS tərəfindən verilmiş arayışlarda da sözügedən evin iddiaçıya və ya cavabdehə məxsus olması qeyd edilməyib və həmin arayışlarda iddiaçının evdə qeydiyyatsız yaşadığı göstərilib. Evin iddiaçıya və ya cavabdehə məxsus olması, cavabdehin atası Xeyirbala Nadirovun 05 fevral 2005-ci ildən qeydiyyatda olmaqla həmin evdə yaşaması ilə də istisna olunur. Apellyasiya instansiyası məhkəməsi, sözügedən evin hər iki ailənin razılığı və birgə vəsaiti hesabına toya kimi, yəni 02 noyabr 2008-ci il tarixədək inşa etməklə yaşayış üçün yaralı vəziyyətə gətirdiklərini, evin tikintisi və təmir xərclərinin həm də iddiaçının atasının maddi vəsaiti hesabına ödənildiyini və sair göstərsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırmayıb və hansı mötəbər yazılı sübutlara əsasən bu qənaətə gəlməsini qətnamədə göstərməyib
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
d) Apellyasiya şikayətinin dəlilləri
12. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətin dəlilləri ilə oxşar olaraq əsaslandırılmışdır ki, Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmişdir.Bundan başqa, Rayon Məhkəməsi iddiaçı həmin evə köçürsə də, iddiaçının mübahisəli yaşayış sahəsinə hər hansı hüququnun olub-olmadığını araşdırmamışdır.Mübahisəli ev cavabdehin atasına məxsusdur, cavabdehin babası tərəfindən atasına miras qalmışdır.Mübahisəli evin inşa etdirilməsində iddiaçının atasının iştirak etməsi barədə iddiaçının bildirdikləri həqiqəti əks etdirmir.
e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ə) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, vəkili X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdilər.
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddia ərizəsinin məzmununa, habelə 1-ci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir.
15. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermiş, həmçinin iddiaçının köçürülməsini tələb etdiyi tikililinin ona məxsus olduğunu, oğlu Cavabdeh və iddiaçıya heç bir aidiyyəti olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
16. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
18. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
19. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
f) Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qətnamə iddianın evə köçürülmə tələbinin təmin olunduğu hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunaraq iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
33. Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-823/2022 saylı Qərarındakı araşdırılması göstərilmiş mövqelər baxımından məhkəmə Kollegiyası xx.xx.2022ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
34. Kollegiya qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 30 avqust 2008-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 29 iyul 2009-cu il tarixdə Xalid, 22 oktyabr 2015-ci ildə Sübhan adlı 2 uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər 2 uşağın anaları İddiaçı yanında saxlanılması, habelə 15 may 2020-ci ildən başlayaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilib.
35. Hazırda iddiaçı, cavabdehlə aralarında nikaha daxil olmamışdan əvvəl, yəni 11 iyun 2008-ci il tarixdə el adətinə uyğun olaraq nişan mərasimi olduğunu, hər iki ailənin razılığı və birgə vəsaitləri hesabına toya kimi, yəni 02 noyabr 2008-ci il tarixədək ünvan 1 ünvanda mübahisəli evi inşa edib yaşayış üçün yaralı vəziyyətə gətirdiklərini, evin tikintisi və təmir xərclərinin onun və cavabdehin atasının maddi vəsaiti hesabına ödənildiyini, 30 avqust 2008-ci il tarixdə cavabdehlə nikahını rəsmi qaydada qeydə aldırdığını, toya bir neçə gün qalmış, yəni 2008-ci ilin oktyabr ayının sonlarında cehiz əşyalarını həmin evdə yerləşdirdiyini, 02 noyabr 2008-ci il tarixdə, toy məclisindən sonra həmin evə gəlin köçdüyünü, həmin tarixdən etibarən əri və övladları ilə birlikdə orada yaşadığını, cavabdeh yaşayış yeri üzrə həmin evə qeydiyyata düşsə də, onu həmin evə qeydiyyata almadığını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulduğunu, qətnamənin “aliment hissəsi” ilə bağlı tərtib edilmiş icra vərəqəsi ünvana daxil olan gün, yəni 07 avqust 2020-ci il tarixdə cavabdeh və qohumları tərəfindən evdən qovulduğunu, polisin vasitəsilə evə qayıtsa da bir neçə gündən sonra cavabdehin evin giriş qapısının kilidini dəyişərək onu evə buraxmadığını, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla digər yaşayış yerinin olmadığını göstərib, 2 övladı ilə birlikdə həmin evə köçürülməsini iddia edir.
36. Cavabdeh isə mübahisəli evin nə ona, nə də iddiaçıya aid olmadığını, həmin evin atası Xeyirbala Nadirova məxsus olmaqla ona da babası Dadaşbala Nadirovdan miras qaldığını, bu halın 1974-cü ildə tərtib edilmiş “ev sahibinin kartoçkası” ilə təsdiq edildiyini, evin 2008-ci ildə iddiaçı ilə toylarından əvvəl nişanlı olduqları vaxt onun atasının maddi vəsaiti hesabına inşa və təmir edilməsinin hər hansı sübutla təsdiq edilmədiyini, həmin vaxt evin artıq mövcud olduğunu, babası Dadaşbala Nadirovun ölümündən sonra evin faktiki olaraq atası Xeyirbala Nadirovun sahibliyinə, istifadəsinə keçdiyini, özbaşına tikinti olsa da ev və onun yerləşdiyi torpaq sahəsi üzərində sonuncunun “qanuni gözlənti”yə malik olduğunu, iddiaçı ilə aralarında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulmaqla ailə münasibətlərinə xitam verildiyini göstərib, iddiaya etiraz edir.
37. İşə əlavə edilmiş Nəsimi rayonu, 59 saylı MKİS tərəfindən verilmiş arayışlarda da sözügedən evin iddiaçıya və ya cavabdehə məxsus olması qeyd edilməyib və həmin arayışlarda iddiaçının evdə qeydiyyatsız yaşadığı göstərilib.
38. Evin iddiaçıya və ya cavabdehə məxsus olması, cavabdehin atası Xeyirbala Nadirovun 05 fevral 2005-ci ildən qeydiyyatda olmaqla həmin evdə yaşaması ilə də istisna olunur.İddiaçı sözügedən evin hər iki ailənin razılığı və birgə vəsaiti hesabına toya kimi, yəni 02 noyabr 2008-ci il tarixədək inşa etməklə yaşayış üçün yaralı vəziyyətə gətirdiklərini, evin tikintisi və təmir xərclərinin həm də iddiaçının atasının maddi vəsaiti hesabına ödənildiyini və sair göstərsə də, bu təsdiqini tapmamışdır.
39. Halbuki, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinin mənasına görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırılmalıdır.
40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, ünvan 2 ünvanda neçə tikilinin olduğunu, cavabdeh atası Xeyirbala Nadirovun hansı tikilidə yaşadığını, mübahisəli evin onun faktiki sahibliyində olub-olmadığını, iddiaçının 2 övladı ilə birlikdə ünvan 2 ünvanda yerləşən hansı evə köçürülmək istədiyini araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-texniki ekspertiza təyin edilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4552 saylı ekspert Rəyinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda A və В literli yaşayış evləri mövcuddur və həmin tikililər bir-birindən təqribən 1,0 metr məsafədə yerləşir.Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda baxış zamanı 2 yaşayış evi mövcud olduğu müəyyən olunmuş və həmin İddiaçı köçürülməsini tələb etdiyi В literli yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən X1 (mülkiyyətində) istifadəsindədir.İddiaçı köçürülməsini tələb etdiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş В literli evin inşa olunma tarixini müəyyən olunmasına dair metodika olmadığı üçün, həmin tikilinin neçənci ilin tikilisinə aid olmasını müəyyən etmək mümkün deyildir.
42. Həmçinin, iş materiallarının 194-cü vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən və 3-cü şəxs X1 izahatından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 159 ünvanda inşa edilmiş ev (xx.xx.2021-ci il tarixli texniki pasporta qeyd edilən tikili) X1 (mülkiyyətində) istifadəsindədir.
43. Beləliklə, müəyyən olunur ki, iddiaçı keçmiş qaynatası Xeyirbala Nadirovun deyil, cavabdehin ailə üzvü olub, onların ailə münasibətlərinə isə sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən xitam verilib, lakin köçürülməsini iddia etdiyi ev isə cavabdehin deyil, hazırkı iş üzrə 3-cü şəxs, yəni iddiaçının keçmiş qaynatası Xeyirbala Nadirovun mülkiyyətində və sahibliyindədir.Bununla da iddiaçının həmin evə köçürülmə tələbi əsassızdır və təmin olunmamalıdır.
44. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
45. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2008-ci ildə nikaha girdikdən sonra qaynatası – yəni 3-cü şəxs X2 məxsus yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə 3-cü şəxs X1 adına qeydə alınmışdır. İddiaçının həmin yaşayış sahəsindən köçməsi ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir.
46. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
47. Məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi 3-cü şəxs X2 münasibətdə onun ailə üzvü hesab olunmur.
48. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu.
50. Yəni yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
51. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir.
52. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir.
53. Son olaraq məhkəmə Kollegiyası onu da qeyd edir ki, mübahisəli evin mülkiyyətçisi X3 hazırkı iş üzrə cavabdeh deyil, 3-cü şəxs kimi məhkəmə icraatına cəlb olunmuşdur.
54. Halbuki, MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
55. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz manat) manat məbləğində pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi qismən- iddiaçının 2 uşaqları ilə birlikdə ünvan 2 ünvanda inşa edilmiş evə köçürülməsi hissədə ləğv olunsun. Həmin hissədə iddia rədd edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz manat) manat məbləğində pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.