Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3730/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək mübahisəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1636/2023 saylı, 06 mart 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" ASC-nin Yevlax regional nümayəndəliyi arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, o, baş mühəndis-mexanik vəzifəsinə işə qəbul olunmuşdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 saylı Fərmanına əsasən, Kənd Təssərüfat Nazirliyinin tabeliyindəki "xxxx" ASC Cavabdeh ASC adlandırılmış, cavabdeh də həmin hala istinadən iddiaçı ilə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsini bağlamışdır. Həmin müqavilədəki 6 aylıq müddət bir neçə dəfə uzadılmış, Cavabdeh ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1562 nömrəli əmri ilə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, o, Nümayəndəliyin mühəndis-mexanik vəzifəsindən xx.xx.2022-ci il taridən azad olunmuşdur.
2. Həmçinin İddiaçı ilə baş mühəndis mexanik vəzifəsi üzrə xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi Cavabdeh ASC tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə qeydiyyata alınması üçün ünvanlanmış, xx.xx.2016-cı il tarixdə - aldığı əmək haqqı məbləğində, xx.xx.2017-ci il tarixdə - tutduğu vəzifədə (baş mühəndis), xx.xx.2017-ci il tarixdə - aldığı əmək haqqı məbləğində və tutduğu vəzifədə (mühəndis), xx.xx.2019-cü il tarixdə - aldığı əmək haqqı məbləğində dəyişiklik edilməsi, xx.xx.2021-ci il tarixdə isə müddətsiz müqavilənin müddətli müqavilə olması, xx.xx.2022-ci il tarixdə - aldığı əmək haqqı məbləğində dəyişiklik edilməsi barədə məlumat qeydiyyata alınmışdır. Dəyişiklik edilən müqavilə - xx.xx.2015-ci il tarixli əmək müqaviləsi olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ASC-nin X2, mühəndis-mexanik vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma günlərində əmək haqqının və məhkəmə xərclərini təşkil edən 183 manatın Cavabdeh ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2015-d il tarixli 101K nömrəli əmrlə "xxxx" ASC-nin X3 3 (üç) ay sınaq müddəti ilə baş mühəndis-mexanik vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixli 78 k nömrəli əmrlə isə X3 baş mühəndis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-a hissəsinə əsasən kənd təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin X4 mühəndis-mexanik vəzifəsinə təyin edilmişdir. "xxxx"ASC-yə qeyd edilən müvafiq əmrlə, daha sonra isə "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qeyd edilən müvafiq əmrlə işi qəbul edilmişdir. Lakin, iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022 ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçının işə qəbul edilməyi İdarə Heyətinin sədri tərəfindən imzalansa da, əmrdə heç bir imza yoxdur, yalnız "X9" tərəfindən möhürlənmişdir. İddiaçı qeyd edilən əmri qanunsuz və əsassız hesab edir. Hazırkı iddia tələbi cavabdeh "xxxx"ASC-yə qarşı əvvəlki işinə bərpa edilməyi, məcburi iş buraxma günlərində əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlıdır. İddiaçı müvafiq əmrlə (xx.xx.2015-ci il tarixdə) işə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda, iddiaçının icra etdiyi vəzifə daimi xarakter daşıyır. Hərgah, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdırsa da, bu tam olaraq qərəzli və iddiaçını işdən azad edilməyi üçün qabaqcadan düşünülmüş bir addımdır.
5. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı 2015-ci il 09 aprel tarixdən Cəmiyyətin X3 mühəndis-mexanik vəzifəsinə qəbul olunmuş və 2017-ci il 10 mart tarixindən həmin nümayəndəliyin baş mühəndisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının tələblərinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və fəaliyyət istiqaməti dəyişdirilərək yeni nizamnaməsi təsdiq edilmiş və mövcud dəyişikliklərə uyğun olaraq müvafiq struktur dəyişiklikləri həyata keçirilmişdir. Fərmanın tələblərinin icrasını təmin etmək məqsədilə müvafiq struktur dəyişiklikləri təsdiq edildikdən sonra Cəmiyyətin bütün işçiləri ilə, o cümlədən İddiaçı ilə 2021-ci il 9 aprel tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Bundan başqa əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı nəzərdə tutulmuş qaydada qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmışdır. Cavabdeh ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2022-ci il 11 oktyabr tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Cəmiyyətin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2022-ci il 11 oktyabr tarixdən xitam verilərək işdən azad edilmişdir. "xxxx" ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli işdən azad olunma barədə əmri də əlavə olunmaqla əmək kitabçasının götürülməsi barədə müraciət ünvanlanmış və İddiaçı əmri qəbul etsə də, qəbul etməsinə dair sənədi imzalamaqdan imtina etmiş və bu barədə X2 imtina aktı tərtib edilmişdir. Göründüyü kimi iddiaçıya işdən azad olunması 2022-ci il 10 oktyabr tarixdə məlum olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq o, həmin gündən etibarən 1 ay ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İddiaçı iddia tələbi ilə 2022-ci ilin dekabr ayında məhkəməyə müraciət etmişdir (imtina aktı əlavə olunur). Beləliklə, İddiaçı tərəfindən əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırıldığı üçün məhkəmə tərəfindən təmin edilməməlidir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1636/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: 1. əmək müqaviləsinin müddətinin qurtarması 2. müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Göstərilən qanunvericilik aktı normalarından göründüyü kimi, zəruri hər iki şərt mövcud olmuş və əmək müqaviləsinin müddəti bitdiyinə görə cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur.
8. Həmçinin iddiaçının cavabdehin xx.xx.2022-ci il tarixli əmrində imzanın olmadığına istinad edərək əmrin qanunsuzluğuna iddia etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə də Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əmək müqaviləsi ləğv olunan zaman işəgötürənin əmri imzalanmalı və möhürlənməlidir və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əmr “Elektron imza və elektron sənəd haqqında Qanun”un 3-cü maddəsinə əsasən elektron imza ilə imzalanmışdır
9. Məhkəmə cavabdehin iddia ərizəsinə yazılı etirazında iddia müddətinin tətbiq olunması məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin surətini xx.xx.2022-ci il tarixdə almış və dərhal mediasiya prosesinin tətbiqi üçün müraciət etmişdir. Lakin, sonradan Nərimanov Rayon Məhkəməsi aidiyyət qaydalarının pozulmasına görə onun iddiasını geri qaytarıb. Bundan sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bu məsələyə qiymət verərək qeyd etmişdir ki, sözügedən xx.xx.2022-ci il tarixli əmrin alınmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə verilən həmin əmrdə iddiaçının əmri almasından imtina etdiyi qeyd olunur. Belə olan halda məhkəmə iddiaçının dediyinə görə həmin əmri xx.xx.2022-ci il də aldığını əsas götürsə, onun əmri mübahisələndirmək üçün nəzərdə tutulmuş bir ayı ötürmədən mediasiya prosesi üçün müraciət etdiyini müəyyən etmək olur. Belə ki, 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflərə barışıq təklifi artıq göndərilmiş, beləliklə də iddiaçının artıq həmin əmrin mübahisələndirilməsi addımları atılmışdır.
10. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 68.1, 68.2, 73, 74.2, 83-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1636/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini, məhkəmə xərclərinin Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin 02 iyun 1982-ci il tarixli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyəsinə də tam uyğundur. Bu baxımdan, hesab edir ki, tərəflər arasında sonuncu dəfə 6 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə birinci instansiya məhkəməsində qiymət verilərkən ilk növbədə onun son 7 il müddət ərzində eyni müəssisədə (əvvəlki adı "xxxx" ASC-də, sonrakı adı isə Cavabdeh ASC-də) fasiləsiz və etirazsız işləməsi, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlillinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməlidir. Hesab edir ki, 6 il müddət ərzində fasiləsiz və etirazsız olaraq eyni müəssisədə işləmiş onun öz ərizəsi ilə işdən azad edildikdən adı dəyişdirilmiş və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən müəssisənin onunla 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsində ikinci mövqeyi ondan ibarət olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə istinad edərək əmrin qanunsuz olduğuna iddia etsə də, qeyd olunmalıdır ki, həmin müqavilədən sonra onunla Cavabdeh ASC arasında yeni müqavilə bağlanaraq tərəflər yeni əmək münasibətlərinə daxil olmuşlar və əvvəl bağlanmış müqavilənin şərtləri hazırki mübahisəyə şamil oluna bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi əsasızdır, işin faktiki halları araşdırılmamışdır. Belə ki, onun "xxxx" ASC-nin X3 3 (üç) ay sınaq müddəti ilə baş mühəndis-mexanik vəzifəsinə təyin edilməsi barədə xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə əmək münasibətləri fasiləsiz olaraq xx.xx.2022-ci il tarixinədək davam etmiş və cavabdeh “Aqroservis "Açıq Səhmdar Cəmiyyətin xx.xx.2022-ci il tarixli MİHO/1.2.4-3.1-2022-1652 nömrəli əmri sözügedən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində vəzifə dəyişiklikləri ilə bağlı sözügedən əmək müqavilələrinə yalnız dəyişikliklər edilmişdir. Belə ki, o, xx.xx.2015-ci il tarixli 101K nömrəli əmrlə "xxxx" ASC-nin X3 3 (üç) ay sınaq müddəti ilə baş mühəndis-mexanik vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bağlanılması ilə bağlı xx.xx.2015-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. Elektron informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, daha sonra sözügedən əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı aşağıdakı əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə cavabdeh tərəfindən daxil edilmişdir: 1. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2016-ci il tarixli xxxxxxx000101 əmək müqaviləsi bildirişi; 2. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xxxxxxx000102 əmək müqaviləsi bildirişi; 3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xxxxxxx000103 əmək müqaviləsi bildirişi; 4. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-ci il tarixli xxxxxxx000104 əmək müqaviləsi bildirişi; 5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xxxxxxx000105 əmək müqaviləsi bildirişi; 6. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xxxxxxx000106 əmək müqaviləsi bildirişi. Sadalanan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri cavabdeh müəssisə tərəfindən iddiaçıya təqdim edilmədiyindən bəzi bildirişlərdə dəyişikliklərin nədən ibarət olmasını qeyd edə bilmir. Hesab edir ki, həmin bildirişlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Cavabdehin xx.xx.2017-ci il tarixli 78/k nömrəli əmri ilə İddiaçı X3 baş mühəndis vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xxxxxxx000102 əmək müqaviləsi bildirişindən görünür ki, o, baş mühəndis vəzifəsinə keçirilərkən onunla yeni əmək müqaviləsi bağlanmamış, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli 104/k nömrəli əmri ilə, o, X3 mühəndis vəzifəsinə keçirilmişdir (əmək kitabçasına əsasən). Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xxxxxxx000103 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, o, mühəndis vəzifəsinə keçirilərkən onunla yeni əmək müqaviləsi bağlanmamış, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, cavabdehin xx.xx.2017-ci il tarixli 104/k nömrəli əmr ilə onun vəzifə dəyişikliyi cavabdeh tərəfindən əmək kitabçasına elektron informasiya sistemindən fərqli vəzifə adı qeyd edilmişdir. Belə ki, əmək kitabçasında “mühəndis” vəzifəsi qeyd edilsə də, elektron informasiya sistemində “mühəndis, mexanika” qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən "Aqrolizinq” ASC-nin adı dəyişdirilərək "Aqroservis”ASC olduqdan sonra, cavabdehin xx.xx.2021-ci il tarixli 132/k nömrəli əmri ilə o X3 mühəndis-mexanik vəzifəsinə təyin edilmişdir (əmək kitabçasına əsasən). Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xxxxxxx000105 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, o, mühəndis vəzifəsinə keçirilərkən onunla yeni əmək müqaviləsi bağlanmamış, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Lakin cavabdeh "Aqroservis”ASC birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixli yazılı(kağız üzərində) əmək müqaviləsi təqdim etmiş və həmin əmək müqaviləsinin onunla bağlanmış sonuncu əmək müqaviləsi olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi də xx.xx.2021-ci il tarixli kağız üzərində yazılı əmək müqaviləsini əsas götürərək, o qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən sonra onunla Cavabdeh ASC arasında yeni müqavilə bağlanaraq tərəflər yeni əmək münasibətlərinə daxil olmuşlar və əvvəl bağlanmış müqavilənin şərtləri hazırki mübahisəyə şamil oluna bilməz. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xxxxxxx000105 nömrəli əmək müqaviləsi bildirişindən göründüyü kimi, iddiaçının X3 mühəndis-mexanik vəzifəsinə təyin edilməsi xx.xx.2021-ci il tarixli yazılı (kağız üzərində) yeni əmək müqaviləsi deyil, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi yolu ilə həyata keçirilmişdir. Bu hissədə, həmçinin kollegiyanın nəzərinə çatdırırıq ki, əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xxxxxxx000103 nömrəli əmək müqaviləsi bildirişinə əsasən, o, “mühəndis, mexanika” vəzifəsinə xx.xx.2017-ci il tarixindən keçirilmişdir. Cavabdeh müəssisənin təkrarən xx.xx.2021-ci il tarixli yazılı (kağız üzərində) yeni əmək müqaviləsi tərtib etməklə onu “mühəndis, mexanika” vəzifəsinə təyin etməsi başa düşülən deyildir və qanunsuz hesab edirlər. Birinci instansiya məhkəməsinin sübut kimi nəzərə aldığı xx.xx.2021-ci il tarixli yazılı(kağız üzərində) yeni əmək müqaviləsinin hüquqi əsası yoxdur, həmin əmək müqaviləsi etibarsızdır. Belə ki, Azərbaycan Respublikasının ƏM-nin 7-ci maddəsinin 2-ci hisəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 №-li Qərarının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtlər və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2015-ci il tarixində əmək müqaviləsi bağlanmış, əmək fəaliyyətinə başlanmışdır. Həmin əmək müqaviləsinin bağlanması bildirişi həm elektron informasiya sistemində yerləşdirilmiş, həm də əmək kitabçasında qeyd edilmişdir. İddiaçı fasiləsiz olaraq 7 il müddətinə cavabdeh müəssisədə fəaliyyət göstərmişdir. İddiaçı müəssisədə işləyərkən vəzifə dəyişikliyi olmuşdur. 2021-ci ildə iddiaçı ilə cavabdeh arasında kağız üzərində yenidən 6 ay müddətinə əmək müqaviləsi bağlanır. 6 ay müddət tamam olduqdan sonra əmək müqaviləsinə xitam olunur. 2015-ci il 6 avqust tarixində baş mühəndis-mexanik vəzifəsinə qəbul edilir, lakin elektron sistemdə isə vəzifəsi baş mühəndis kimi göstərilmişdir. 2017-ci il mart ayının 10-da kağız üzərində baş mühəndis vəzifəsinə keçirilir, halbuki 2015-ci ildə də bağlanmış müqavilədə də baş mühəndis idi. 1 ay sonra aprel ayında kağız üzərində mühəndis vəzifəsinə keçirilir, sistem üzərində isə mühəndismexanik olur. 2021-ci ildə kağız üzərində mühəndis-mexanik ola-ola yenidən mühəndismexanik olur. Sonuncu müqavilə sistemə işlənməyib. Bununla bağlı əmək münasibətləri yaranmır. Sistemə işlənsə idi belə, bu heç nəyi dəyişmir. Həmin müqavilənin özü belə sistemə dəyişiklik kimi yüklənib, yeni müqavilə kimi yüklənməyibdir. 2022-ci ildə əmək müqaviləsinə xitam veriləndə 2015-ci ilin əmək müqaviəsinə xitam veriblər, 2021-ci ilin əmək müqaviləsinə xitam verməyiblər. Hansı ki, 2021-ci il əmək müqaviləsinin hüquqi qüvvəsi yoxdur, çünki Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən sistemə yerləşdirilməyibdir. 2022-ci ildə həmin əmək müqaviləsinə istinad edərək müddətin bitməsi əsası ilə xitam verilmişdir. 2021-ci il əmək müqaviləsinin özündə 4.26-cı bəndinə əsasən işçinin iş ilini 2020-ci ilin aprel ayından 2021-ci ilin aprel ayına kimi götürürlər. Lakin əmək qanunvericiliyinin tələblərinə görə işçinin iş ili əmək müqaviləsi bağlandığı andan hesablanır. Demək ki, davam edən əmək münasibəti vardır ki, o bəndi oraya qeyd ediblər. 2021-ci ildən əvvəlki dövr üçün əmək münasibəti mövcud olduğuna, davam etdiyinə görə onlar o bəndi oraya qeyd ediblər. 2022-ci ildə həmin əmək müqaviləsinə istinad edərək müddətin bitməsi əsası ilə xitam verilmişdir. 2021-ci il əmək müqaviləsinin özündə 4.26-cı bəndinə əsasən işçinin iş ilini 2020-ci ilin aprel ayından 2021-ci ilin aprel ayına kimi götürürlər. Lakin əmək qanunvericiliyinin tələblərinə görə işçinin iş ili əmək müqaviləsi bağlandığı andan hesablanır. Demək ki, davam edən əmək münasibəti vardır ki, o bəndi oraya qeyd ediblər. 2021-ci ildən əvvəlki dövr üçün əmək münasibəti mövcud olduğuna, davam etdiyinə görə onlar o bəndi oraya qeyd ediblər. İş üzrə bütün əmək müqaviləsi bildirişləri elektron kabinetə əlavə edilmişdir. Oradan görsənir ki, 2015-ci il əmək müqaviləsinə xitam verilməmiş, həmin müqavilə 2015-ci il, 2016-ci il, 2017-ci il tarixlərində davam edib, 2019-cu ildə dəyişiklik edilmişdir. İşçi 2015-ci ildən əmək müqaviləsinə xitam verilənə qədər iki vəzifədə olmuşdur, baş mühəndis və mühəndismexanik vəzifələrində olmuşdur. Lakin onlar əmək kitabçasında baş mühəndis mexanik, mühəndis, mühəndis-mexanik vəzifələrini qeyd etmişlərdir. Lakin onlar hesab edirlər ki, bunların heç bir hüquqi qüvvəsi yoxdur, çünki onunla bağlı elektron kabinetdə heç bir məlumat yoxdur. Birinci tələbi ondan ibarətdir ki, bu əmək müqaviləsi müdətli bağlanmalı deyildi, çünki həmin şəxsin əmək fəaliyyəti daimi xarakter daşımışdır. Hansı ki, 2015-ci ildə əmək müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra əmək müqaviləsinin müddətli bağlanmasını Əmək Məcəlləsinə zidd hesab edirlər. Əmək müqaviləsi 7 il davam etmişdir və onun son 5 ili eyni vəzifədə olmuşdur. 7 ildə birinci vəzifəsi baş mühəndis olmuş, daha sonra mühəndis-mexanik vəzifəsinə keçmiş, mühəndis-mexanik keçdikdən sonra əmək münasibəti 5 il fasiləsiz davam etmişdir. Cavabdehin öz çıxışında qeyd etdiyi Prezidentin fərmanına uyğun olaraq Cəmiyyətin fəaliyyət istiqamətinin dəyişməsi ilə bağlı dedikləri tamamilə həqiqətə uyğun deyildir. Prezidentin fərmanı ilə Cəmiyyətin yalnız adı dəyişmişdir. Müəssisə yalnız lizinq obyektlərinin satışı ilə bağlı olan hissə Cəmiyyətdən alınmışdır, digər hissələr onlardadır. Prezidentin Fərmanında Cəmiyyətin fəaliyyət istiqamətinin tamamilə dəyişməsinə dair bənd yoxdur. Prezidentin fərmanında da qeyd edilir ki, adı dəyişdirilmiş müəssisə əvvəlki müəssisənin bazasında yaradılmışdır və onun varisi kimi çıxış edir. Kağız üzərində olan əmək müqaviləsi ilə bağlı qarşı tərəf bildirir ki, həmin dəyişikliyin sistemə yerləşdirilməsi ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 7 –ci maddəsində qeyd edilir ki, yeni əmək münasibətinin yaranması üçün yeni əmək müqaviləsi hökmən sistemə daxil edilməlidir. Kağız üzərində olan müqavilənin 4.26-cı bəndindən də görünür ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri kağız üzərində olan əmək müqaviləsindən əvvəl yaranmışdır. Əmək müqaviləsinin 4.26-cı maddəsində iş ili anlayışı vardır ki, orada görsənir ki, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iş ili hesab olunur. Lakin əmək qanunvericiliyinə əsasən iş ili əmək müqaviləsi bağlandığı andan hesablanır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, birinci əmək müqaviləsi müddətsiz müqavilə idi. Birinci instansiya məhkəməsində iddia tələbi qaldırılan zaman əmrin ləğvi xahiş olunmadığından, apellyasiya icraatı mərhələsində iddia tələbinin həcmini artırmaq mümkün olmadığından əmrin ləğvinə dair tələbləri apellyasiya şikayətində qeyd etməmişdir. 183 manat vəkilə edilmiş ödənişlə bağlıdır. Bununla bağlı sənədlər iş materiallarına əlavə edilibdir. Elektron sistemə iddiaçının əmək müqaviləsi bildirişləri əlavə edilmişdir. Həmin əmək müqaviləsi bildirişlərindən iddiaçı ilə hansı tarixdə müqavilənin bağlanması, hansı tarixdə müqavilənin dəyişdirilməsi, hansı tarixdə xitam verilməsi görsənir. Eyni zamanda xitam bildirişinin sistemə daxil edilmə tarixi görsənir. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında yalnız bir müqavilə olmuşdur, həmin müqavilə 2015-ci il tarixində bağlanmış, həmin müqaviləyə 2022-ci il tarixində xitam verilmişdir, yəni yeni müqavilə bağlanmamışdır. Birinci sorğu ilə bağlı X7 verilmiş cavab məktubundan görünür ki, 09 aprel 2015-ci il tarixində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanır və əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş elektron sistemə daxil edilir. Həmin bildirişə əsasən iddiaçının vəzifəsi baş mühənsi-mexanik olmuş və müqavilə müddətsiz olaraq bağlanmışdır. Daha sonra 2016cı il mart ayının 29-da əmək müqaviləsinə əmək haqqı ilə bağlı dəyişiklik olur. Müddətli əmək müqaviləsi 2021-ci il 19 apreldə bağlanır 2015-ci il tarixli əmək müqaviləsinə dəyişiklik olur. Müddətsiz əmək müqaviləsi müddətli müqaviləyə çevrilir. Müddətli müqavilə bağlanmayıbdır, sadəcə əmək müqaviləsinə dəyişiklik edilmək yolu ilə edilibdir. Yenidən bağlanmış əmək müqaviləsi sistemə daxil edilməyibdir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilinin bildirdikləri ilə razı olduğunu, əlavəsinin olmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, birinci X10 müraciət olunmuşdur. Daha sonra oradan zəng vurularaq cavabdehin qeydiyyat ünvanının Bakıda olduğu bildirilərək Bakıdakı Mediasiya Şurasına göndərilmişdir. Şəkiyə yazılı şəkildə müraciət olunmuşdur. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə, istər işə girən zaman, istərsə də əmək vəzifələrinin dəyişməsi ilə bağlı müqavilə işçinin ərizəsi əsasında həyata keçirilmişdir. Əmək müqaviləsi bildirişində işçinin əmək vəzifəsi təsnifatı düz yazılmış olmasa belə, vəzifənin adı düz yazılmışdır.Digər tərəfdən tərəflər arasında 2015-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cənab Prezidentin 2020-ci il 17 avqust tarixli, 1137 nömrəli fərmanı əsasında Cəmiyyətin ümumi fəaliyyət istiqamətləri dəyişmişdir. Cəmiyyətin fəaliyyəti əvvəlcə lizinq fəaliyyəti olsa da, 2020-ci ildən fərman əsasında cəmiyyətin fəaliyyəti istiqamətləri tamamilə dəyişim, sadəcə aqroservis fəaliyyətinin həyata keçirilməsindən və istehsal vasitələrinin satışından ibarət olmuşdur. Və bu əsasla fərmanın icrasından irəli gələrək müvafiq sturktur dəyişiklikləri həyata keçirilmişdir. 2021ci ildən Cəmiyyətin yalnız fəaliyyəti deyil, eyni zamanda Cəmiyyətin adı belə dəyişdirilmişdir. Bununla əlaqədar istisna hal kimi təkcə iddiaçı ilə deyil, bütün əməkdaşlarla bağlanan müqavilələrin hamısı müddətli əmək müqaviləsinə keçirilmişdir. Digər əməkdaşları ilə olduğu kimi 2021-ci il tarixində müqavilənin 47-ci bəndinin “f” bəndinə-tərəflərin hüquq bərabərliyi” prinsipinə əsasən müqavilə bağlanmışdır. Əmək müqaviləsi iddiaçı tərəfindən də imzalanmaqla müddətli əmək müqaviləsinə keçirilmişdir. Burada əsas məqsəd artıq cəmiyyətin fəaliyyət istiqamətlərində dəyişikliklər olması ilə əlaqədar idi. Bu əsasla da əmək müqaviləsinin qüvvədə olma müddəti bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaət haqlıdır, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Müddətsiz müqavilənin müddətli müqaviləyə keçirilməsi ilə bağlı 2021-ci ildə tərtib olunmuş əmək bildirşləri ilə bağlı bildirir ki, tərəflər arasında əmək münasibətləri davam etdiyindən tərəflərin iradə ifadəsinə uyğun olaraq əmək müqaviləsi tərtib olunaraq imzalanmış, əmək münasibətləri davam etdiyi üçün əmək müqaviləsinə dəyişiklik formasında rəsmiləşdirilmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, fəaliyyətləri mövsimi xarakter daşıdığına görə bütün əməkdaşları ilə əmək müqaviləsi müddətli əmək müqaviləsinə keçirilmişdir. Əmək bildirişində yalnız müddətlərlə bağlı dəyişiklik olmuşdur. Müddətli əmək müqaviləsinin bağlanması sırf iddiaçıya məxsus deyildir, işlərə olan tələbatla bağlıdır. Məsələn, Yevlax rayonunda son statistik göstəricilərə əsasən müəyyən olunur ki, pambıq sahəsinə, taxıl sahəsinə tələbat azalmışdır. Bəzi rayonlarda isə tamamilə mühəndis-mexanik ştatı mövcud deyildir. Kənd təsərrüfatı mövsümu olduğu üçün 1 mexanikin olması tələbatı tam ödədiyinə görə iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Əmək müqaviləsinə dəyişiklik olduqdan sonra iddiaçının vəzifəsi dəyişdirilməmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
21.3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 22.7.2-ci maddədinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 23.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 24.42.1, 45.1, 45.2 və 47.1-ci hissəsinin f) bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlana bilər. 25.49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 26.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
27. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 28.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 29.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 30.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 31.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 34.Belə ki, işin məhkəmə kollegiyası tərəfindən araşdırılmış hallarından göründüyü kimi İddiaçı ilə "xxxx" ASC-nin Yevlax regional nümayəndəliyi arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, o, baş mühəndis-mexanik vəzifəsinə işə qəbul olunmuşdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 saylı Fərmanına əsasən, Kənd Təssərüfat Nazirliyinin tabeliyindəki "xxxx" ASC Cavabdeh ASC adlandırılmış, cavabdeh də həmin hala istinadən iddiaçı ilə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsini bağlamışdır. Həmin müqavilədəki 6 aylıq müddət bir neçə dəfə uzadılmış, Cavabdeh ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1562 nömrəli əmri ilə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, o, Nümayəndəliyin mühəndis-mexanik vəzifəsindən xx.xx.2022-ci il tarixdən azad olunmuşdur. 35.Həmçinin İddiaçı ilə baş mühəndis mexanik vəzifəsi üzrə xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi Cavabdeh ASC tərəfindən həmin tarixdə müvafiq qaydada əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə qeydiyyata alınması üçün ünvanlanmış, xx.xx.2016-cı il tarixdə - aldığı əmək haqqı məbləğində, xx.xx.2017-ci il tarixdə - tutduğu vəzifədə (baş mühəndis), xx.xx.2017-ci il tarixdə - aldığı əmək haqqı məbləğində və tutduğu vəzifədə (mühəndis), xx.xx.2019-cü il tarixdə - aldığı əmək haqqı məbləğində dəyişiklik edilməsi, xx.xx.2021-ci il tarixdə isə müddətsiz müqavilənin müddətli müqavilə olması, xx.xx.2022-ci il tarixdə - aldığı əmək haqqı məbləğində dəyişiklik edilməsi qeydiyyata alınmışdır. Dəyişiklik edilən müqavilə - xx.xx.2015-ci il tarixli əmək müqaviləsi olmuşdur. 36.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə göndərilməmiş, nəticədə həmin bildiriş elektron qaydada bu sistemdə qeydiyyata alınmamışdır. Halbuki işçi ilə işəgötürən arasında əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra qüvvədən düşür və ya yaranır. 37.Ona görə də hazırki işin halları baxımından tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinin qüvvədən düşməsi halı baş verməmiş, yeni müqavilə bağlandıqdan sonra da məhz xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Eləcə də müddətli xx.xx.2021-ci il tarixli əmək müqaviləsi barəsində müqavilənin bağlanması bildirişi elektron qaydada qeydiyyata alınmadığından hüquqi qüvvəyə minməmişdir və beləliklə də əmək qanunvericiliynə görə mövcud deyildir. 38.Halbuki tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi lazımi qaydada qeydiyyata alındığı təqdirdə belə etibarlı sayıla bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və İV hissələri, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 39.İddiaçı xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən işə qəbul olunmuş, xx.xx.2021-ci ilədək, yəni beş ildən çox müddətdə davamlı olaraq orada işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 saylı Fərmanına əsasən adı dəyişdirilmiş ASC iddiaçı ilə müddətli əmək müqaviləsini (6 ay) bağlamış, müddətli əmək müqaviləsinin məzmunundan də göründüyü kimi, o, əvvəlki müqaviləyə əsasən tutduğu vəzifəyə yenidən götürülmüşdür. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. 40.Etirazın dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində adı və strukturu dəyişdirilmiş qurumda müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. 41.Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri- mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 42.Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2015-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, xx.xx.2021-ci il tarixində yenidən cəmi 6 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. 43.Kollegiya birinci instansiya məhkəməsinin iddianın əsassız olmasına dair mövqeyi ilə razı olmasa da hesab edir ki, məhkəmənin iddia müddətinin keçib-keçməməsinə dair məsələ üzrə araşdırmanın nəticəsi işin faktiki hallarına uyğun olmuşdur.
44. Məhkəmə kollegiyası işdə olan sənədlərə əsasən qeyd edir ki, iddiaçı həqiqətən də iddia müddətini ötürməməklə müvafiq əmri mübahisələndirmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi əmrin surətini xx.xx.2022-ci il tarixdə almış və dərhal mediasiya prosesinin tətbiqi üçün əvvəl Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərə barışıq təklifi ünvanlanmış, həmin müraciət onun özünün razılığı ilə daha sonra ünvan ına göndərilmiişdir.
45. Bu zaman məhkəmə kollegiyası iddia tələbləri ilə əlaqədar qeyd edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olan əmrin ləğv edilməsini xahiş etməsə də bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir və bunun üçün ayrıca tələbə zərurət yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə olan halda kollegiya hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr ləğv olunmalı, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməklə, o, əvvəlki vəzifəyə bərpa olunmalıdır.
46. Həmçinin qətnamə icra olunarkən, yəni iddiaçı əvvəlki vəzifəyə bərpa olunarkən onunla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinin qüvvədən düşməsi halının baş vermədiyi, eləcə də xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi barəsində müqavilənin bağlanması bildirişinin elektron qaydada qeydiyyata alınmadığından bu müqavilənin də hüquqi qüvvəyə minmədiyi və beləliklə də əmək qanunvericiliynə görə mövcud olmadığı halları işəgötürən tərəfindən nəzərə alınmalıdır.
47. Bundan başqa işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət etmək üçün 50 manat (ünvan ı), 17 manat (“Mingəçevir ASAN xidmət”) və 6 manat (poçt xərci) məbləğində pul ödəmişdir. Bundan başqa, o, vəkilin göstərdiyi yardıma görə birinci instansiya məhkəməsində - 110 manat, apelyasiya instansiyası məhkəməsində isə 1.200 manat məbləğində xərc çəkmişdir.
48. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Bu Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Beləliklə, məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edildiyindən iddiaçı tərəfindən məhkəmə məsrəfləri kimi ödənilmiş 73 manat və hüquqi xidmət xərcinə görə 310 manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən alınaraq cavabdeh İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə birinci instansiya məhkəməsində - 110 manat, apelyasiya instansiyası məhkəməsində - 200 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1636/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, MİHO/1.2.4-3.1-2022-1652 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh ASC-nin X2 mühəndis-mexanik vəzifəsinə bərpa edilsin və ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Məhkəmə xərclərini təşkil edən 383 manat Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova