Məhkəmə qərarları › İş №2(103)-3730/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3730/2025

18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3730/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X9 (sədrlik edən və məruzəçi), oğlu və X5 ibarət tərkibdə, oğlunun katibliyi ilə, Ərizəçi1, onun nümayəndəsi və vəkili Nümayəndə2, Ərizəçi2, onun nümayəndəsi və vəkili Vəkil2, Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından olan X2 xx.xx.2014-cü il tarixdə doğulması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi2 müvəqqəti, yəni yay aylarında İsmayıllı rayonu, Topçu kəndində anası X3 məxsus evdə yaşayır. xx.xx.2014-cü ildə kənddə olan vaxt birgə nikahdan bir qız övladını dünyaya gətirmişdir. Kənd yerində həkim olmadığına görə doğum faktı həkim qeydiyyatına alınmamış və sonradan vaxtında qeydiyyat şöbəsinə müraciət etmədiyi üçün doğum şəhadətnaməsi yazılmamışdır. Ərizəyə əlavə edilən İsmayıllı rayonu Topçu nümayəndəliyi tərəfindən verilmiş arayış və akt da təsdiq edir ki, onların həqiqətən birgə nikahdan xx.xx.2014-cü il tarixdə Topçu kəndində yerləşən, anası X3 məxsus evdə bir qız uşağı dünyaya gəlmişdir. Ərizəyə əlavə etdiyi İsmayıllı rayon Uşaq Poliklinikasından verilmiş 620 saylı arayışdan göründüyü kimi, xx.xx.2014-cü il təvəllüdlü qızları X6 2016-cı il tarixdə İsmayıllı rayon Uşaq Poliklinikasında tibbi müayinədən keçmiş və tam sağlamdır.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11174/2016 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) ərizə təmin edilmiş, Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından xx.xx.2014-cü il tarixdə bir qız uşağının doğulması faktının müəyyən edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

4. Qətnamədən narazı qalan Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində qətnamə ilə doğum faktı müəyyən edilmiş azyaşlı xx.xx.2014-cü il təvəllüdlü Sofiya Zərbəliyevanın əsl valideynləri başqasıdır. Ərizəçi1 işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs2 qaynı (Sevincin ərinin qardaşı), digər Ərizəçi2 isə qaynı arvadıdır. Qohum olduğuna görə soyad “Zərbəliyeva” kimi qeyd olunmuş və bu eynilik də məhkəməni çaşdırmışdır. Deməli, xx.xx.2007-ci il tarixdə işdə iştirak etməyə cəlb edilməyən şəxs X10 ilə Ukrayna vətəndaşı olan X7 rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Zərbəliyeva” soyadı verilmişdir. Onların xx.xx.2008-ci il tarixdə X1 və xx.xx.2011-ci il tarixdə X14 adlı uşaqları doğulmuşdur. Daha sonra, Maraqlı şəxs2 üçüncü uşağa, yəni Sofiyaya hamilə olarkən, onlar Krımda olmuşlar. 2014-cü ildə Rusiya Federasiyası Ukrayna ərazisi olan Krıma hücum etdiyinə görə, onlar birlikdə Almaniya Federasiyasına köçməyə məcbur olmuşlar. Ana Maraqlı şəxs2 Azərbaycana qayıtmış, atanın isə sənədləri qaydasında olmadığına görə Almaniyada qalmış, uşaq da xx.xx.2014-cü il tarixdə Bakıda Vital Klinikada doğulmuşdur. xx.xx.2014-cü il tarixdə uşağa Yasamal qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 382284 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, ata qrafasında “Zarbalıyev Alı”, ana qrafasında isə “Maraqlı şəxs2” qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Əli Zərbəliyev başqa ölkə vətəndaşlığı əldə etdiyinə görə uşağın doğum haqqında şəhadətnaməsində ata adı “X7” kimi deyil, “Zarbalıyev Alı” kimi qeyd edilmişdir. Uşaq xəstəxanadan çıxdıqdan sonra Nərimanov rayonunda yerləşən poliklinikada qeydiyyata alınmış və həmin vaxt ana Maraqlı şəxs2 qaynı arvadı, hazırki iş üzrə üzrə Ərizəçi2 da onlarla birlikdə həmin poliklinikaya getmişdir. Ana Maraqlı şəxs2 2014-cü ilin oktyabrın əvvəlində Azərbaycanı tərk edib əri Alı Zarbalıyevin yanına, yəni Almaniyaya gedəndə uşağıSofiyanın ölkədən çıxarılması üçün ərinin sənədləri qaydasında olmadığına görə sonuncudan razılıq ala bilməmişdir. Ona görə də özü Almaniyaya getmiş, uşağı Sofiyanı isə müvəqqəti olaraq qaynı Elşən və qaynı arvadı Fidangilə qoyub getmişdir. Almaniyada olarkən mütəmadi olaraq uşaqları ilə əlaqə saxlamış və danışmışlar. Yəni bütün qohumlar azyaşlı Sofiyanın valideynləri kimi Alı və Sevinci tanımışlar. Lakin son dövrlər Elşən və Fidan uşağı əsl valideynləri ilə ünsiyyətinin qarşısını almış və bu da onlarda şübhə yaratmışdır. Beləliklə, araşdırma nəticəsində bəlli olmuşdur ki, Elşən və Fidan saxta sübutlar təqdim edərək hazırki qətnamənin çıxarılmasına nail olmuşlar. Halbuki, məhkəmə müvafiq orqanlara, Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğu göndərsəydi xx.xx.2014-cü il təvəllüdlü Sofiya Zərbəliyevanın əsl valideynlərinin kim olması müəyyən edilərdi. Bununla da, uşağı doğmuş əsl ana Maraqlı şəxs2 üçüncü şəxs qismində işə cəlb edilər və həqiqət üzə çıxardı.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında ərizəçilər və onların nümayəndə və vəkilləri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Ərizəçilər onlara verilmiş suallara cavab olaraq bildirdilər ki, uşağın bioloji anası Maraqlı şəxs2dır. Uşaq həqiqi anasının Maraqlı şəxs2 olduğunu bilmir.

7. Məhkəmə iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin ərizəçilər barəsində xüsusi qərardad çıxarmaqla materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməsini xahiş etdi.

Tətbiq edilən hüquq normaları

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 259.0.10. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.

9. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: Bənd 1.5. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsi ləğv edilməli və ərizəçilərin ərizəsi baxılmamış saxlanılmalıdır.

11. İşdən müəyyən olunur ki, Yasamal rayonu Qeydiyyat Şöbəsi tərəfindən 09.08. 2014-cü il təvəllüdlü X4 adına xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 382284 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, uşağın atası qismində Zarbalıyev Alı, anası qismində Maraqlı şəxs2 qeyd edilmişdir.

12. Ərizəçilər özləri də uşağın bioloji anasının Maraqlı şəxs2 olduğunu etiraf etmişlər.

13. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür.

14. Göründüyü kimi, hazırda 09.08. 2014-cü il təvəllüdlü Sofiya Zərbəliyevaya münasibətdə valideynlik hüquqları ilə bağlı mübahisə var. Bu hal iddia ərizəsinin baxılmamış saxlanılmasını şərtləndirir.

15. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsi icra edildiyindən və onun əsasında Maraqlı şəxs1 tərəfindən X2 adına verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 858398 nömrəli doğum haqqında şəhadətnamə verildiyindən mülkiprosessual qanunvericiliyin tələblərinə əsasən icrada dönüş edilməsi barədə tədbirlər görülməli, sözügedən doğum haqqında şəhadətnamə ləğv edilməlidir.

16. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iş üzrə ərizəçilərin barəsində xüsusi qərardad çıxarılmaqla materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün əsaslar müəyyən edilmir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsi ləğv edilsin və ərizə baxılmamış saxlanılsın. Maraqlı şəxs1 tərəfindən X2 adına verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 858398 nömrəli doğum haqqında şəhadətnamə ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar