Məhkəmə qərarları › İş №2(103)-3731/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3731/2022

09.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3731/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə Sadıq oğlunun və X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(005)- 532/2018 saylı qətnaməsindən Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcunun, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlərin və digər xərclərin Cavabdeh (əvvəllər X2) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinə və Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə onların açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra əmlakların 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2-2(82)- 724/2017 nömrəli qərardadı ilə cavabdehin mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilərək, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X5 arasında bağlanmış 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-532/18) iddia rədd, üçüncü şəxsin iddiası isə təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli, 2(103)- 407/19 nömrəli qətnaməsi ilə (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qeyd olunan hissədə təmin edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 700 manatın 350 manatının iddiaçıdan, 350 manatının Cavabdeh alınıb "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova, Ə.Nurməmmədov, İ.Xəlilov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli, 2(103)- 573/2021 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov, A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin olunmamış, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmiş, ekspertiza tədqiqatının dəyəri 400 manatın "xxxx" MMC-nin hesabına iddiaçıdan tutularaq ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-297/2022 saylı, 24.02.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev, İ.Xələfov, A.Abbasov) iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-573/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış 506/F-12 nömrəli, 18.06.2009-cu il tarixli Təminatlı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7% olmaqla 40.000 manat məbləğində, 760F-12 nömrəli, 12.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, ilik 7% olmaqla kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi X3 məxsus, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşər ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi (tövlə) həmçinin, Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi Banka Təqdim edilmiş və bu barədə ipoteka müqavilələri bağlanmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi, X1 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ cavabdehə məxsus olan yuxarıda qeyd etdiyimiz ipoteka predmetlərinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qət edilmiş, cavabdehin banka qarşı vurulmuş ziyanın əvəzi kimi 235.000 manat pulun tutulmasına dair qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 aprel 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 dekabr 2015-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə dair 03 dekabr 2015-ci il tarixli qərardad çıxarılmış və həmin qərardadda göstərilmişdir ki, Ali Məhkəmə yalnız ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2015-ci il tarixli qətnaməsinə mənfi hüquqi qiymət verərək onun ləğv edilməsi və işə yalnız həmin hissədə yenidən baxılması haqqında məcburi xarakter daşıyan göstəriş vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2016-cı il tarixli qərardadı ilə X2 apellyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsinin iddiaçının iddiasının təmin edilməklə, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcunun ipoteka predmetlərinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə dair hissəsi ləğv edilmiş, iddia həmin hissədə baxılmamış saxlanılmışdır. X5 26.04.2017-ci ildə vəfat etmiş və şəxsin bütün daşınmaz əmlakı üzrə vərəsəsi xx.xx.1980-ci il təvəllüdlü oğlu Cavabdehdur. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası onunla əsaslandırılır ki, mərhum X5 ilə 1977-ci ildə nikaha daxil olmuş və vəfat edən günə qədər də rəsmi nikahda olmuşdur. Qeyd olunan müqavilələr bağlanarkən onun razılıq və məlumatı olmadan bağlanılmışdır. Hal-hazırda ipoteka predmeti olan Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi onların razılıqları olmadan Şərur Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Digər ipoteka predmeti isə hal-hazırda onun istifadəsindədir. Bu günə qədər isə heç kim ona bu barədə hər hansı bir məlumat verməmişdir. Hesab edir ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinə (tövlə) dair 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi onun məlumatı və razılığı olmadan bağlanıldığı üçün etibarsız hesab edilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə sübutlara qeyri-obyektiv baxaraq, cavabdeh tərəfinin izahatlarını əsas gətirərək üçüncü şəxsin iddiasını təmin etmişdir. İddiaçının nümayəndələri Nümayəndə Sadıq oğlu və X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Səlahiyyətli Nümayəndə həmçinin ərizə ilə müraciət edərək göstərdi ki, gələcəkdə ipoteka predmeti olan evin sökülməsi müəyyən olunacağı təqdirdə icra mərhələsində çətinlik yaranmaması üçün iddiaçı tərəf tutmanın fərdi yaşayış evinə deyil, həmin evin yerləşdiyi torpaq sahəsinə yönəldilməsinə etiraz etmir və qətnamə çıxarılarkən bu halın nəzərə alınmasını xahiş edir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş, üçüncü şəxs qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında iddiaçının şikayətinə münasibətdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, nümayəndələrin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi ləğv olunmalı, iddia təmin, üçüncü şəxsin iddiası isə rədd edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2016-cı il tarixli qərardadı ilə X2 apellyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi kredit borcunun ipoteka predmetlərinə yönəldilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilmiş, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. İpoteka predmetlərii X2 mülkiyyətindədir. İpoteka predmeti olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə və qeyri-yaşayış binası (tövlə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. X5 26.04.2017-ci ildə vəfat etmiş, mərhumun vərəsələri övladları X8, X11, arvadı X7 mirasdan Cavabdeh xeyrinə imtina etmişlər. 12.06.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mərhumun bütün daşınmaz əmlakına vərəsəsi Cavabdehdur. Vərəsəyə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin 7 gün müddətində Banka ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks halda ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə iki iddia vardır. 1) tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə İddiaçı-nin iddiası; 2) İddiaçı ilə X5 arasında bağlanmış 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddiası. Birinci instansiya məhkəməsi İddiaçı-nin iddiasını rədd, 3-cü şəxs Z.Hüseynovanın iddiasını isə təmin etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə yaranmış borcun 12.10.2009-cu il tarixli 217 №-li ipoteka müqaviləsi üzrə mərhum X3 məxsus Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsində ipoteka predmeti məhv olduğundan, yönəldilmə mümkün olmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə X5 arasında bağlanmış 18 yun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi bağlanan zaman onunla birgə nikahda olan X7 tərəfindən notariat kontoruna qeyri-yaşayış sahəsinin (tövlənin) ipoteka qoyulmasına dair müvafiq razılıq ərizəsi verilməmiş, onun rəsmi şəkildə razılığı alınmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı məhkəmənin müvafiq sorğuları əsasında adıçəkilən ipoteka müqaviləsinin bağlanmasına əsas olan sənədlər məhkəməyə təqdim edilmiş, ancaq həmin notariat işinin materiallarında X4 ipoteka müqaviləsinin bağlanmasına razılığı ilə bağlı hər hansı bir sənədin mövcudluğu aşkar edilməmişdir. Ona görə də qeyri-yaşayış sahəsinə (tövlə) borcun yönəldilməsi hissəsində də iddia tələbi əsassızdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.3, 337, 351.1-ci, İpoteka haqqında Qanunun 8.1, 48.1.4-cü, Ailə Məcəlləsinin 32.1, 33-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Hazırkı iş iki dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki Kollegiyası sonuncu qərarında qeyd etmişdir ki, işə baxan məhkəmə tərəfindən 3-cü şəxs X4 qarşılıqlı iddia verməkdə subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır. Bundan əlavə, 10 aprel 2019-cu il tarixli ekspert rəyində əmlakın mövcud olduğu qeyd olunduğu halda, 24 sentyabr 2019-cu il tarixli rəydə əmlakın mövcud olmadığı qeyd olunmuşdur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. İş materiallarından mübahisəsiz qaydada müəyyən edilir ki, X5 26.04.2017-ci il tarixdə vəfat etmiş və onun vərəsələri X8, X11, eləcə də X7 mirasdan Cavabdeh xeyrinə notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etmiş, sonuncu X2 vərəsəsi olmaqla, bütün mirası qəbul etmiş və ona X2 adına qeydə alınmış əmlaka dair 12.06.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, X2 mülkiyyətində olan bütün əmlaklar, o cümlədən hazırkı iş üzrə mübahisə predmeti olan əmlaklar Cavabdeh mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə və işin sadalanan hallarına əsasən belə qənaətə gəlir ki, X7 miras əmlaklardan imtina etdiyindən hazırkı mübahisə predmeti olan əmlaka dair iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Ona görə də Kollegiya belə qənaətə gəlir ki, üçüncü şəxsin iddiası bu iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığından rədd edilməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının tələbinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi İddiaçı-nin iddiasını ona görə rədd etmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi məhv olmuş, qeyri yaşayış evinin (tövlə) isə ipoteka qoyulmasına dair müvafiq ərizə verilməmiş, ipoteka qoyanın arvadının rəsmi şəkildə razılığı alınmamışdır. İpoteka predmeti olan fərdi yaşayış evinə münasibətdə Kollegiyanın mövqeyi ondan ibarətdir ki, cavabdeh rəsmi reyestrdə qeydiyyat yazısının ləğvi ilə bağlı mötəbər sübutlar təqdim etmədiyindən cavabdehin bu barədəki dəlili əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göründüyü kimi, qanun “məhv olmanın” qaydasını birmənalı olaraq müəyyən etmişdir. Qanunun mənasından göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mübahisəli fərdi yaşayış evin dair rəsmi reystrdə qeydiyyat yazısı isə ləğv edilməmişdir. Digər tərəfdən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Göründüyü kimi, qanunun mənasına görə tikili və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Baxılan iş üzrə ipoteka predmeti olan fərdi yaşayış evi də torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarış verilmişdir. Bu o deməkdir ki, tikili məhv olmuş olsa belə, tikilinin yerləşdiyi torpaq sahəsi bu gün də mövcuddur və ipoteka ilə yüklüdür. Yaranmış vəziyyətdə iddiaçının ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldilməsi tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə həmçinin ərizə ilə müraciət edərək göstərmişdir ki, gələcəkdə ipoteka predmeti olan evin sökülməsi müəyyən olunacağı təqdirdə icra mərhələsində çətinlik yaranmaması üçün iddiaçı tərəf tutmanın fərdi yaşayış evinə deyil, həmin evin yerləşdiyi torpaq sahəsinə yönəldilməsinə etiraz etmir və qətnamə çıxarılarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyası ilk növbədə MPM-nin 53-cü maddəsini rəhbər tutmaqla apellyasiya baxışı zamanı iddia tələbinin həcminin azaldılması barədə ərizənin qəbul olunmasını və təmin edilməsini mümkünsüz sayır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli fərdi yaşayış evi onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur və evlə yanaşı torpaq sahəsi üzərində də yüklülük qeydə alınmışdır. Bu baxımdan, gələcəkdə fərdi yaşayış evinin sökülməsi halında icra sənədi üzrə hər hansı çətinlik yaranmayacaq və tutma evin yerləşdiyi torpaq sahəsinə yönələcəkdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Digər ipoteka predmetinə - qeyri-yaşayış sahəsinə (tövlə) münasibətdə isə Kollegiyanın mövqeyi ondan ibarətdir ki, əvvəla, yuxarıda da qeyd olunduğu kimi Zeynəb Hüseynova mərhum Hacıisa Hüseynovun arvadı olsa da, o, mirasdan imtina etmişdir və bu baxımdan hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Digər tərəfdən, Zeynəb Hüseynova həyat yoldaşı tərəfindən onlara məxsus mülkü Banka ipoteka qoymasına dair etiraz etməməsinə dair ərizəni imzalamışdır (mülki iş, 1-cil cild, səh.154). Zeynəb Hüseynova sözügedən ərizəni mübahisəli predmeti olan əmlakların ipoteka qoyulmasından başqa digər əsaslarla imzaladığına dair sübutlar təqdim etməmiş, həmin ərizənin mötəbərliyini şübhə altına alacaq əsaslara istinad etməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddia tələbi qeyri-yaşayış sahəsinə (tövlə) tutma yönəldilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. "xxxx" MMC-nin 24.09.2019-cu il tarixli rəyinə əsasən Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 278,76 kvm olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 126 040 manat təşkil edir. Ayrılıqda fərdi yaşayış evi 101040 manat, torpaq sahəsi isə 25000 manat qiymətləndirilmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 24 iyun 2021-ci il tarixli, 14/0822 saylı ekspert rəyinə əsasən, qeyri-yaşayış sahəsinin (tövlənin) torpaq sahəsi (istehsalat sahəsi hasara alınmış) ilə birlikdə hazırkı dövrə bazar dəyəri 40.000 manat və likvid dəyəri 36.000 manat müəyyən edilmişdir. İddiaçı-nin nümayəndələri apellyasiya baxışı zamanı ipoteka predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin "xxxx" MMCnin 24.09.2019-cu il tarixli rəyində göstərilən qaydada müəyyən olunmasına etiraz etmədilər. Bu baxımdan Kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinin (tövlənin) likvid dəyəri 36.000 manat, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə qiyməti isə 126 040 manat (fərdi yaşayış evi 101040 manat, torpaq sahəsi 25000 manat) müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbini ipoteka predmetləri satıldıqdan sonra əmlakların 1 (bir) ay ərzində boşaldılması hissəsində də əsaslı sayır və hesab edir ki, iddia “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsi rəhbər tutulmaqla həmin hissədə də təmin olunmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv edilməli, İddiaçı-nin iddiası təmin, 3-cü şəxsin iddiası isə rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı-nin iddiası qismən təmin olunsun. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcunun və qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlərin tutulması Cavabdeh (əvvəllər X2) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinə və Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 278,76 kvm olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin icra zamanı faktiki olaraq mövcud olmadığı müəyyən edilərsə, tutma həmin evin yerləşdiyi 0,1013 ha torpaq sahəsinə yönəldilsin. Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti (likvid dəyəri) 36000 (otuz altı min) manat, Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 278,76 kvm olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 126 040 manat (yüz iyirmi altı min qırx manat), 0,1013 ha torpaq sahəsinin ayrılıqda qiyməti isə 25000 (iyirmi beş min manat) müəyyən edilsin. Həmin əmlaklar açıq hərracdan satılsın, ipoteka predmetləri satıldıqdan sonra əmlaklar 1 (bir) ay ərzində boşaldılsın. Müstəqil tələb irəli sürən 3-cü şəxs X4 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar