Məhkəmə qərarları › İş №2(103)-3731/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3731/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3731/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «behin və vurulmuş zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, Cavabdeh və tərcüməçi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4279/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi 20 saylı evin 6 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh 08 avqust 2016-cı il tarixli beh müqaviləsinə əsasən tərəflər mənzilin satılmasına dair razılıq əldə etmişlər, alqı-satqı müqaviləsi 28 avqust 2016-cı il tarixədək rəsmiləşdirilməli idi, 500 ABŞ dolları məbləğində beh verilmişdir.

3. 21 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Xaqani küçəsindəki 20 nömrəli evin 6 nömrəli mənzili Cavabdeh tərəfindən 50.000(əlli min) manata X1.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı behin və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beh məbləğinin iki qat həcmdə olmaqla 1.000 ABŞ dolları, məhkəmə xərcləri, həmçinin qərarın çıxarıldığı gün göstərilən hesablamaya uyğun olaraq zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, cavabdeh mənzilin satılması ilə bağlı mətbuatda elan vermişdir. Buna cavab olaraq iddiaçı mənzilə baxıb sənədləri nəzərdən keçirmiş, cavabdehin şərtlərini müzakirə edərək, almaq istəyini (oferta) bildirmiş və cavabdeh bu əmlakı iddiaçıya satmağa razılaşmışdır (aksept). İddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı və daşınmaz əmlakın alqı-satqısını təmin etmək üçün girov qoyulması haqqında ilkin müqavilə bağlanmışdır. Müqaviləyə satıcının öhdəlikləri (aksept), dövlət reyestrindən mülkiyyət hüququ çıxarışının surəti və mənzildə alıcıya təhvil verilmiş əşyaların siyahısı əlavə olunmuşdur. 500 ABŞ dolları məbləğində beh iddiaçı tərəfindən həmin gün, avqustun 8-də ödənilmişdir. Bunu cavabdehin əlyazma qəbzi və müqavilənin 2-ci bəndi sübut edir. İddiaçı əvvəlcədən (17 avqust) cavabdehə notariat kontorunda daşınmaz əmlakın alğı-satqısı müqaviləsi rəsmiləşdirmək dəvəti ilə məktub göndərmiş, lakin telefonla cavabdeh xaricdə - Türkiyədə olduğunu bildirmiş, mənzil satmaq fikrini dəyişdiyini və onu kiməsə kirayə verəcəyini demişdir. İddiaçı cavabdehə Türkiyədən qayıtdıqdan sonra müqaviləni qeydiyyata almaq üçün əlavə vaxt təklif etmiş, lakin cavabdeh belə qərarın səbəbini izah etmədən satışa razılıq verməmişdir. İddiaçı müqaviləyə və Mülki Məcəllənin 492-ci maddəsinə uyğun olaraq behin qaytarılmasını tələb etsə də, cavabdeh cavab verməkdən imtina etmişdir. İddiaçı bir neçə gündən sonra həmin əmlakın ünvanına gələrək orada bu mənzili kirayəyə götürdüyünü bildirən bir kişi ilə rastlaşmışdır. İddiaçı cavabdehə bir neçə dəfə zəng edib, bu barədə bildirişlə (məhkəməyə təqdim ediləcək) səs yazısı var. Cavabdeh borcun ödənilməsi tələbinə məhəl qoymayaraq hədə-qorxu gələrək təhqiramiz ifadələr işlətmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş məsuliyyəti izah edərək öhdəliyin yerinə yetirilməsi üçün maksimum vaxt vermiş, lakin cavabdeh öz mövqeyini dəyişməmiş, öhdəliklərin icrasından yayınmış və tezliklə mənzili başqasına satmışdır. Cavabdehin vicdansız davranışı və mənzilin satışını başa çatdırmaqdan və beh məbləğini ikiqat ödəməkdən bilərəkdən imtina etmiş, nəticədə iddiaçıya zərər dəymişdir. Belə ki, iddiaçı mənzilin qiymətləndirilməsi, layihələndirilməsi və dizaynı üçün xüsusi olaraq İrandan gələn memarlıq ekspertinin səyahət və viza xərclərini ödəmişdir və cavabdeh tərəfindən alqı-satqının qeydiyyatı tarixini təxirə salması səbəbindən iki dəfə viza və yeni aviabilet almaq məcbriyyətində qalmışdır (sübut əlavə olunur). Bundan əlavə, iddiaçı satın aldığı mənzilin kirayəsindən də fayda alacağını gözləyirdi. Kirayədən əldə olunan fayda, habelə beh məbləğini bank depozitinə qoymaqla (faiz dərəcəsinin sübutu əlavə olunur) əlavə mənfəət əldə edə bilərdi. Ona görə də, cavabdehin təqsiri üzündən bu fayda əldən çıxmışdır. Şəhərin tam mərkəzində Sahil metrosunun yanında və inkişaf etmiş infrastrukturu olan ərazi nəzərə alınmaqla belə mənzilin kirayəsi üçün ağlabatan qiymət ayda 750 manatdır (qiymət sübutu əlavə olunur). İddiaçı özü üçün mənzil kirayə götürməli olmuşdur, çünki evin yaxınlığında yerləşən mənzilə köçmək ümidi ilə şəxsi mənzilində əsaslı təmir işlərinə başlanılmışdır (mənzilin kirayəyə götürülməsi sübutu əlavə olunur). Tələb edilən zərərin hesablanması aşağıdakı qaydadadır: - 280 manat x 6 aylıq kirayə ödənişi = 1.680 manat; - 3 aviabilet = 87,32 manat + 194,57 manat + 104,95 ABŞ dolları; - 2 viza = 70 + 70 = 140 manat; - 1.000 ABŞ dolları beh üzrə 7,75 % (Mərkəzi Bankın uçot dərəcəsi) x 6 il = 465 ABŞ dolları; - 1.000 ABŞ dolları beh üzrə 9,25 % (Mərkəzi Bankın uçot dərəcəsi ilə faktiki 17 % bank depoziti arasındakı fərq) = 555 ABŞ dolları. - 750 manat (2017-ci ilin mart ayından başlayaraq aylıq kirayə haqqı) x 66 ay = 49.500 manat; - 9.000 manat (illik kirayə haqqı) x 17 % x 5 il = 7.650 manat.

Toplam: real zərər: (2101,89 manat + 104,95 ABŞ dolları + 465 ABŞ dolları) = 2101,89 manat + 569,95 ABŞ dolları (968,92 manat); itirilmiş mənfəət (əldən çıxmış fayda): 57.150 manat + 555 ABŞ dolları - 500 ABŞ dolları (beh məbləği) = 57.150 manat + 55 ABŞ dolları (93,50 manat).

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4279/2022 saylı, 27 dekabr 2022ci il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş 271 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehə 500 ABŞ dolları beh verdiyi halda sonuncu mənzilini satmamaqla ona zərər dəyməsini bildirmiş, mənzilin qiymətləndirilməsi, layihələndirilməsi və dizaynı üçün xüsusi olaraq İrandan gələn memarlıq ekspertinin səyahət və viza xərclərini ödəməsini göstərərək məhkəməyə İİR-dən mütəxəssis qismində şəxs dəvət olunmasını təsdiq edən sübutlar kimi aviabiletlər, vizalar və s. sənədləri təqdim etmiş, lakin həmin şəxslə mənzilin dizayn və s. işlərinin görülməsinə dair aralarında bağlanmış müqavilə və s. sənədlər məhkəməyə təqdim olunmamışdır. Cavabdehin iddiaya etirazının əsası kimi iddiaçının alğı-satqı müqaviləsinin bağlanması üçün vaxtında gəlməməsinə, behi iddiaçıya qaytarmasına, behi qaytarmasına dair şahidlərinin olmasına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, əvvəla cavabdeh iddiaçının alğı-satqı müqaviləsi bağlamaq üçün vaxtında gəlmədiyinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin cavabdehin bu dəlili ilə bağlı qeyd etməyi zəruri sayır ki, bu dəlil özü-özlüyündə ziddiyyətlidir. Belə ki, iddiaçı alğı-satqı müqaviləsi bağlamaq üçün vaxtında gəlməsə idi, cavabdeh behi iddiaçıya qaytarmalı deyildi, beh məbləğini özündə saxlamalı idi. Lakin cavabdeh həmin pul vəsaitini geri qaytardığını təkidlə bildirir. Habelə, cavabdeh onun tərəfindən behin qaytarılmasına dair faktı təsdiq edə biləcək şahidlərin olmasına istinad etsə də, hər hansı şəxsin şahid qismində dəvət edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi, sifarişli xəbərnamə ilə cavabdehə göndərdiyi 10 avqust 2016-cı il tarixli ərizədən göründüyü kimi, iddiaçı alğı-satqı müqaviləsinin bağlanması üçün 27 avqust, bu tarix qane etmədiyi təqdirdə, 26 avqust 2016-cı il tarixdə saat 11.00-da notariat kontoruna gəlməsini xahiş etmişdir. İddiaçı hər bir vasitə ilə alqı-satqı müqaviləsinin bağlanmasında maraqlı olduğunu nümayiş etdirmişdir. Cavabdeh iddiaçı ilə bağladığı beh müqaviləsinin şərtlərinə (28 avqust 2016-cı il tarixədək alğı-satqı müqaviləsi rəsmiləşdirəcəklərinə dair öhdəliyinə) riayət etməmiş, beh müqaviləsinin əhatə etdiyi dövr ərzində - xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi bağlamaqla mənzili X3 adına özgəninkiləşdirmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin iddiaçıya beh məbləğini qaytarmasına dair mötəbər sübutları da mövcud deyildir. Belə ki, iddiaçı beh məbləğini iddiaçıya müqavilə bağlamaqla, qəbzə imza etdirməklə vermiş, cavabdeh isə bu məbləği qaytardığına dair yazılı sənəd (qəbz, iltizam və s.) təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti üzrsüz səbəbdən ötürülmüş, cavabdeh də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı bu növ iddialar üzrə iddia müddətinin altı il olduğuna istinad etsə də, məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlili əsassızdır. Belə ki, mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, altı illik müddət daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə müəyyən edilmişdir. Hazırda isə iddiaçının tələbi daşınmaz əmlakla bağlı deyil, beh müqaviləsi üzrə ödənilmiş məbləğin ikiqat həcmdə qaytarılması və s. əlaqədardır. Belə olan halda isə bu növ iddialar üzrə iddia müddəti üç il müəyyən edildiyindən, iddia tələbinin iddia müddətinin keçməsi səbəbilə təmin edilməsi mümkün deyildir. Beləliklə, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddia behin ikiqat qaytarılması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddia tələbi behin ikiqat qaytarılması hissəsində rədd edildiyindən, bu tələbdən irəli gələn iddianın digər (vurulmuş zərərin əvəzinin ödənilməsi) hissəsinə də hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 271 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «behin və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası əsaslı olsa da, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının, o cümlədən müddətin keçdiyini nəzərdə tutan normaların dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia təmin edilə bilməzdi.

20. Əvvəla, tərəflər arasında yazılı formada beh haqqında razılaşma(müqavilə) bağlanması və iddiaçının cavabdehə bu razılaşma üzrə 500 ABŞ dolları verməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə öhdəlik icra edilmədiyindən həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehin iddiaçıya beh məbləğini qaytarmasına dair mötəbər sübutları mövcud deyildir. Buna görə də iddia müddəti keçdiyinə görə iddianı rədd etmişdir. Düzdü, qətnamə nəticə etibarı ilə xeyrinə qəbul edildiyi üçün cavabdeh beh məbləğinin qaytarıldığına görə iddianın rədd edilməməsini mübahisələndirməmişdir. Lakin beh məbləği qaytarılmamışdırsa iddiaçının 6 il ərzində gözləməsi və məhz bu müddətdən sonra behin qaytarılmadığına görə hüquqlarının pozulduğunu anlaması da inandırıcı və ağlabatan arqument sayılmır. Əks halda iddiaçı cavabdehə qarşı hazırki iddianı irəli sürməsi üçün bu qədər gözləməsinin səbəblərini də ağlabatan formada məhkəmənin diqqətinə çatdırmalı idi, ancaq çatdıra bilmir yaxud çatdırmaq istəmir. Əksinə, cavabdehin bununla bağlı apellyasiya baxışında gətirdiyi dəlillər inandırıcı və ağlabatan olmaqla həm də işin hallarına uyğun olmuşdur.

21. İddiaçı şikayətində məhkəmənin Mülki Məcəllənin 373.2-ci maddəsinin səhv tətbiq etdiyini göstərir. Həmin maddədə müqavilə tələbləri üzrə iddia müddətinin üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin isə altı il olduğu təsbit olunub. İddiaçının beh məbləğinin iki mislini tələb etməsinin qanuni əsası kimi Mülki Məcəllənin 492.2-ci maddəsi çıxış edir. Həmin maddənin ikinci cümləsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Yəni, həmin normanın dispozisiya şərtlərinə görə müqavilənin icra edilməməsinə görə behi almış tərəf məsuliyyət daşıyırsa o, beh haqqında müqavilə üzrə aldığı məbləğin iki mislini ödəməlidir. Demək ki, hazırki tələb müqavilə tələbləri ilə, yəni beh haqqında müqavilə(razılaşma) ilə bağlıdır və bu tələb daşınmaz əşya ilə bağlı müqavilə tələbi kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçı beh haqqında müqavilədə göstərilən mənzillə bağlı cavabdehə qarşı hansısa tələb yönəltməmişdir yaxud mənzillə bağlı beh haqqında müqavilədən başqa digər müqavilə olmamışdır. Düzdü, beh haqqında müqavilədə göstərilən məbləği iddiaçı mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanması üçün qarşı tərəfə vermişdir. Lakin bu hal hazırki iddianın sırf daşınmaz əşyalarla bağlı müqavilə tələblərinə aid olduğu və iddia müddətinin də bu tələblər üzrə altı il olmasını ehtiva etmir.

22. İddiaçı məhkəmənin Mülki Məcəllənin 377.2-ci maddəsini də pozduğunu qeyd edir. Həmin maddədə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlandığı göstərilmişdir. Beh haqqında müqaviləyə görə tərəflər mənzilin alqısatqı müqaviləsini ən geci 28 avqust 2016-cı ilədək rəsmiləşdirməyi öhdəsinə götürmüşlər. Demək, icra müddəti müəyyənləşdirildiyi üçün bu öhdəlik üzrə iddia müddətinin axımı icra müddəti bitdiyi, yəni ən geci 28 avqust 2016-cı il tarixdən sonrakı gündən başlamışdır. Lakin iddiaçı hazırki tələblə məhkəməyə 29 avqust 2022-ci ildə müraciət etmiş və iddia müddətini də ötürmüşdür.

23. İddiaçı məhkəmənin Mülki Məcəllənin 376-cı maddəsinin tələblərini də pozduğunu qeyd edir.Həmin normaya görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. İddiaçı behlə bağlı tələbinin əsas tələb olmadığını göstərsə də bu əsaslı dəlil hesab edilmir. Çünki, hazırki iddianın irəli sürülməsinə səbəb məhz iddiaçının cavabdehin beh haqqında müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Mülki Məcəllənin 492.2-ci maddəsinin üçüncü cümləsi də zərərin əvəzi tələbinin hazırki tələb üzrə əlavə tələb olduğunu açıq-aşkar təsbit edir. Beh haqqında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçının zərər çəkməsi isə ümumiyyətlə hər hansı bir mötəbər sübutla təsdiq edilmir.Yəni, iddia tələbində göstərilən zərər məbləğlərinin ümumiyyətlə ilk növbədə mövcudluğu, əgər mövcud olarsa bunun məhz cavabdehin qeyd olunan mənzili iddiaçıya satmaması nəticəsində yarandığı sübuta yetirilməlidir ki, iddiaçı da bunu sübuta yetirə bilməmişdir.

24. Hazırki iddia üzrə iddiaçının mövqeyi və davranışı da həyatda həmişə verən hallara uyğun deyildir. Çünki, iddia ərizənin məzmunundan da bəlli olur ki, o, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməyəcəyini beh haqqında müqavilə bağlandıqdan bir neçə gün sonra bilmişdi. Əlbətdə ki, o, 2016-cı ilin avqust ayında mənzilin başqa şəxsə satıldığını bildikdən sonra verdiyi beh məbləğini geri almamışdırsa, altı il gözlədikdən sonra iddia irəli sürməsinin səbəblərini ciddi dəlilərlə iddia ərizəsində göstərməli idi. Ancaq iddiaçı bunu göstərməyib, məhkəmə tədqiqi və apellyasiya baxışı zamanı da əsaslı arqumentlərlə məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Belə çıxır ki, bu vəziyyət onu qane etmişdir. Əks halda bu müddətdə iddiaçının faktiki olaraq “fəaliyyətsiz” qalması həm də iddianın cavabdehə münasibətdə əsaslılığına ümidli olmadığını büruzə vermiş olur. Demək ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edməklə də, birinci instansiya məhkəməsi haqlı olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın iddia müddəti tətbiq etməklə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, iddia müddəti və hüquqdan başqalarına zərər vurmaq məqsədilə pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4279/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4279/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar