Məhkəmə qərarları › İş №2(103)-3733/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3733/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3733/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxxxxxxx" Şirkətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1014/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxxxxxxx" Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13267,89 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 13267,89 manat penya, cəmi 26565,78 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 72/18 saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2019-cu il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, lakin indiyədək 13 267,89 manat borc qalığını ödəməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1014/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə preriodik olaraq öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktları imzalanmışdır. Həmin aktların və qaimə fakturaların növbəti iclasda təqdim ediləcəyi bildirilsə də, hakim işi yekunlaşdırmış və qətnamə çıxarmışdır. Cavabdeh müqavilə bağlanan zaman vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyini bildirərək VÖEN təqdim etməkdən imtina etmişdir. Aparılmış araşdırma zamanı cavabdehin əslində fərdi sahibkar kimi qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Məhkəmə buna əhəmiyyət verməmiş, nəticədə cavabdehin iradə ifadəsinin qanunsuz hərəkətlərlə zədələnə biləcəyinə dair mənbəyi məlum olmayan şübhələr əsasında qətnamə çıxarılmışdır. Hər iki tərəfin imzaladığı qarşılıqlı üzləşmə aktında cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxxxxxxx" Şirkəti bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3cü bəndinə əsasən “alıcı” və “satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması” aktı ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış öhdəliklərin qarşılıqlı tanınması haqqında xx.xx.2019-cu il tarixli Akta əsasən cavabdehin iddiaçıya olan borcu bu aktın imzalanması tarixinə 14299,76 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcunun 10 gün ərzində ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçı ilə alğı-satqı müqaviləsi üzrə əməkdaşlığa başladığı dövrdən indiyədək qalıq borc məbləği 13 267,89 manat təşkil edir. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçündə belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (maddə 882.1- 882.2). Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (maddə 882.5). Cavabdehlə iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanması mübahisəsizdir. İddiaçı borcun yaranma əsası kimi “Öhdəliklərin qarşılıqlı tanınması” aktına istinad edir. Tərəflərin heç biri aktın mötəbərliyini, hər iki tərəfin iradə ifadəsini əks etdirdiyini mübahisələndirmir. Cavabdeh tərəf sözügedən aktı öhdəliyin yaranması üçün əsas hesab etməyərək iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi tərəflərin öhdəliklərin qarşılıqlı tanınması aktını notariusun yanında imzalamadıqlarından cavabdehin iradəsinin ifadəsi və bu iradənin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməmiş olmasını şübhə altına almışdır. Halbuki, cavabdehin nə özü, nə də vəkili sözügedən aktın cavabdehin iradə ifadəsi əleyhinə tərtib edildiyi və imzalandığına dair hər hansı iddia və ya etiraz irəli sürməmişdir. Digər tərəfdən, apellyasiya baxışı zamanı cavabdehlə daha əvvəllər də imzalanmış eyni məzmunlu aktlar – xx.xx.2018, xx.xx.2018, xx.xx.2019-cu il tarixli aktlar təqdim olunmuşdur. Həmçinin, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 1.3cü bəndində “alıcı” və “satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqlarının mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması” aktı ilə müəyyən edildiyi barədə tərəflər razılığa gəlmişlər. Ona görə də cavabdehlə periodik olaraq borc qalığı oxşar məzmunlu aktlarla rəsmiləşdirilmiş, həmin aktlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan hazırkı iş üzrə tələbin əsası kimi təqdim olunmuş xx.xx.2019-cu il tarixli aktı öhdəliyin yaranması üçün əsas hesab etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən normalarının mənasına görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu baxımdan öhdəliklərin qarşılıqlı tanınması aktı ilə borc etiraf olunduğundan borcun etirafı üçün xüsusi formaya riayət edilməsi məcburi deyildir. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 13 267,89 manat əsas borcu tələb etməkdə haqlıdır. Kollegiya, dəbbə pulunun tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, cəriməni öhdəliyin icrasının təmini üsulu olmasını, həmçinin cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin həcmini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı dəbbə pulunun məbləği 200 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehdən tutularaq iddiaçınınxeyrinə ödənilməli; həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 07,50 manatı iddiaçıya aid edilməli, 07,50 manatı isə cavabdehdən tutularaq iddiaçınınxeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1014/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 13267,89 manat (on üç min iki yüz altmış yeddi manat, səksən doqquz qəpik) əsas borc, 200 (iki yüz) manat penya,cəmi 13467,89 manat (on üç min dörd yüz altmış yeddi manat, səksən doqquz qəpik) alınaraq iddiaçı "xxxxxxxxx" Şirkətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı iddiaçıya aid edilsin, 15 (on beş) manatı isə Cavabdeh tutularaq iddiaçı "xxxxxxxxx" Şirkətinin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun 07,50 (yeddi manat əlli qəpik) manatı iddiaçıya aid edilsin, 07,50 (yeddi manat əlli qəpik) manatı isə Cavabdeh tutularaq iddiaçı "xxxxxxxxx" Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar