Məhkəmə qərarları › İş №2(103)-3734/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3734/2022

26.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3734/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı Sadiq qızı və borclu 11 saylı Təmir Tikinti İdarəsi arasında bağlanmış 05 may 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mənzillərin ipoteka yüklülüyündən azad edilməsi, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka verən İddiaçı və borcalan 11 saylı Təmir Tikinti İdarəsinin arasında bağlanmış 05 may 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərin ipoteka yüklülüyündən azad edilməsi, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, belə ki, məhkəmə işin hallarını, ipotekaya xitam verilmə şərtlərini, Əmanətlətin Sığortalanması Fondu tərəfindən verilən və iddiaçının hələ də banka borcu olduğunu göstərən arayışları nəzərə almamış və qətnaməni əsaslandırmamışdır. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7750/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 350/2022 saylı, 03.03.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7750/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi V.Qədirova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı borcludu, borc tam ödənilməyib, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, onun əmlakının ipoteka ilə yüklü olmasına əsas olmuş kredit müqaviləsi üzrə öhdəlik icra olunmuşdur, bu səbəbdən o ipotekaya xitam verilməsinə görə müraciət etmiş, lakin məsələ həll olunmadığından daha sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Rayon məhkəməsi də əmlakın ipoteka ilə yüklü olmasına əsas olmuş öhdəliyə xitam verilməsi əsası ilə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Çox güman ki, Ali Məhkəmə bir neçə kredit müqaviləsi üzrə borcun olmasına, onun əmlakının ipotekası ilə yüklü olmasına əsas olan kredit müqaviləsi üzrə öhdəliyin artıq icra edilməsini diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A-da yerləşən 40 və 41 nömrəli mənzillər 11 saylı Təmir Tikinti İdarəsi ilə Cavabdeh1 ASC arasında bağlanmış 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin kredit 11 saylı Təmir Tikinti İdarəsi tərəfindən ödənilmədiyi səbəbindən Qaradağ Rayon Məhkəməsinin 2(002)- 10/2013 saylı, 14 avqust 2013-cü il tarixli icra sənədinə əsasən kredit üzrə 304.913,63 manat qalıq borc iddiaçıya məxsus ipoteka predmeti olan əmlaka yönəldilmiş, 22 sentyabr 2020-ci il tarixdə 11 saylı Təmir Tikinti İdarəsi 05 may 2010- cu il tarixli 28 saylı kredi müqaviləsi üzrə tələbkara olan bütün borcunu tam olaraq ödəmişdir. Bununla da, əmlakın ipoteka ilə yüklü edilməsinə səbəb olan kredit borcu kredit götürən tərəfindən tam olaraq ödənildiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə müvafiq olaraq, əsas öhdəliyə xitam verildiyindən ipotekaya da xitam verilmişdir. Hesab edir ki, Ali Məhkəmə bir neçə kredit müqaviləsi üzrə borcun olmasına, onun əmlakının ipotekası ilə yüklü olmasına əsas olan kredit müqaviləsi üzrə öhdəliyin artıq icra edilməsini diqqətdən qaçırmışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)- 10/2013 saylı icra sənədi üzrə 04 fevral 2020- ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclu İddiaçı göndərilmişdir. 11 saylı Təmir Tikinti İdarəsi 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə tələbkara olan borcunu tam ödəmiş, 24 sentyabr 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək mənzillərlə bağlı icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi 29 sentyabr 2020-ci il tarixdə hərrac mərkəzinə müraciət edərək, əmlakların satılmasını sifariş etmiş, "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən 29 oktyabr 2020-ci il tarixə evlərin satılması ilə bağlı hərrac təyin edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra vərəqəsinə əsasən borclu X2 tərəfindən 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə 22 sentyabr 2020-ci il tarixdə 54.914 manat ödənişin həyata keçirildiyini bildirmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə icraata borclu İddiaçı aid hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə təkrar apellyasiya qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır. Apellyasiya Məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-350/2022 saylı, 03.03.2022-ci il tarixli qərarının 43-cü bəndində qey edir ki, ...apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-10/2013 saylı, 14.08.2013-cü il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh1 ASC ilə 11 saylı Təmir Tikinti İdarəsi arasında üç kredit müqaviləsi bağlanmışdır:

1. 27.05.2009-cu il tarixli, 34 saylı kredit müqaviləsi;

2. 05.05.2010-cu il tarixli, 28 saylı kredit müqaviləsi;

3. 06.04.2011-ci il tarixli, 34 saylı kredit müqaviləsi. Həmçinin həmin qətnamədən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillər Cavabdeh1 ASC ilə 11 saylı Təmir Tikinti İdarəsi arasında bağlanmış yalnız 05.05.2010-cu il tarixli, 28 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bu fakt hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı qətnaməsi ilə tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 saylı mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən 304.913,66 manat məbləğində borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bundan sonra 22 sentyabr 2020-ci il tarixdə 11 saylı Təmir Tikinti İdarəsi tərəfindən 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsi üzrə tələbkara olan borc tam şəkildə ödənilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra vərəqəsinə əsasən borclu X2 tərəfindən 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə 22 sentyabr 2020-ci il tarixdə 54.914 manat ödənişin həyata keçirildiyini bildirmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə icraata borclu İddiaçı aid hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir, həmin qərar hazırda qüvvədədir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Beləliklə, hazırkı iş üzrə 11 saylı Təmir Tikinti İdarəsi ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, öz borcunu ödəmişdir. Həmin 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsi üzrə onun bank qarşısında hər hansı borc öhdəliyi qalmamış, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)- 10/2013 saylı icra sənədi üzrə icraata borclu İddiaçı aid hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəlik tam icra edildiyindən onun təminatı olaraq ipoteka ilə yüklü edilmiş mübahisəli əmlakın ipoteka yüklülüyündə qalmasının zəruriliyi aradan qalxmış, həmin əmlaka dair ipotekaya xitam verilməsi də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən qanuni və əsaslı olmuşdur. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Ali Məhkəmənin 2(102)-350/2022 saylı, 03.03.2022-ci il tarixli qərarındakı göstərişləri, cavabdehin apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəldiyindən və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar