Məhkəmə qərarları › İş №2(103)-3735/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3735/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3735/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının “başqa ölkənin vətəndaşı olmama və Azərbaycan Respublikasında yaşama faktının müəyyən edilməsi barədə” ərizəsinə dair iş üzrə (Açar sözlər: şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə ölkədə daimi yaşaması faktının müəyyən edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının vəkili Vəkil1 iştirakı ilə Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının “başqa ölkənin vətəndaşı olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Ərizəçi Mansır qızı 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı olmuş, 1991-ci ildə Ukrayna Respublikasına gedərək orada yaşamış, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasına gələrək burada yaşamağa başlamışdır. Hazırda o, ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşamaqdadır. Gürcüstan Respublikasının Azərbaycandakı səfirliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda onun Gürcüstan Respublikasının, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda Azərbaycan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuş, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin verdiyi məlumatda isə həmin ölkənin vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir.

2. Ərizəçi Mansır qızı ərizə ilə məhkəməyə müraciət edərək, heç bir dövlətin vətəndaşı olmaması və 2004-cü ildən Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı olmuş, 1991-ci ildə Ukraynaya gedərək orada yaşamış, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasına gələrək burada yaşamağa başlamışdır. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş arayışda onun Gürcüstan Respublikasının vətəndaşı olmadığı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışda isə Azərbaycan Respublikasının vətəndaşı olmadığı göstərilmiş, Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, 13 yanvar 2020-ci il tarixli cavab məktubu ilə, 2004-cü ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsindən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyi diqqətinə çatdırılmışdır. Şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmaması, buna görə də Azərbaycan Respublikasının sərhədlərini tərk edə bilməməsi onun üçün bir sıra problemlər yaradır. Qohumlarının, ata mülkünün Gürcüstanda olmasına baxmayaraq, sənədi olmadığından Gürcüstana da gedib-gələ bilmir, qeyd edilən sənədi də başqa şəkildə ala bilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ərizəçi Mansır qızı 1991-ci ildən 2004-cü ilədək daimi əsaslarla Ukraynada yaşasa da, Ukraynanın vətəndaşı olmamasına, habelə ərizəsində istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, ərizəsini həmin hallara uyğun əsaslandırmamış, ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə vurğulamışdır ki, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatında ərizəçinin 1996-2000-ci illər üzrə Xarkov vilayəti, Vovçan rayonu, Nikolayevka kəndi (keçmiş adı Jovtneve druqe) ünvanında qeydiyyatda olduğu, hazırda onun Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etməyin mümkün olmadığı göstərilsə də, məhkəməyə ərizəçinin Ukrayna vətəndaşı olmamasına dair hər hansı bir sübut təqdim edilməmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, ərizənin təmin edilməsi, xx.xx.1962-ci ildə Gürcüstanda anadan olmuş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir ölkənin vətəndaşı olmaması və xx.xx.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1991-ci ildə Ukraynaya gedərək orada yaşayıb, xx.xx.2004-cü ildə Azərbaycan Respublikasına gəlib, həmin vaxtdan hal-hazıra kimi burada yaşayır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyil - bu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışı ilə (iş v. 54) təsdiq olunur. O, vətəndaşlıqla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Dövlət Miqrasiya Xidməti xx.xx.2020-ci il tarixli R/V-65 nömrəli məktubu ilə (iş v. 2) ona cavab verib ki, 2004-cü ildən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün DMX-nə müraciət edə bilər. Bundan sonra ərizəçi həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edib. Faktın hüquqi əhəmiyyəti” Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsində müəyyən olunub. Orada qeyd olunub ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. O cümlədən Mülki-Prosessul Məcəllənin 307.2.10-1-ci maddəsinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır.

8. Məhkəmə hesab etmişdir ki, ərizəçinin xx.xx.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşadığı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli 33/88/M-288 nömrəli məktubu ilə (iş v. 6), Gürcüstanın vətəndaşı olmadığı Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 8), Ukraynanın vətəndaşı olmadığı isə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 79) təsdiq olunur. Həmin arayışda ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmənin mümkün olmadığı qeyd olunmuşdur, bu məlumat isə həmin arayışın ümumi məzmunu nəzərə alınmaqla belə qiymətləndirilir ki, ərizəçi Ukrayna vətəndaşı deyil.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarı ilə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “...kassasiya şikayətinin əsas dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmamasından ibarətdir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, ərizəçi uzun müddət (1991-ci ildən 2004-cü ilədək) Ukrayna Respublikasında yaşadığını bildirmiş, orada hansı əsaslarla yaşadığı, bu dövlətə mənsubluğu, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələrin olmasını təsdiq və ya inkar edən hər hansı sübutu təqdim etməmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin Ukrayna Respublikasında kifayət qədər uzun müddət yaşadığına istinadən, işin düzgün həlli üçün haqlı olaraq onun bu ölkənin vətəndaşı olub-olmamasının araşdırılmasını zəruri saymış və ərizəçidən bu cür sübut təqdim etməyi tələb etmişdir. Ərizəçi tərəfindən təqdim olunmuş Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatında ərizəçinin 1996-2000-ci illər üzrə Xarkov vilayəti, Vovçan rayonu, Nikolayevka kəndi (keçmiş adı Jovtneve druqe) ünvanında qeydiyyatda olduğu, lakin hazırda Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmadığını bildirilmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi bu sübutu məzmun baxımından təhlil edib qiymət verərək bildirmişdir ki, ərizəçi 1991-ci ildən 2004-cü ilədək daimi əsaslarla Ukraynada yaşasa da, Ukraynanın vətəndaşı olmamasına dair, ərizəsində istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, ərizəsini həmin hallara uyğun əsaslandırmamış, ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən sübuta birinci instansiya məhkəməsinin verdiyi qiymətlə razılaşmamış və qeyd etmişdir ki, ərizəçi Ukraynanın da vətəndaşı deyil. Bu, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 79) təsdiq olunur. Həmin arayışda qeyd olunub ki, ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmadı. Bu məlumat həmin arayışın ümumi məzmunu nəzərə alınmaqla belə qiymətləndirilir ki, ərizəçi Ukrayna vətəndaşı deyil. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Çünki Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışda (iş v. 79) ərizəçinin həmin ölkənin vətəndaşı olması nə təsdiq, nə də inkar edilməmişdir. Bu arayışda əks olunan məlumatlar, həll olunmalı məsələ ilə bağlı tam və qəti rəyə gəlməyə imkan vermir. Nəzərə alınmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011 -ci il tarixli Qərarı). Bundan başqa, mülki işdən görünür ki, ərizəçi 2018-ci ilin aprel ayında DMX-nə müraciət edərkən, keçmiş SSRİ vətəndaşlığının pasportunu təqdim etmişdir. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda ərizəçinin Gürcüstanın "Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq və agentliyin əldə etdiyi məlumatlara əsasən Gürcüstan vətəndaşı hesab olunmadığı qeyd edilir. İşin həlli baxımından bu arayışın məlumatlarının da təhlilinə ehtiyac vardır. Çünki “Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 30-ci maddəsi "Gürcüstan vətəndaşlığına xitam verilməsi üçün əsaslar” adlanır və həmin madənin “a” bəndində “Gürcüstan vətəndaşlığından çıxmaq” qeyd olunmuşdur. Həmin Qanunun 31-ci maddəsinin məzmunundan görünür ki, vətəndaşlıqdan çıxmaq şəxsin hüququdur. Ərizəçi onun vətəndaşlıqdan çıxdığını bildirmir. Bu baxımdan Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın məlumatları ərizəçi ilə araşdırılmalı, onun vətəndaşlıdan çıxıb-çıxmaması dəqiqləşdirilməlidir. Çünki ərizənin təmin olunması üçün başlıca şərt ərizəçinin “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması”dır. Bundan başqa, iş materiallarından görünür ki, Ərizəçi Mansır qızının “heç bir dövlətin vətəndaşı olmaması və 2009-cu ildən Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi” tələbinə dair bundan əvvəl də məhkəməyə müraciəti olmuş, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1140/2020 saylı qərardadı ilə ərizə 259.0.10cu maddəsinə əsasən baxılmamış saxlanmışdır. MPM-nin 306.4-cü maddəsi bu halda məhkəmədən ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmaqla yanaşı, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun izah edilməsini tələb edir. Buna əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1140/2020 saylı qərardadında ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Lakin ərizəçi iddia ərizəsi deyil, yenidən faktın müəyyən edilməsi barədə ərizə vermiş və məhkəmə işə xüsusi icraat qaydasında baxmış, bu zaman Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1140/2020 saylı qərardadı ilə hüquq haqqında mübahisə olmasının müəyyən edilməsinə baxmayaraq, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılmasının mümkünlüyünü əsaslandırmamışdır”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

11. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən ərizəçinin vəkili apellyasiya şikayətini müdafiə etmiş, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi isə ərizənin təmin olunması üçün ərizəçinin Ukrayna Respublikasının vətəndaşı olmadığının sübuta yetirilməsinin zəruri olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

“Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə 14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə;

14. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6- cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

15. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

16. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

19. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə işlərə baxır.

20. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

21. Maddə 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir.

22. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

25. Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan maddələrinin mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

26. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

27. Ərizəçi Mansır qızının 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulduğu, 1991-ci ildə Ukrayna Respublikasına gedərək xx.xx.2004-cü il tarixinə qədər orada yaşadığı, həmin tarixdə Azərbaycan Respublikasına gəldiyi və bundan sonra bu ölkədə yaşamağa başladığı, Azərbaycan Respublikasının vətəndaşı olmadığı işin mübahisəsiz hallarıdır.

28. Kollegiya onun Gürcüstan Respublikasının vətəndaşı olmadığını da işin müəyyən olunmuş halı hesab edir – çünkü bu barədə məlumatı adı çəkilən ölkənin Azərbaycan Respublkasındakı Səfirliyi vermişdir və həmin məlumatın düzgünlüyünə inanmamaq üçün hər hansı əsas olmamaqla ərizəçinin hansı səbəblə Gürcüstan vətəndaşlığını itirdiyinin də hazırda baxılan iş üçün əhəmiyyəti yoxdur.

29. Beləliklə ərizənin təmin olunması, ərizəçinin Ukrayna Respublikasının vətəndaşı olmadığının müəyyən edilməsindən asılıdır.

30. Yuxarıda qeyd olunduğu kimi, Ukrayna Respublikasının Azərbaycandakı Səfirliyinin Azərbaycan Respublikasının səlahiyyətli və aidiyyati qurumlarına ünvanladığı məktubda, ərizəçinin həmin ölkənin vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir.

31. Kollegiya sözügedən məktubun ümumi məzmununa əsasən belə qənaətə gəlir ki, ərizəçi Ukrayna Respublikasının vətəndaşı deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin məktubda, Ukrayna vətəndaşlığının alınması/dayandırılması məsələləri üzrə müraciət edən şəxslər arasında Mahmudova (Vəliyeva) Qənirə Mansır qızının müəyyən edilmədiyi göstərilmişdir.

32. Təkrar apellyasiya baxışı zamanı, sözügedən məktubdakı məlumatın dəqiqləşdirilməsi üçün ərizəçinin vəkilinin Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı müraciətə cavab gözlənilmiş, lakin Səfirlikdən göndərilən xx.xx.2022-ci il tarixli məktubda Ukraynada yaranmış vəziyyətlə əlaqədar (Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında başlanan müharibə) müraciətdə göstərilən məsələ üzrə məlumat verilməsinin mümkün olmadığı bildirilmişdir.

33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ərizəçinin heç bir ölkənin vətəndaşı olmadığı, həmçinin xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasında daimi yaşadığı qənaətinə gəlinməsi mümkündür və buna görə də qətnamə ləğv olunaraq ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

34. Nəzərə alınmalıdır ki, vətəndaşlıq hüququ mühüm insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Nəzərdə tutulmuş hüquq və azadlıqları şəxs yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, o, hər hansı bir dövlətin vətəndaşı olsun və şəxsin hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin. Azərbaycan Respublikası da vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı bir sıra beynəlxalq sənədlərə, o cümlədən BMT-nin 1954-cü il tarixli “Apatridlərin statusu” haqqında və 1961ci il tarixli “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” Konvensiyalarına qoşulmuşdur.

35. Kollegiya onu da qeyd edir ki, ərizəçinin eyni məzmunlu ərizəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hüquq haqqında mübahisə yarandığı əsas göstərilməklə baxılmamış saxlanmış olması, hazırkı ərizəyə xüsusi icraat qaydasında baxılmasına maneə törətmir. Belə ki, xüsusi icraat qaydasında baxılan işlərdə “hüquq haqqında mübahisə” deyildiyi zaman istənilən mübahisə nəzərdə tutulmur və əgər maraqlı şəxs sadəcə faktın özünün mövcudluğunu mübahisələndirirsə bu, hüquq haqqında mübahisənin olması demək deyildir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-376/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir ölkənin vətəndaşı olmaması və xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar