Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3735/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və ızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “siyahıdan çıxarılma barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1799/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmrinə dəyişikliyin edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29/3-2-589F/2024 nömrəli əmrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1799/2025 nömrəli qərardadı ilə mülki işin icraatına xitam verilməsi qərara alınmış, iddiaçıya izah olunmuşdur ki, hazırki tələb üzrə inzibati məhkəmədə iddia qaldıra bilər.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
3. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisləndirilən qərardadı qəbul edərkən aidiyyət məsələsini işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamışdır. Belə ki, mübahisləndirilən əmr inzibati akt sayıla bilməz. Çünki, iddiaçının məzun siyahısına adının daxil olması məhz İddiaçı, Azərbaycan Respublikasının Elm və Təhsil naziri X4, Bakı Mühəndislik Universiteti X5 arasında bağlanmış, bərabər hüquqlu üçtərəfli müqavilə öhdəliyindən irəli gəlir. Həmin əmr müstəqil qərar deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsinin ayrılmaz hissəsidir. Əgər üçtərəfli müqavilə olmasaydı, həmin əmr qəbul olunmayacaqdı. Məhz bu səbəbdən hesab edir ki, həmin əmr üçtərəfli müqavilə əsasında yaranmışdır. Dövlət hakimiyyəti orqanlarını qismində çıxış edən Elm və Təhsil naziri hazırki mübahisə olunan münasibətdə bərabərhüquqlu subyekt kimi çıxış etmişdir. Müqavilənin hər üçtərəfi onu imzalamaya bilərdi. Belə olduğu halda isə Elm və Təhsil naziri hər hansı bir əmr qəbul etməyəcəkdi. Hazırki mübahisə bərabər hüquqlu subyektlər arasında və mülki münasibətlərdən yarandığından, kimin həmin müqaviləyə əməl edibetməməsi araşdırılmalıdır. Lakin mülki məcəllədə bu cür faktların müəyyən edilməsinə dair iddia tələbi mövcud olmadığından, mübahisənin həlli hazırki iddia tələbinə baxılması zamanı müəyyən edilərək həll edilməlidir. Bu cür mübahislərə isə mülki icraat qaydasında baxılır. Belə ki, İddiaçı müqavilə şərtlərinə əməl edərək xaricdə təhsil almış, təhsilini müvəffəqiyyətlə başa vurmuş, qayıtdıqdan sonra sənədlərini təqdim edərək diplomunu tanıtdırmış, əmək müqaviləsi bağlayaraq öhdəliyini yerinə yetirmişdir. Lakin həmin iş yerində iddiaçının əmək hüquqları pozulduğundan o, işdən ayrılmalı olmuşdur. (Qeyd edir ki, müqavilə şərtləri iddiaçı tərəfindən deyil, digər tərəfdən pozulmuşdur). Çünki, iddiaçı ilə 5 illik fasiləsiz əmək müqaviləsi bağlanması gərəktiyi halda BMU rəhbərliyi sadəcə 9 ay 15 günlük (xx.xx.2023- xx.xx.2024-ə qədər) və Üçtərəfli müqaviləyə heç bir istinadın olmadığı standart əmək müqaviləsi bağlamışdır. Bununla yanaşı olaraq Üçtərəfli müqavilədə edilən müraciətlərə 15 təqvim günü içərisində cavab vermək zərurəti olduğu halda nə Nazirlik, nə X2 Qrupu (bundan sonra, DPİQ), nə də BMU rəhbərliyi tərəfindən müraciətlərə rəsmi cavab verilməmişdir. BMU isə iddiaçıya qarşı qərəzli davranaraq, onu əmək bazarında reytinqini aşağı salan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmışdır. Elm və Təhsil naziri isə həmin maddəni əsas tutaraq iddiaçının adını “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı”dan çıxarmış, ödənilmiş təhsil haqqının geri qaytarılmasını tələb etmişdir. Bundan sonra iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən BMU içdən çıxarma ilə bağlı əmri ləğv etmişdir. Müvafiq olaraq həmin əmrin əsasında qəbul edilmiş Elm və Təhsil nazirinin əmri də ləğv edilməlidir. Göründüyü kimi cavabdehin mübahisləndirilən əmri qəbul etməsinə əsas olmuş hala nəzər saldıqda görürnür ki, cavabdeh həmin əmri qəbul edərkən iddiaçı tərəfindən işdən çıxarıldığı üçün müqavilə münasibətlərinə əməl etməməsini hesab etmişdir. Hazırda da məhkəmə məhz iddiaçı tərəfindən həmin müqavilə münasibətlərinə əməl edib-etməməsini yoxlamalı və nəticədə əmrin ləğv edilməsi barədə qətnamə qəbul etməlidir. Bu səbəbdən də hazırki iddia tələbi mülki icraat qaydasında baxılmalıdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” xx.xx.2025-ci il tarixli Qərardadı: Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir. İnzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir. İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə mülki hüququn ənənəvi institutu olsa da, dövlətin idarəetmə funksiyalarını daha çevik və səmərəli həyata keçirməsi məqsədilə, eləcə də inzibati hüququn inkişafı nəticəsində müqavilə anlayışı inzibati hüquqa da daxil olmuşdur. İnzibati müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində konkret anlayış verilməsə də, belə müqavilələr bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir ki, bununla da onlar mülki hüquqi müqavilələrdən fərqlənir. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai və ya dövlət maraqlarının təminatına xidmət edir. Eyni zamanda inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s. məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. İnzibati müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir. O da nəzərə alınmalıdır ki, inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, belə müqavilələrin əsas xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. Bir sıra hallarda qanunvericilikdə inzibati müqavilələr və onların bağlanması proseduru ilə bağlı mülki (xüsusi) hüquqdakı bərabərlik prinsipindən kənara çıxan, inzibati orqana bir sıra üstünlüklər tanıyan qayda və şərtlər (müqavilə üzrə kontragentə və onun müəyyən edilməsinə dair xüsusi şərtlər və qaydalar, müqavilənin digər tərəfinin müqavilə şərtlərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinin yoxlanılması, müqavilənin inzibati orqan tərəfindən birtərəfli qaydada ləğvi, şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi imkanı və s.) mövcud olur. İnzibati orqanlar ilə kommersiya və ya digər iqtisadi maraqlardan çıxış edən fiziki və ya hüquqi şəxslər arasında bağlanılan inzibati müqavilələrdə inzibati orqanlara bu kimi üstünlüklərin verilməsi sonuncuların ictimai və dövlət maraqlarına xidmət etməsindən irəli gəlir. İnzibati orqan inzibati müqavilənin məcburi tərəfidir. İnzibati müqavilə inzibati orqanın ictimai-hüquqi səlahiyyətlərinin həyata keçirilməsinə yönəldilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: · müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; · müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; · müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; · müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; · müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. O da nəzərə alınmalıdır ki, müəyyən hallarda müqavilə tərəfləri arasında mübahisələr müqavilədən irəli gələn öhdəliklərlə bağlı deyil, qanunvericiliklə həmin müqavilə ilə əlaqədar olaraq inzibati orqanın daşıdığı bu və ya digər vəzifənin icra edilməməsi və ya lazımınca icra edilməməsi (hərəkət və hərəkətsizlik) səbəbindən də yarana bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.
11. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Maddə 2. Dövlət Proqramının məqsədləri: Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İşdən görünür ki, iddiaçı Elm və Təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmrinə dəyişikliyin edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29/3-2-589F/2024 nömrəli əmri mübahisələndirir.
14. Həmin əmrə əsasən iddiaçının adı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” məzunları siyahısından çıxarılmış, onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi əmr edilmişdir.
15. İşdən həmçinin müəyyən olunur ki, hazırki iş üzrə tərəflər və Bakı Mühəndislik Universiteti arasında xx.xx.2020-ci il tarxli, 15 nömrəli üçtərəfli müqavilə imzalanmış, müqaviləyə əsasən “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanmış iddiaçı, Təhsil Nazirliyi və razılıq məktubunu təqdim edən yerli ali təhsil müəssisəsi ilə imzaladığı müqavilə üzrə üzərinə bir sıra öhdəliklər götürmüşdür.
16. Konstitusiya Məhkəməsi Plenumunun ifadə etdiyi hüquqi mövqeyə əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə inzibati müqavilə olmuş, bununla da tərəflər arasında inzibati hüquq münasibətləri yaranmış, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati orqanın əmri də həmin müqavilə üzrə iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklərin pozulması ilə bağlı olmuşdur.
17. Belə ki, sözügedən müqavilənin bir tərəfi inzibati orqan olmuş, müqavilənin məqsədi ümumdövlət maraqlarının təmin olunmasına yönəldilmiş (ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi və s.), müqavilənin digər tərəfinə dair tələblər, müqavilələrin bağlanma qaydası, onun nümunəsi və şərtləri inzibati hüquq normaları ilə tənzimlənmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1799/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: