Məhkəmə qərarları › İş №2(103)-3736/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3736/2020

23.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3736/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakıilə İddiaçıCavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurduğunu, nikahlarından xx.xx.2009-cu il tarixdə Paşa, xx.xx.2010-cu il tarixdə Şəhriyar adını verdikləri uşaqlarının doğulduğunu, nikahları dövründə yaşayış yerlərinin olmaması səbəbindən atasının Səngəçal qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən bir hissə ayıraraq onlara həminhəyətyanı sahədə özlərinə yaşayış evi tikməyə şərait yaratdığını, atasının maddi dəstəyi ilə 2014-cüildə evin tikintisini həyata keçirdiklərini, evin tikintisi yekunlaşdıqdan sonra 2015-ci ildən cavabdeh vəövladları ilə birlikdə həmin evə köçərək orada yaşamağa başladıqlarını, nikahlarının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi əsasında pozulmasından sonra cavabdehin onu və uşaqlarını həmin evə buraxmadığını bildirmiş, buna görə də azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu,Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxılması, iddiaçının köçürülməsini istədiyi evi ailə qurmamışdan əvvəl atasının köməkliyi ilə tikdiyi, iddiaçının həmin evə heç bir hüququnun olmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən iddiaçı, Cavabdeh ilə xx xxxxxxxx 2008-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2009cu il tarixdə Paşa, xx.xx.2010-cu il tarixdə Şəhriyar adını verdikləri uşaqları dünyaya gəlmiş, 2015-ci ildən etibarən onlar Bakı şəhəri, Qaradağ rayonu,Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində birlikdə yaşamış, iddiaçı və uşaqları həmin evə pasport qeydiyyatına alınmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar analarının (iddiaçının) himayəsində saxlanılmış, bundan sonra cavabdeh onları sözügedən evə buraxmamışdır. Bakı şəhəri, Qaradağ rayonu,Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evinin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğu da işin mübahisələndirilməyən halıdır; iddiaçının iddiasına görə həmin ev cavabdehlə nikahda olduqları dövrdə atasının maddi yardımı ilə tikilmiş, cavabdehin bildirdiyinə görə isə evi öz vəsaiti hesabına inşa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqi nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının azyaşlı uşaqları ilə evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi və bununla da çəkişmə prinsipinin pozulması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından cavabdehin məhkəmə prosesi barədə məlumatlı olduğu, hazırlıq iclasında iştirak edərək məhkəmə baxışının vaxtı barədə bildirişi imzaladığı aydın olur; onun, məlumatlı olduğu məhkəmə iclasına getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-263/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar