Məhkəmə qərarları › İş №2(103)-3738/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3738/2025

28.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3738/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X6 10 nömrəli şəhər poliklinikasına qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı «Bakı Baş Səhiyyə Mərkəzi” X6 10 nömrəli şəhər poliklinikasının baş həkiminin xx.xx.1989-cu il tarixli əmri ilə xx.xx.1989-cu il tarixdən həkim laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli əmrlə 10 saylı şəhər poliklinikası üzrə laboratoriyanın şöbə müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatdıqda) xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X6 10 nömrəli şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Baş Səhiyyə Mərkəzi” X6 10 nömrəli şəhər Poliklinikasının 30 yanvar 2025-ci il tarixli, 18-1-1-16/3-1- 116/2025 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, 1 (bir) il müddətinə əmək müqaviləsinin müddətinin uzadılması və işdən çıxarıldığı 30 yanvar 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi işburaxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 1977-ci ildən 30 yanvar 2025ci il tarixə qədər ümümilikdə 48 illik əmək stajı vardır. İş stajının 30 ilini laboratoriya müdiri kimi 10 saylı şəhər Poliklinikasında işləmişdir. Bundan başqa o, əmək fəaliyyətində Rusiya Federasiyasının Lipetsk şəhərində də həkim kimi işləmişdir. X2 laboratoriya həkimi kimi dövlət tərəfindən kurslara cəlb edilmişdir. Həkimlərin Sertifikasiyalarından keçərək 2027-ci ilə qədər laboratoriya işi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün şəhadətnamə də verilmişdir. İşlədiyi dövrdə heç bir intizam tənbehi olmamışdır. Bütün bunları qeyd etməkdə məqsədi sadəcə bir işçi keyfiyyətlərinin və həkim olaraq öz bilik və bacarıqlarının gənc həkimlərə öyrətmək istəyidir. Fiziki və zehni qabiliyyəti, sağlamlığı da işləməyinə imkan verir. Bütün bunları əslində işlədiyi Poliklinikanın Baş Həkimi Rüstəm Rzayev də nəzərə almış, 65 yaşına çatdığına görə onun da razılığı və istəyi əsasında əmək müqaviləsinin 1 il müddətinə uzadılmasını istəmişdir. Hətta Baş həkim bununla bağlı Bakı Baş Səhiyyə Mərkəzinə rəsmən müraciət də etdiyini bildirmişdir. Qısası iş yeri və baş həkim onunla əmək müqaviləsinin 1 il müddətinə bağlanmasını rəsmən istəsələr də, Mərkəzdən məktub verilərək əmək müqaviləsinin uzadılmasının heç bir səbəb və əsas belə göstərilmədən sadəcə “məqsədəmüvafıq” hesab edilməməsi həmin məktubda göstərilmişdir. Baxmayaraq ki, işlədiyi Poliklinikanın baş həkimi Rüstəm Rzayev özü 2023cü ildə onunla müddətsiz əmək müqaviləsi bağlamış və işəgötürən kimi əmək müqaviləsinin uzadılması üçün 06 dekabr 2024-cü il tarixdə bu barədə rəsmi qaydada Mərkəzə müraciət etmiş, ancaq Mərkəzin imtina cavabından sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, yəni “çalışmanın son yaş həddinə çatdıqda” əsası ilə 30 yanvar 2025-ci il tarixdə, 18-1-1-16/3- 1-116/2025 nömrəli əmrlə xitam verilmişdir. 2023-cü ilin 24 yanvar tarixində əmək müqaviləsi müddətsiz bağlanmışdır. Hərçənd ki, aralarında bağlanmış müqavilədə müqavilənin 2 il müddətinə bağlanması qeyd olunmamışdır. Ancaq işdən çıxarılması barədə əmrdə əsas kimi Bakı Baş Səhiyyə Mərkəzinin 21 yanvar 2025-ci il tarixli məktubu əsas göstərilmişdir. Hansı ki, o məktubda sadəcə heç bir səbəb və əsas qeyd olunmadan “məqsədəmüvafiq” deyil qeyd olunmuşdur. Onun uzun illər qüsursuz fəaliyyəti nəzərə alınmamışdır. Əmək müqaviləsini uzatma və işdən çıxma barədə əmri verən əgər Poliklinikanın Baş həkimidirsə o halda Bakı Baş Səhiyyə Mərkəzinin heç bir əsaslanması olmayan məktubu əmrin verilməsinə əsas ola bilməz. X5 Şəxsin rəhbər şəxsi öz səlahiyyətlərindən istifadə edərək heç bir əsas, səbəb göstərmədən sadəcə “məqsədəmüvafıq deyil” deməsi hüquq pozuntusu kimi qəbul edilməlidir. Belə ki, işlədiyi müəsissə daxil olmaqla Mərkəzin poliklinika və xəstəxanalarında yüzlərlə 65 yaşdan yuxarı həkimlər hazırda da işləyirlər. Qanunvericilik müqavilənin uzadılmasını tərəflərin razılığı və zərurət nəzərə alınmaqla tətbiqini nəzərdə tutur və X4 şəxsdən bu cür razılığın alınması imperativ deyildir. X5 şəxsin rəhbəri dövlət orqanının rəhbəri deyildir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2793/2025 saylı, 02 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia rədd olunmuşdur.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməmişdir və ona görə də iddia tələbi əsassız sayılaraq rədd edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 11, 68, 70-ci maddəsinin “e” bəndi, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin halları baxımından və tətbiq edilən hüquq normasını səhv təfsir edib və düzgün nəticəyə gəlməyib.Çünki qanun 65 yaşına çatmış işçi ilə əmək müqaviləsinin 1 ildən artıq olmamaqla 5 ilə artırılmasını nəzərdə tutarkən bunun üçün işçinin hər hansı səhiyyənin inkişafında xususi meyarını müəyyən etməyib. Qanun yalnız məhkəmənin istinad etdiyi meyarlara cavab verən kateqoriya işçilərin əmək müqaviləsinin 5 ildən də artıq uzadılmasının mümkünlüyünü ehtiva etdirib. Ancaq məhkəmənin səhvə yol verərək bu normaya istinad etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Hərçənd ki, istər cavabdehlər belə iddianın təmin olunmasına etiraz etmədikləri halda məhkəmənin səhvə yol verərək qeyd olunan normaya istinadını kobud hüquq pozuntusu hesab edir.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 7. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Maddə 11. Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70, “e” bəndi. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 300, hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları qismində aşağıdakılar nəzərdə tutulımuşdur: 1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; 1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; 1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; 1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; 1.5. Dövlət mükafatı laureatı olması.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.

18. İşin mübahisəsiz hallarına əsasən iddiaçı xx.xx.1989-cu il tarixdən həkim laborant vəzifəsinə işə qəbul edilmiş və işdən azad olunana kimi laboratoriyanın şöbə müdiri vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddənin “e” bəndinə əsasən xitam verilmişdir.

19. Əmək Məcəlləsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər (maddə 10-1.1- 10.1.3).

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları təsdiq edilmişdir.

21. Kollegiya ilk növbədə nəzərə alır ki, qanun Əmək Məcəlləsinin 10-1-ci maddəsinə istinadən çalışma müddətinin uzadılmasını dövlət orqanının rəhbərinin vəzifəsi olaraq deyil, hüququ olaraq müəyyən etmişdir. Dövlət orqanının rəhbəri iddiaçının çalışma müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etməmişdir.

22. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edərək onunla əmək münasibətlərinə xitam vermişdir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar