Məhkəmə qərarları › İş №2(103)-374/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-374/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-374/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)-44/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və X5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 27.11.2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsi üzrə 08 avqust 2018-ci il tarixinə yaranmış 39562,33 ABŞ dolları əsas borc, 29946,18 ABŞ dolları faiz borcu, 11,14 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 69519,65 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri Yaşamal rayonu Yeni Yasamal-2 küçəsində yerləşən 9 nömrəli evin 2 otaqlı, 50.64 kv.m. ümumi, 30.14 kv.m. yaşayış, 20.5 kv.m. yardımçı sahədən ibarət 17 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdə və o satıldıqdan satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh1 ilə aralarında bağlanmış 27.11.2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “2 saylı” filialından illik 27 faizlə 72 ay müddətinə 44500 USD məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X3 mülkiyyətindəki Bakı şəhəri Yaşamal rayonu Yeni Yasamal-2 küçəsində yerləşən 9 nömrəli evin 2 otaqlı, 50.64 kv.m. ümumi, 30.14 kv.m. yaşayış, 20.5 kv.m. yardımçı sahədən ibarət 17 nömrəli mənzili 27 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 27.11.2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 08.08.2018-ci il tarixədək Cavabdeh1 kredit müqaviləsi üzrə banka 39562,33 ABŞ dolları əsas borc, 29946,18 ABŞ dolları faiz borcu, 11,14 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 69519,65 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, cavabdehlə aralarında bağlanmış 27.11.2014-cli il tarixli, 2- G-6-0-955-14 saylı kredit müqaviləsinin şərti kimi öhdəliyin icrasına aid hissəsinin həmin öhdəliyin yarandığı zaman, 19.03.2014-cü il tarixə olan şəraitə uyğunlaşdırılaraq, yəni 1 ABŞ dollarının 0,78 manat nisbəti ilə hesablanmaqla dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" İKB ASC-nin iddia etdiyi 44500 ABŞ dolları ilə bağlı öhdəlik 27.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən deyil, həmin müqavilədən 7 ay əvvəl bağlanmış 19.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin müqaviləyə görə bankdan 35000 AZN məbləğində kredit götürmüş və həmin vaxtdan da mənzil ipoteka ilə yüklü edilmişdir. Halbuki iddia ərizəsində 19.03.2014-cü il tarixli müqavilənin adı belə çəkilmir. Həmin tarixdə 1 dollar 0,78 AZN məbləğində idi. 27.11.2014-cü il tarixində, yəni ilk devalvasiyadan (21.02.2015-ci il) 3 ay əvvəl müqavilə bağlanmış və əvvəl götürülmüş 35000 manat ABŞ dollarına çevrilərək müqavilədə öhdəlik 44500 ABŞ dolları kimi müəyyən olunmuşdur. Şəraitin dəyişməsinə baxmayaraq öhdəliyini icra etməyə davam etmişdir. Lakin sonradan ikinci devalvasiya zamanı vəziyyət daha da ağırlaşmış, götürdüyü 35000 manat ağır bərpaolunmaz zərərə çevrilmişdir. Maddi durumu onu icra etməyə imkan verməmişdir. Hesab edir ki, mövcud devalvasiyalar onun üçün qanuna müvafıq olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməli və kredit müqaviləsinin ödəniş hissəsinə dair müddəası əhəmiyyətli dərəcədə dəyişmiş şəraitdən əvvəlki vəziyyətə uyğunlaşdırılmaqla dəyişdirilməli, öhdəliyin yarandığı 19.03.2014-cü il tarixdə mövcud olmuş ABŞ dollarının Azərbaycan manatına nisbəti ilə (1 dollar = 0.78 AZN) hesablanmaqla ödəmə qabiliyyətli yeni müqavilə bağlanmalıdır. Cavabdeh olan həyat yoldaşı X6 iddia ərizəsi məhkəməyə daxil olduqdan 1 ay əvvəl, yəni 20.07.2018-ci il tarixində vəfat etmişdir. Həyat yoldaşının sağlığında hər ikisi işləyərək banka olan borcunu çətinliklə ödəyirdi. Bundan başqa son dövrlərdə həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkirdi və qazandıqları pullar demək olar ki, onun müalicəsinə sərf olunurdu. Bu səbəbdən son dövrlərdə ödəmə qabiliyyətini tamamilə itirmişlər. İndi isə ailənin yeganə dolanacaq mənbəyi özüdür və girovda olan evdən başqa yaşayış yeri yoxdur. Məhkəmə baxışının gedişində iddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ipoteka qoyan X3 20.07.2018-ci il tarixdə vəfat etməsini, ona məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal 2, ev 9, 17 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 1995-ci ildən, X1 isə 2015-ci ildən qeydiyyatda olmaqla yaşadıqlarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən miras əmlaka sahiblik etməyə və idarə etməyə faktik başladıqlarını və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiklərini göstərmiş, Cavabdeh2 və X1 cavabdeh qismində cəlb olunmalarını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)- 44/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 27.11.2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsi üzrə 39562,33 ABŞ dolları əsas borc, 29946,18 ABŞ dolları faiz borcu, 11,14 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 69519,65 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 60 manat məhkəmə xərclərinin “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Bakı şəhəri Yaşamal rayonu Yeni Yasamal-2 küçəsində yerləşən 9 nömrəli evin 2 otaqlı, 50.64 kv.m. ümumi, 30.14 kv.m. yaşayış, 20.5 kv.m. yardımçı sahədən ibarət 17 saylı mənzilinə yönəldilərək ilkin satış qiymətinin 60000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 mənzildən çıxarılması və mənzilin boşadılması, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğundur, əlavə olaraq onunla əsaslandırılmışdır ki, faiz borcu düzgün hesablanmamış, evin ilkin satış qiyməti real bazar qiymətindən çox aşağı məbləğdə müəyyənləşdirilmişdir. Bundan əlavə, ipoteka qoyan Rahib Məmmədov iddia qaldırılmazdan 1 ay əvvəl vəfat etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi vərəsəlik şəhadətnaməsinin olub-olmamasını müəyyən etmədən həmin evdə qeydiyyatda olanları cavabdeh kimi qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. X6 20 iyun 2018-ci ildə, yəni iddia ərizəsi məhkəməyə daxil olanadək vəfat etdiyindən Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində xitam verilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)-44/2020 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borc alana illik 27 faizlə 72 ay müddətinə 44500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC ilə X6 arasında bağlanmış 27.11.2014-cü il tarixli, 2-G-6-0- 955-14 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri Yaşamal rayonu Yeni Yasamal-2 küçəsində yerləşən 9 nömrəli evin 2 otaqlı, 50.64 kv.m. ümumi, 30.14 kv.m. yaşayış, 20.5 kv.m. yardımçı sahədən ibarət 17 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və yüklülük barədə DƏDRX tərəfindən 29.11.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 957434 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20.07.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş "İddiaçı" İKB ASC-nin 12.09.2019-cu il tarixli sorğusuna 188 saylı MTK-nın cavab məktubundan görünür ki, vəfat etmiş X5 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal 2, ev 9, 17 saylı mənzildə Cavabdeh1 1995-ci ildən, Cavabdeh2 1995-ci ildən, X2 isə 2015-ci ildən qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan 16.07.2018-ci il tarixli ərizənin surətindən görünür ki, ipoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 19.07.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan İddiaçı İKB ASC-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 27.11.2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsi üzrə borcu 08.08.2018-ci il tarixə 39562,33 ABŞ dolları əsas borc, 29946,18 ABŞ dolları faiz borcu, 11,14 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi borcu 69519,65 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2019-cu il tarixli, 26920 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə iş materiallarına əsasən 27.11.2014-cü il tarixli, 2-G-6- 0-955-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 08.01.2018-ci il tarixə banka 39640,94 ABŞ dolları əsas borc, 28518,13 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə borcu 68159,07 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 20.06.2019-cu il tarixli, LP-097/19 saylı rəyə əsasən, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal 2, ev 9, 17 saylı mənzil 60000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunu müəyyənləşdirərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 08 avqust 2018-ci il tarixinə Cavabdeh1 faiz borcu 28518,13 ABŞ dolları təşkil edir. Lakin məhkəmə ekspert rəyini nəzərə almayaraq, bankın həmin tarixə Cavabdeh1 tələb etdiyi 29946,18 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını qət etmişdir. Buna görə də qətnamə faiz borcu hissəsində dəyişdirilməli, faiz borcu 28518,13 ABŞ dolları, cəmi borc isə 68091,6 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kredit müqaviləsi bağlandıqdan sonra devalvasiya nəticəsində ABŞ dollarının məzənnəsi qalxdığına görə şəraitin dəyişməsi əsasına görə müqavilənin dəyişdirilməli olması barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 7 sentyabr 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Buna görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır, məhkəmə qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmeti olan mənzilin mülkiyyətçisi X6 iddia ərizəsi məhkəməyə daxil olmamışdan 1 ay əvvəl, yəni 20 iyul 2018ci il tarixdə vəfat etdiyinə görə hazırkı iş üzrə 06 aprel 2021-ci il tarixli 2(103)-374/2021 saylı qərardadla ipoteka predmeti olan Bakı şəhəri Yaşamal rayonu Yeni Yasamal-2 küçəsində yerləşən 9 nömrəli evin 17 saylı mənzilinə tutma yönəldilməsi, cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)- 44/2020 saylı qətnaməsi qismən, yəni faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh1 27 noyabr 2014-cü il tarixli, 2-G-6-0-955-14 saylı kredit müqaviləsi üzrə “xxxx”ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 28518,13 ABŞ dolları, cəmi borcun məbləği 68091,6 ABŞ dolları məbləğində müəyyən edilsin. Hazırkı iş üzrə 06 aprel 2021-ci il tarixli 2(103)-374/2021 saylı qərardadla ipoteka predmeti olan Bakı şəhəri Yaşamal rayonu Yeni Yasamal-2 küçəsində yerləşən 9 nömrəli evin 17 saylı mənzilinə tutma yönəldilməsi, cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamə qalan hissədə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar