Məhkəmə qərarları › İş №2(103)-3741/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3741/2024

05.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3741/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-535/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh təşkilatın baş direktorunun xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - xəstə məsləhətçisi vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin və mənəvi zərərin əvəzi kimi 17.000 manat ödənilsin. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin əmr ləğv edilsin, iddiaçı xəstə məsləhətçisi vəifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh təşkilatda xəstə məsləhətçisi vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkilatın baş direktorunun xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin “işçinin özünün əmək funksiyasını yerinə yetirməməsi” müddəasına istinad olunub. Əmrin verilməsinə əsas kimi “rəhbərliyin göstərişi” qeyd olunub. Əmrin məzmununda başqa məlumat qeyd olunmayıb. Göründüyü kimi, əmr əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandırma hesab olunmur. “Rəhbərliyin göstərişi” isə qanunvericilikdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi müəyyən edilməyib. O cümlədən əmrin məzmununda əmrin verilməsi üçün əsas hesab edilən hər hansı rəsmi sənəd göstərilməyib. Halbuki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Müəyyən olunur ki, əmək müqaviləsinin ləğv edilməsinə səbəb ondan ibarət olub ki, iddiaçı tibb müəssisəsinə müraciət edən pasiyentlərin tibb müəssisəsinə etməli olduqları ödənişləri öz bank (kart) hesabına köçürüb, daha sonra həmin ödənişləri öz bank (kart) hesabından tibb müəssisəsinin hesabına köçürüb. Bu, tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlardan müəyyən olunur. İddiaçı izahatında bildirib ki, bu hərəkəti etməkdə niyyəti tibb müəssisəsinə müraciət edən yaşlı və xəstə insanlara kömək etmək olub, yəni aparat vasitəsilə ödəniş etməkdə çətinlik çəkən şəxslərin ödəməli olduqları pul vəsaitini öz bank kartı vasitəsilə ödəyib, bu zaman tibb müəssisəsinə çatmalı olan pul vəsaitini mənimsəməyib, tibb müəssisəsinə zərər vurmayıb. Cavabdehin nümayəndəsi isə izahatında bildirib ki, iddiaçının bu hərəkəti nəticəsində tibb müəssisəsinə ödəmələrdə gecikmələr olub və tibb müəssisəsinə zərər dəyib. Lakin cavabdeh ödənişlərdə gecikmələrin olması və ya tibb müəssisəsinə zərər vurulması barədə sübut təqdim etməyib. Əmrdə istinad olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrdə həmin maddənin “işçinin özünün əmək funksiyasını yerinə yetirməməsi” müddəasına istinad olunub, lakin iddiaçının öz əmək funksiyasını yerinə yetirmədiyini təsdiq edən sübut təqdim olunmayıb. Əmək funksiyasının yerinə yetirilməməsi hərəkətsizlikdə ifadə olunur, yəni işçi etməli olduğu hərəkəti etmir. Cavabdehin istinad etdiyi hal, yəni iddiaçının pasiyentlərin tibb müəssisəsinə etməli olduğu ödənişləri öz bank kartı vasitəsilə tibb müəssisəsinin hesabına köçürməsi, işçinin öz əmək funksiyasını yerinə yetirməməsi sayılmır. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ona görə də cavabdeh təşkilatın baş direktoru iddiaçının davranışının belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Orada qeyd olunub ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin belə əsaslandırma yoxdur. Əgər işçi əmək münasibətlərində pozuntuya yol veribsə, lakin bu pozuntu Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunan nəticələrə səbəb olmayıbsa, əmək müqaviləsi 70-ci maddənin “ç” bəndində göstərilən əsasla ləğv edilə bilməz. Belə halda işçiyə qanunvericilikdə nəzərdə tutulan intizam tənbehlərindən biri (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s.) verilə bilər. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itririr. Bundan başqa, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının uşağının - xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşı olmayıb. Lakin əmək müqaviləsi ləğv edilərkən bu hal nəzərə alınmayıb. Beləliklə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid olan hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-535/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar