Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3745/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olduğunu, oğlu İbrahimin Cavabdeh ilə 2009-cu ildə nikaha girdiyini, Leylanın həmin evə gəlin gəldiyini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların nikahlarının pozulduğunu, nikahın pozulmasından sonra Cavabdeh ona, oğlu İbrahimə, X2 və X3 qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması” tələbi ilə iddia qaldırdığını, Bakı Apellyasia Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanındakı fərdi yaşayış evinə köçürülməsinin qət edildiyini, apellyasiya instansiyası məhkəməsinin qətnamə qəbul edərkən sözügedən yaşayış sahəsinə dair vərəsəlik münasibətlərinin hər hansı formada rəsmiləşdirilməmiş olduğuna əsaslandığını və yaşayış sahəsinin mülkiyyətçisi müəyyən olunduqdan sonra şəxslərin oradan istifadə ilə bağlı hüquqlarına mülkiyyətçiyə münasibətdə yenidən baxıla biləcəyini izah etdiyini, xx xxxxxx 2019-cu il tarixdə həmin ev üzərində mülkiyyət hüququna dair çıxarış aldığını bildirmiş, buna görə də Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətini, təmsil etdiyi şəxsin mübahisəsi gedən mənzilə köçürülməsi barədə olan məhkəmə qərarının hazırkı dövrədək icra edilmədiyi və hazırda yaşamadığı mənzildən cavabdehin çıxarılmasının mümkün olmadığı, iddiaçıya mənzilə dair verilmiş vərəsəlik şəhadətnaməsinin və bunun əsasında onun aldığı çıxarışın qanunsuz olduğu, həmin şəhadətnaməni və çıxarışı məhkəmə qaydasında mübahisələndirəcəkləri, məhkəmənin isə işin hallarına və sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı və nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh X7 ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq həmin dövrdə İbrahim İsmayılovun anasının (hazırkı iş üzrə iddiaçının) nənəsi olan X9 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən evdə yaşamağa başlamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İbrahim İsmayılov arasındakı nikah pozulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə sözügedən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, xx.xx.2019-cu il tarixdə həmin ev vərəsəlik hüququ əsasında İddiaçı (iddiaçının) mülkiyyətinə keçirilərək sonuncunun adına qeydiyyat aparılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi çıxarılarkən məhkəmə, yaşayış sahəsinə dair vərəsəlik münasibətlərinin hər hansı formada rəsmiləşdirilmədiyini əsas götürmüş, Cavabdeh evdən istifadə hüququnun yaranmadığını və evin mülkiyyətçisinin müəyyən olunmasından sonra şəxslərin oradan istifadə ilə bağlı hüquqlarına mülkiyyətçiyə münasibətdə yenidən baxıla biləcəyini vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh İddiaçı oğlu ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəsi gedən evə gəlin köçdüyü işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən evlə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh ilə mübahisəsi gedən evin hazırkı mülkiyyətçisi olan İddiaçı oğlu arasında olan ailə münasibətləri 2018-ci ildə pozulmuş, beləliklə də onunla evin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı ilə Cavabdeh arasında, sonuncunun mübahisəli evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, Cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən evin mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbləri üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğun olmuşdur. Kollegiya onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin hazırkı dövrədək icra edilməməsi, yəni Cavabdeh mübahisəsi gedən evə köçürülməmiş (köçməmiş) olması müvafiq nəticəyə gəlinməsinə maneə yaratmır; çünkü həmin qətnamə ilə Cavabdeh xeyrinə yaranan tələb otuz il qüvvədədir (Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən) və evin mülkiyyətçisinin yalnız sözügedən qətnamə icra edildikdən sonra hazırkı iddianı irəli sürə biləcəyinə dair yanaşma nə prosessual qənaət prinsipinə, nə də tələblərin əvəzləşdirilməsi (öhdəliyə qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi) imkanını tanıyan qanunvercilik müddəalarına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1290/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3745/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3745/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver