Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3745/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestr çıxarışının ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və qeydiyyata alınması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-96/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin anasından miras qalmış, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev № 10-da yerləşən 65 №-li mənzilə dair cavabdehin adına 15 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-101 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin, mənzildə iddiaçının miras payı 2/3 hissə, cavabdehin miras payı 1/3 hissə müəyyən edilsin və həmin hissələr üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflər bacıdır. Onların anası xx.xx.2019-cu ildə ölüb və Nizami rayonu, R.Rüstəmov küçəsi, ev № 10-da yerləşən 65 №-li mənzil miras qalıb. Tərəflər bərabər pay hüquqlu vərəsələrdir. Cavabdeh mənzilin 1/2 hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə alıb və həmin hissə üzərində onun mülkiyyət hüququ reyestrdə qeydə alınıb. İddiaçı mirasda payının daha çox – 2/3 hissə müəyyən edilməsini tələb edir və tələbi onunla əsaslandırır ki, anasının xəstəliyi müddətində ona qulluq edib, anasının bütün maddi və fiziki tələbatlarını ödəyib. Bundan başqa, miras qalmış mənzil tam yararsız vəziyyətə düşməsin deyə onu təmir etdirib, bu isə mənzilin dəyərinin artmasına səbəb olub. Cavabdeh anaları xəstə olduğu zaman onun qulluğunda durmamış, yalnız ayda bir neçə dəfə onu ziyarət etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1297-1299-cu maddələrində miras payın bərabərləşdirilməsindən bəhs olunur. Vərəsələrin payları qanuna görə bərabərdir (Mülki Məcəllə, maddə 1159.1.). Qanuna görə bərabər olan payların bərabərləşdirilməsinə zərurət yoxdur. Ona görə 1297-1299-cu maddələrdə “bərabərləşdirmə” deyiləndə payların həcminin bərabər müəyyən edilməsi deyil, miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş vərəsənin bu xidmətinin əvəzlənməsi (payın daha artıq müəyyən edilməsi) başa düşülür. Əgər həmin xidmət əvəzlənmədən paylar bərabər müəyyən edilərsə, nəticə etibarilə vərəsələr qeyribərabər vəziyyətə düşəcək. Belə ki, miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş vərəsə bunun əvəzini almadığına görə maddi cəhətdən itirmiş olacaq. Digər vərəsə isə mirası qəbul etməklə həm də miras əmlakın qorunmasına və artırılmasına xüsusi töhfə vermiş vərəsənin mirasda maddiləşmiş əməyini və xərclərini özününkiləşdirmiş olacaq. Bu isə nəticə etibarilə qeyri-bərabərlik hesab olunur. İddiaçının miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə verdiyini təsdiq edən sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-96/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3745/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3745/2024
05.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver