Məhkəmə qərarları › İş №2(103)-3746/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3746/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3746/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, X2 iştirakı ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB, Cavabdeh 3842,28 manat zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3872,72 manatın məcburi qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh 540 manat zərər və 4,20 manat dövlət rüsumunun məcburi qaydada tutularaq “İddiaçı” İBnin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “İddiaçı” İB, apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv, iddianın həmin hissədə təmin edilməsi, şikayətin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanuna zidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətində zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddia tələbi qismən təmin olunmuş olsa belə, tərəflər arasında yaranış mübahisəni tənzimləyən maddi hüquq normaları ümumiyyətlə tətbiq edilməmişdir. Üzərinə sübutetmə yükü düşən iddiaçı öz mövqeyini iş materillarına əlavə edilmiş kifayət qədər güclü, aydın mötəbər dəlillərlə sübuta yetirmişdir. Cavabdeh isə öz etirazının əsası kimi hər hansı fakta və ya sənədə istinad etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanmış 16.01.2019-cu il tarixli, AKX-0058907/01-2019 saylı “qazın alqı-satqısı” barədə müqavilənin 1-ci bəndinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17.04.2017-ci il tarixli ******* saylı, 14.11.2017-ci il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 08.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda cavabdehdə məxsus Nardaran kənd Əskərov küçəsi ev 2B ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Bununla əlaqədar “İddiaçı” İB tərəfindən cavabdehə dəymiş ziyana görə aktlar üzrə ümumilikdə 3842,28 manat borc hesablanmışdır. Abonentin saldosuna əsasən, **********30000 nömrəli abonent Cavabdeh məxsus ünvan 1 ünvanına 09.04.2020-ci il Elster G-4T DİAFRAQMA tipli 12533535 nömrəli qaz sayğacı quraşdırılmışdır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Baxılan işin hallarından görünür ki, iddiaçı “İddiaçı” İB ilə cavabdeh Xoşsurət Tağıyev arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Buna baxmayaraq, cavabdeh tərəfindən bu Qaydaların tələbləri pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya 540 manat məbləğində zərər vurmuşdur. İşdən görünür ki, iddiaçı vurulmuş ziyanı “SOCAR”-ın Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən hesablamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən SOCAR-ın qəbul etdiyi aktlar normativ hüquqi aktlar hesab hesab edilmədiyindən bu hesablama qanuni hesab edilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, “SOCAR”-ın Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarına əsasən hesablandığı üçün bu hesablama qanuni hesab edilməməlidir. Bu baxımdan, Kollegiya hesab edir ki, rayon məhkəməsi haqlı olaraq 8 akta münasibətdə yay aylarına aylıq 30 manat, qış aylarında isə aylıq 60 manat hesablayaraq, 540 manat borcun yarandığını müəyyən etmişdir. Kollegiya, həmçinin iddiaçının 2017-cı ilin yanvar ayınadək “İddiaçı” İB-yə 7,48 manat qalıq borcun ödənilməsi tələbinə münasibətdə də rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Çünki, iddiaçı tərəfindən məhkəməyə qeyd olunan məbləğlərdə borcun yaranması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “İddiaçı” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar