Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3746/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2543/2023 saylı 25 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ödədiyi 350.000 ABŞ dolları, həmin məbləğin 3 il aylıq 58.330 ABŞ dolları faizini cəmi 408.330 (dörd yüz səkkiz min üç yüz otuz) ABŞ dolları məbləğində pulun Azərbaycan manatının məzənnəsi ilə və 595 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2543/2023 nömrəli qərardadı ilə iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddianın geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müqavilə Türkiyə Respublikasının Beykoz rayonunun Kavacık məhəlləsi 551ADA 309 və 308 ünvanında iş yeri mərkəzinin inşası məqsədilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndindən müəyyən olunduğu kimi tərəflər müqavilədə müqavilənin icra yerinin Türkiyə Respublikası olması barədə qarşılıqlı razılığa gəlmişlər. Müqavilədə mübahisənin birbaşa Yasamal Rayon Məhkəməsində baxılması ilə bağlı razılıq mövcud deyildir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən də aydın olur ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır və iddiaçı cavabdehin Azərbaycan Respublikasında məlum olan axırıncı yaşayış yerinin və ya onun əmlakının olduğu yerin Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanı olmasına dair hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Vəkil şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, razılığa gələn bir Tərəfin vətəndaşları mülki və ticarət işlərində Razılığa gələn digər Tərəfin ədliyyə idarələrinə Razılığa gələn həmin Tərəfin vətəndaşları ilə eyni şərtlərlə sərbəst iddia qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrini Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi isə birbaşa həyata keçirirlər. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən bu Müqavilədə başqa hallar nəzərdə tutulmadıqda, Razılığa gələn Tərəflərin ədliyyə idarələri Razılığa gələn Tərəflərin təyin etdikləri mərkəzi orqanlar vasitəsi ilə əlaqə yaradacaqlar. Azərbaycan Respublikası tərəfindən Mərkəzi Orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Türkiyə Respublikası tərəfindən X9 Respublikasının Ədliyyə Nazirliyidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2543/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Bu Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Bu Məcəllənin 443.0.7-ci maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə; Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi ilə müəyyən edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı cavabdehin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmasını, həmin yerin və həmçinin ona məxsus əmlakın olduğu yerin və ya məlum olan axırıncı yaşayış yerinin məhz Yasamal rayonunun inzibati ərazisinə aid olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində müqavilənin icra yeri dedikdə, onun faktiki icra yeri yox, yalnız müqavilədə göstərilən yer başa düşülməlidir. İddiaçının da istinad etdiyi müqavilədə müqavilədən irəli gələn öhdəliyin icra yerinin Bakı şəhəri Yasamal rayonu kimi göstərilməsi müəyyən edilməmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaya əlavə edilmiş sənədlərə əsasən iddiaçının ərazi aidiyyəti qaydalarına riayət edib-etməməsini müəyyən etmək mümkün olmadığından, şikayətdə göstərilən dəlillər isə əsassız olduğundan hazırki şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2543/2023 saylı 25 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məhəmməd Rüstəmli Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3746/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3746/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver