Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3746/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR Qaçqın və X6 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3746/2025 (Açar sözlər: müqavilənin ləğvi və mənzillə təmin) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin əsassız hesab edilməsi və kirayə müqaviləsi üzrə mənzillə təmin edilmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(004)- 773/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli, Q.Üm-2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin əsassız hesab edilməsi və onun kirayə müqaviləsi üzrə mənzillə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2014-cü il tarixli, Q.Üm-2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsin əsasən Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ev 2, 17 nömrəli, 2 otaqlı sahibliyinə və istifadəsinə verilmişdir. X1, X8 və X13 ilə birlikdə yaşayırlar. Lakin Komitə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş müqavilənin şərtləri pozulmuş, həm müqavilənin, həm də qanunvericiliyin tələblərinə zidd olaraq müqavilə ləğv olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması” təsdiq olunmuşdur. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, Komitə qanunvericiliyin tələblərini pozmuş, müvafiq məhkəmə qərarı olmadan müqavilə ləğv edilmişdir. Onun sahibliyində və istifadəsində olan mənzil başqa şəxsə verilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(004)- 773/2025 saylı qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3, 17.3.2, 82.3, 98.1, 100.1, 100.3, 102.1-ci maddələrinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 5 Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirilmişdir ki, hal-hazırda ailə aşağı sosial təminatlıdır . Bir müddət həmin mənzilə bu qədər ehtiyac duyulmamısana baxmayaraq, bugün mənzilə ehtiyac vardır. Lakin İddiaçı və ailəsinin həmin mənzildən istifadəsi üçün şərait yaradılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
11. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
12. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
13. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür:
14. Maddə 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu;
15. Maddə 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
16. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
17. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
18. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.
19. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
20. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı
21. Maddə 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər.
22. Maddə 5.2. Kirayəçi istənilən vaxt bu Müqaviləni ləğv edə bilər.
23. Maddə 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası
24. Maddə 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 25 Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
34. Belə ki, iş materiallarında AA seriyalı, 152475 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X4 1993-cü ildə daimi yaşayış yeri olan Füzuli rayonunu tərk etməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində məskunlaşmışdır.
35. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X9 arasında olan nikah pozulmuş, bu barədə xx.xx.2011-ci il tarixdə akt qeydləri kitabında qeydiyyat aparılmışdır.
36. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, Q.Üm-2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı arasında xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi barədə müqavilə bağlanmış, müqavilə ilə dövlət mənzil fonduna aid Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ev 2, 17 nömrəli, 2 otaqlı mənzil müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir.
37. Ümid qəsəbəsi MKİS-in rəisinin Komitənin Mənzil İstismar Departamentinin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatından görünür ki, tərəflərindən aparılan araşdırmaya görə ünvan 1 ünvanında məskunlaşan İddiaçı mart ayından 18 oktyabr tarixinə kimi Komitə tərəfindən müqavilə əsasında verilmiş evdə yaşamamışdır. Buna görə də ev vətəndaşdan alınaraq Mənzil İstismar Departamentinə təhvil verilmişdir.
38. Komitənin Mənzil İstismar Departamentinin direktorunun Komitənin Mənzil təminatı ilə bağlı komissiyasının sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla İddiaçı ailəsinə məxsus Ümid qəsəbəsində bina 2, mənzil 17 ünvanında uzun müddət yaşayışın olmadığı bildirilmişdir, həmin mənzilə dair kirayə müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.
39. Mənzil təminatı ilə bağlı komissiyanın qərarı ilə İddiaçı və digər 3 nəfər sakinin ailələri ilə bağlanmış kirayə müqaviləsinin ləğv olunmasına və mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi qərara alınmışdır.
40. Komitənin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatdan görünür ki, Komitənin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkünlərin məskunlaşması üçün salınmış qəsəbələrdə 4 mənzildə uzun müddət üzrsüz səbəbdən yaşayış olmadığının müəyyən edilməsi barədə məlumata əsasən həmin mənzillərin verildiyi ailələrlə bağlanmış kirayə müqaviləsinin ləğv olunması və mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi qərara alınmışdır.
41. xx.xx.2022-ci il tarixli, 2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ev 2, 17 nömrəli, 2 otaqlı mənzilə dair X15 ilə sosial kirayə müqaviləsi bağlanmışdır.
42. Kollegiya ilk növbədə qeyd edir iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Belə ki, iddiaçının tələbinin əsası istifadə hüquqlarının bərpa edilməsi və mənzillə təmin edilməsi ilə bağlı olunmuşdur. Hazırda məhkəmənin aydınlaşdırmalı olduğu məsələ isə iddiaçının kirayə müqaviləsinin ləğv olunmasının əsassız hesab edilməsinə dair tələbinin həlli ilə bağlıdır.
44. İstər iş materialları, istərsə də iddiaçının izahatları ilə (bunu təkzib edəcək hər hansı sübut və ya izahat iddiaçı tərəfindən təqdim olunmamışdır) təsdiq olunmuşdur ki, iddiaçı qeyd olunan mənzildə yaşamış, lakin 2020-ci ildən bu mənzildə faktiki yaşamamış, bu da iddiaçının həmin mənzildən istifadə ehtiyacının aradan qalxdığını göstərmiş və nəticədə mənzil ona ehtiyacı olan başqa şəxsin istifadəsinə verilmişdir.
45. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əhalinin sosial həssas təbəqəsinin, eləcə də bütün vətəndaşların sosial qayğısına qalınması dövlətin başlıca konstitusion vəzifəsidir. Lakin qeyd olunan hüquqlardan istifadə sosial ədalət prinsipi gözlənilməklə həyata keçirilməli, digər şəxslərin hüquq və mənafelərinə əsassız xələl gətirilməməlidir. Belə ki, AR Konstitusiyasının 71-ci maddəsində qeyd edildiyi kimi, Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
46. Hazırda iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı qanunvericilikdə qeyd olunan əsaslardan istifadə edilməklə, sosial-kirayə müqaviləsindən irəli gələn hüquqdan irəli gələrək mənzillə təmin edilmişdir. Lakin iddiaçı tərəfindən könüllü əsasda bu mənzildən istifadə hüquqları realizə olunmadığından dövlət qurumu analoji qaydada digər şəxslərin sosial qayğısının təmin olunması üçün mənzili digər şəxsin sərəncamına vermişdir.
47. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir
48. İddiaçı qeyd olunan müqavilənin ləğvinin əsassız olmasına dair mülahizələrlə çıxış etsə də, öz tələb və etirazlarının əsası kimi qeyd etdiyi hallara dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
49. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
51. Hazırki iş üzrə iddiaçının qeyd olunan tələbinin əsası qismində iddiaçının mülahizələri çıxış edir ki, həmin izahatdan da aydın olur ki, mənzildən zoraki məhrumedilməyə dair hər hansı konkret fakt mövcud deyildir.
52. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 2(004)- 773/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov