Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3748/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız borcun silinməsi”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-7703/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1797 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi S.Vurğun küçəsi döngə 5 ev 5 onun sahibliyi və istifadəsində olmaqla, ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvan üzrə təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında etmiş və sayğaca hər hansı bir müdaxilə etməmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Birliyin əməkdaşları yaşadığı ünvandan 1202AQ**********4 nömrəli sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və əvəzində yeni sayğac quraşdırılmışdır. Birliyin ona göndərdiyi aktda rəyə əsasən 1202AQ**********4 saylı zavod nömrəli sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi (sayğacın çıxış plastmas borusu deşilmişdir) göstərilmişdir. Yoxlamanın nəticəsi ilə razı deyil, sayğac yararsız hesab edilə bilər, lakin sayğacda olan zədələrin onun tərəfindən edilməsi mümkün deyildir. Birliyin əməkdaşları sayğacı çıxaran zaman, ya da sonradan həmin qüsurlar meydana gəlmişdir. Dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. O, əsassız borcun silinməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin onun müraciətinə cavab verilməmiş, xeyli müddətdir ki, qaz xətti kəsilmişdir. Çöldə olan sayğaca edilmiş müdaxiləyə görə o məsuliyyət daşıya bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 7703/2019 saylı qətnaməsi iləiddia təmin edilmişdir. İddiaçı qaz sərfiyyatına görə (abonent kodu: **********00000) əsassız hesablanmış 1797 manatın silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. İdarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə İtron G-4 markalı qaz sayğacı çıxarılmış, yenisi quraşdırılmışdır. Aktda “sayğacın çıxış boğazından aşağıda dəlik aşkar olundu” qeyd edilmişdir. Akt istehlakçı tərəfindən imzalanmışdır. İş materiallarında olan abonent saldosuna əsasən iddiaçıya 1944 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7703/2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3748/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3748/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver