Məhkəmə qərarları › İş №2(103)-3748/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3748/2022

06.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3748/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili X1, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X9 iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “baş vermiş sığorta hadisəsi ilə bağlı öhdəliklərin icra edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1326/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında imzalanmış MLİ- BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli 0706-1473/13733 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan X7 arasında ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin əldə edilməsi üçün müqavilə imzalanmışdır. Mənzilin satış qiyməti 51000 manat, kreditin məbləği 22000 manat məbləğində, kreditin müddəti isə 25 il müəyyən edilmişdir. Daha sonra sığortalı X2 sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında müqavilə imzalanaraq MLl-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsi təqdim edilmişdir. Həyat yoldaşı borcalan xx.xx.1972-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixində vəfat etmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, miras əmlakdan tam hissədə pay almışdır. "xxxx" ASC ilə borcalan X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcun məbləği 14286,62 manat, faiz borcu 550,21 manat, cəmi 14836,83 manat təşkil edir. Sığorta ödənişinin həyata keçirilməsi üçün Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, sığorta şirkəti xx.xx.2021-ci il tarixdə E.Həsənovun sığorta müqaviləsi bağlayarkən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bəyan etməsi, ölümə səbəb olan xəstəliyin başlanma tarixi sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə təsadüf etdiyindən sığorta ödənişin həyata keçirilməsindən, müqavilə üzrə öhdəliklərinin icrasından imtina etmişdir. Hesab edir ki, imtina əsassız olduğundan iddia ərizəsi təmin edilməli, müqavilə üzrə yaranmış öhdəliklər Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tam icra edilməlidir. Belə ki, MLİ-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsində E.Həsənov əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs olmaması, ağıldan kəm, epilepsiya və digər ağır sinir pozğunluğundan, şəkərli diabet, onkoloji və ya xroniki ürək damar xəstəliklərindən, əsəb psixi xəstəliklər, alkoqolizm və ya narkomaniyadan əziyyət çəkməməsini və İÇV rfeksiyasrın daşıyıcısı olmadığı və QİÇS-ə yoluxmadığını bəyan etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1326/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, sığortalı X7 ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında imzalanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 saylı ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişin həyata keçirilməsi öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması və Cavabdeh Sığorta Şirkəti ASC-dən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021 il tarixli ölüm haqqında şəhadətnamədə sığorta olunanın xx.xx.2021-ci il tarixində “kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığ"ından vəfat etdiyi göstərilmişdir. Ölümə səbəb olan hal sığortaolunanın epikrizdə qeyd olunan xəstəliklərinin fəsadlaşması nəticəsində yaranmış və həmin xəstəliklər isə xx.xx.2016-ci il tarixli. MLİ-BR-Bİ-0000046 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddət ərzində aşkarlanmışdır. Ölümə səbəb olan xəstəliklərin xroniki xəstəliklər siyahısına aid olduğu və MLİ-BR-Bİ- ******* saylı sığorta müqaviləsində həmin xəstəliklərdən ölüm halına və əmək qabiliyyətinin itirilməsi hallarına istisna verilmişdir. İddia ərizəsində qeyd olunan və məhkəmə qətnaməsində istinad edilən Mülki Məcəllənin 917.2-ci maddəsi bu növ könüllü həyat sığortası müqavilələrinə deyil Mülki Məcəllənin 917.1-ci maddəsində qeyd olunan sığorta olunanın sığortaçının mənfəətində iştirak etməsi şərli ilə bağlanan həyat sığortası müqavilələrinə aid edilir. Bu cür şərtin MLİ- BR-Bİ-0000046 saylı fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsində olmaması faktı isə müqavilə şərtlərindən aşkar şəkildə görsənir. Birinci instansiya məhkəməsinin qətnaməsində sığortalının sığorta müqaviləsi bağlanarkən sığortaçı “Qala Həyat“ Sığorta Şirkəti ASC-yə qəsdən özünə məlum olan xəstəliklərinin olması barədə məlumat verilməməsi halı müəyyən olunmamışdır. İş materiallarında olan sənədlərdən (Epikriz) də aydın olur ki, şəxs müqavilə imzalananda artıq xroniki xəstəliyi mövcud olmuşdur. Bu cür natamam məlumat da sığortaçının öz riskini qiymətləndirmək imkanını məhdudlaşdırmışdır. Əlavə olaraq qeyd edilir ki, qətnamənin əsaslandırıma hissəsində iddianın predmetindən kənar məsələlər qeyd olunmuşdur. Həmçinin sığorta müqaviləsi bağlanan vaxtda hər iki tərəfin qarşılıqlı razılığı ilə “sığorta riskləri" adlanan hissədə təminat kimi ağır xroniki xəstəliklər istisna olmaqla digər bütün növ xəstəliklərə təminat verilmişdir. Birinci instansiya məhkəməsində bu məsələyə toxunulmağına baxmayaraq qətnamədə bu məsələ ilə bağlı heç bir əsaslandırılmış hüquq norması qeyd edilməmiş və mühüm əhəmiyyəti olan bu faktiki halla bağlı ətraflı araşdırma həyata keçirilməmişdir. Qeyd-Epikrizdə qeyd olunan xəstəliklərin xroniki xəstəlik hesab olunmasına dair “X8" tərəfindən qəbul edilmiş xəstəliklərlə bağlı beynəlxalq statistik təsnifatı apellyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, sığortaolunan Cavabdeh Sığorta Şirkəti ASC-ilə sığorta müqaviləsi bağlayarkən hər hansı xətəlikdən əziyyət çəkmədiyini ərizəsində qeyd etmişdir, halbuki sığortolunan 2005-ci ildən virus hepatit A və virus hepatit B xətsəliyindən əziyyət çəkmişdir. Bundan başqa tərəflər arasında bağlanmış sığorta müqaviləsində göstərilmişdir ki, ağır xroniki xəstəliklər istisna olmaqla sığortlanır. Eyni zamanda X4 xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında kəskin hepatit B xəstəliyinin xroniki xəstəlik olması göstərilmişdir. Göründüyü kimi Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişindən imtina edilməsi əsaslı olmuşdur. hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu vaxtda baş vermişdir və Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişindən imtina əsassız olmuşdur, belə ki, sığorta müqaviləsində ağır xroniki xəstəliklər istisna edilmiş, lakin sığortalının ağır xroniki xəstəlikdən dünyasını dəyişməsi öz təsdiqini tapmır. Hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də nümayəndənin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən faydalanan şəxsi işə cəlb etməyərək, işə hüquq və vəzifələrinə dair məsələni faydalanan şəxsin hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Halbuki Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə X7 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, faydalanan şəxs "xxxx" ASC-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə X7 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, X3 həyatı "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixdə 300 ay müddətinə 22000 manat pulun verilməsi barədə alqı-satqı və ipoteka miiqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2032-ci il tarixədək sığortalanmışdır. Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 18131,07 manat təşkil edir. Sığorta müqaviləsinin şərtlərinə əsasən sığortalının müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir səbəbdən ölümü halında sığorta ödənişi sığorta məbləğinin 100%-ni təşkil edir. X7 şəhadətnamə imzalanan anda əlil və ya anadangəlmə anomaliyaya malik olmadığını, şəkərli diabet, onkoloji və və/yaxud xroniki ürək-damar və sair xəstəliklərinin olmadığını bildirərək şəhadətnaməni imzalamışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 178746 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25,04.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi XOCALİ, ünvanında qeydiyyatda . olan İddiaçıdır və o miras əmlakdan tam.hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaka “Bank Respublika" ASC-nin Neftçilər filialında AZ74RRES******************** saylı kart hesabında 25034.58 Avro, AZ32BREŞ******************** saylı kart hesabında 1.74 manat, “Bank Respublika" ASCnin MXD-də A281BRESQ038Q1944Ö********** saylı cari hesabında 15.18 manat və PAŞA Bank ASC ''PortBaku’’ şöbəsi tərəfindən, verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 1066 manat pul vəsaitindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 2 saylı Poliklinikası tərəfindən verilmiş epikrizdən görünür ki, X7 xx.xx.2004-cü ildə virus hepatit A, xx.xx.2005, xx.xx.2005 və xx.xx.2007-ci il tarixlərdə virus hepatit B ilə X6, xx.xx.2006, xx.xx.2009 və xx.xx.2009-cu il tarixlərdə AR Diaqnostika Mərkəzində müayinə və müalicə almışdır. xx.xx.2010, xx.xx.2012, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və müalicə olunmuş, müalicənin heç bir əhəmiyyəti olmamış və xx.xx.2021-ci il tarixində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, borcalan X3 xx.xx.2007-ci il tarixli 0706-1473/13733 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan əsas borcunun məbləği 14286,62 manat, faiz borcu 550.21 manat, cəmi borcu isə 14836.83 manat təşkil edir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, bankın xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2021 il tarixli ölüm haqqında şəhadətnamədə sığorta olunanın xx.xx.2021-ci il tarixində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığt xəstəliyi səbəbi ilə vəfat eldiyi göstərilmişdir. Eyni zamanda DİN-in 2 №-li Poliklinikası tərəfindən təqdim edilmiş Epikrizdə E.Həsənovun xx.xx.2004 ildə virus hepatit A, xx.xx.2005. xx.xx.2005 və xx.xx.2007 illərdə virus hepatit B ilə X6. xx.xx.2006, xx.xx.2009, xx.xx.2009 tarixlərində isə AR Diaqnostika Mərkəzində müayinə və müalicədə olduğu qeyd edilmişdir. xx.xx.2012, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2010. İQ.03.2016. 10.03,2017, xx.xx.2019, xx.xx.2019-cu illərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və mİlalicədə oldğu, aparılmış müəlicənin heç bir əhəmiyyəti olmadığı və xx.xx.2021 il tarixində kəskin qaraciyər çatmamazlığı xəstəliyi səbəbi ilə vəfat etdiyi bildirilmişdir. Lakin, sığortalı (sığorta olunan) xx.xx.2016 il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsini bağlayarkən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini və ərizədə (bəyannamə) qeyd olunanlarla razı olduğunu və burada olan məlumatların doğruluğunu təsdiq etmiş, sığortalı, ərizədə (bəyannamə) tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyala keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin, ölümə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 2.0.11-ci maddəsinə əsasən sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 935.1,8-ci maddəsinə əsasən "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunanlara əsasan, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nı rəhbər tutaraq baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından, şığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 885.1-ci maddəsinə görə sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. Həmin Məcəllənin 885.2-ci maddəsinə görə həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. Həmin Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 917.2-ci maddəsinə əsasən sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 935.2-ci maddəsinə əsasən bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın: 2.0.19-cu bəndinə əsasən qalıq borc məbləği – kredit müqaviləsi üzrə borc alanın sığorta hadisəsinin baş verdiyi tarixdən sonra ödəniş qrafikinə uyğun olaraq ödəməli olduğu məbləğ. Bu məbləğə sığorta hadisəsinin baş verdiyi tarixədək ödənilməli olan borc məbləği daxil edilmir; 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 4.3.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; 4.3.2. İ və İİ qrup əlillər; 4.3.3. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; 4.3.4. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr. 4.4-cü bəndinə əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: 4.4.1. sığorta olunanın ölməsi; 4.4.2. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması; 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir; 6.7-ci bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər; 9.3.2-ci bəndinə əsasən sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən beş ildən çox müddət keçməmişdirsə, sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək hüququ vardır; 16.1.1-ci bəndinə əsasən sığorta müqaviləsində bu Qaydaların 13.6.1-ci yarımbəndinə uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi 16.3-cü bəndi nəzərə alınmaqla, sığorta olunan öldükdə sığorta məbləğinin 100 faizi həyata keçirilir; 18.2-ci bəndinə görə isə bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sığortalı X7 tərəfindən sığorta müqaviləsi bağlanarkən sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qəsdən özünə məlum olan xəstəliklərinin olması barədə məlumat verilməməsi halı müəyyən olunmamışdır. Həmçinin, həyat sığortasına dair qanunvericiliyin tələbinə əsasən, sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməməsi təsbit edilmişdir. Göründüyü kimi sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, sığorta müqaviləsi bağlanan vaxtda hər iki tərəfin qarşılıqlı razılığı ilə “sığorta riskləri" adlanan hissədə təminat kimi ağır xroniki xəstəliklər istisna olmaqla digər bütün növ xəstəliklərə təminat verilmişdir. Birinci instansiya məhkəməsində bu məsələyə toxunulmağına baxmayaraq qətnamədə bu məsələ ilə bağlı heç bir əsaslandırılmış hüquq norması qeyd edilməmiş və mühüm əhəmiyyəti olan bu faktiki halla bağlı ətraflı araşdırma həyata keçirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlilləri əsassız olmuşdur, belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X7 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ- 0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsində “sığorta riskləri" adlanan hissədə təminat kimi ağır xroniki xəstəliklər istisna olmaqla digər bütün növ xəstəliklərə təminat verilmişdir. Lakin E.Həsənovun məhz ağır xroniki xəstəlikdən vəfat etməsi halı iş materialları ilə müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş X4 xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında kəskin hepatit B xəstəliyinin xroniki xəstəlik olması göstərilmişdir. Göründüyü kimi bu halda belə hepatit B xəstəliyinin ağır xronoki xəstəlik olması müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olsa da sığorta ödənişi qismində ödəniləcək məbləğə münasibətdə iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə X7 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, faydalanan şəxs "xxxx" ASC-dir. Həmçinin sığortalı E.Həsənovun həyatı "xxxx" ASC-dən aldığı ipoteka kreditinə görə kreditin məbləği həddində - 18131.07 manat sığortalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ipoteka kreditinə görə 09 mart 2022-ci il tarixə banka olan qalıq borcun məbləği əsas borc üzrə 14286,62 manat, faiz borcu üzrə 755,88 manat olmaqla cəmi 15042,50 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişi 18131.07 manat müəyyən edilməli, həmin məbləğdən faydalanan şəxsə olan borc yəni 15042.50 manat çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan sığorta ödənişi cəmi 3088,57 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən – 3088,57 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi hissəsində təmin edilməlidir. Həmçinin iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının məbləğləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405 maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1326/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 3088,57 (üç min səksən səkkiz manat, əlli yeddi qəpik) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh Sığorta Şirkəti ASC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar