Məhkəmə qərarları › İş №2(103)-5483/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5483/2022

07.12.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5483/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: sığorta ödənişi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-622/2022 saylı 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “X1 Şəhadətnaməsi” ilə müəyyən edilir ki, «RENAULT MEGANE» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır.

2. xx.xx.2018-ci il tarixli, PAA ********** saylı İcbari sığorta müqaviləsinə əsasən sığortaçı «ATASİĞORTA” ASC tərəfindən «RENAULT MEGANE» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta təminatının müddəti 1 il olmaqla sığortalanmışdır.

3. "xxxx" MMC tərəfindən tərtib olunmuş “Qüsur akt”ına görə "Mercedes Benz C180” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı 1605 manat məbləğində ziyan dəymişdir.

4. 21.06.2019-cu il tarixli sığorta aktından müəyyən edilir ki, "Mercedes Benz C180” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1605 manat zərər sığortaçı tərəfindən zərərçəkmiş X3 ödənilmişdir.

5. İş materiallarında olan inzibati tənbehvermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1605,00 manat sığorta ödənişi məbləğinin və 36,05 manat dövlət rüsumunun, cəmi 1641,05 manat məbləğində pul vəsaitinin tutulub ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmış və “Renault Megane” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avlonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Renault Megane“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Babək prospektində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C180” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, zərərin aradan qaldırılması üçün "xxxx" QSC 1605.00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami RPİ DYPŞ-dən xx.xx.2019-cu il tarixli İXP2625 157 saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh oglu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nizami RPİ DYPŞ-nin ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli 1206 saylı arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərəri aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt və avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2022-ci il tarixli 2(010)-622/2022 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilmiş, cavabdehdən 1605 manat məbləğində sığorta ödənişi və 36.05 manat dövlət rüsumu olmaqla ümumilikdə 1641.05 manat məbləğində pulun iddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1605 manat zərər məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1, 25.1.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, təyin edilmiş şişirdilmiş qiymət məhkəmə tərəfindən etirazsız şəkildə qəbul edilmişdir. “Qüsur aktında” zərərin məbləği 1605 manat müəyyən olunmuşdur, dəymiş ziyan şişirdilmişdir. Dəymiş ziyanla bağlı dəqiqləşmə aparılmamışdır. Onun ünvanına məhkəmə iclası barədə bildiriş çatmadığından məhkəmə iclaslarında çıxış etmək imkanı olmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə razı deyil, avtomobilə o qədər ziyan vurulmamışdır, rəy də göstərilən məbləğlər real deyildir.

15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu

16. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

17. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilirsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Mülki Məcəllə

18. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh apelyasiya şikayətində dəymiş ziyanın məbləğini mübahisələndirmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

29. Cavabdeh apelyasiya şikayətində, həmçinin apelyasiya baxışı zamanı avtomobilə dəymiş ziyanın məbləğini mübahisələndirmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6010 saylı ekspert rəyinə əsasən iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mercedes Benz C 180” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1595 manat müəyyən edilmişdir.

31. İddiaçı "xxxx" MMC tərəfindən tərtib olunmuş “Qüsur akt”ına görə istinad edərək, avtomobilə dəymiş zərər olaraq ödədiyi 1605 manatı tələb etmişdir.

32. İstinad edilən həmin qüsur aktına əsasən ehtiyat hissələrinin dəyəri 395 manat, ümumi xidmət haqqı isə 1210 manat müəyyən edilmişdir.

33. Kollegiya hesab edir ki, qüsur aktının “iş haqqında” bölməsində göstərilən xidmətlərin dəyəri real və ağlabatan hesab edilmir. Dəyişilmiş ehtiyat hissələrinə baxdıqda göstərilən xidmətlərin hamısına zərurətin olması və həmin xidmətlərin dəyəri əsaslı hesab edilmir, iddiaçı tərəfindən təmirə həqiqətən həmin xidmətlərin göstərilməsi sübuta yetirilməmişdir.

34. Kollegiya qüsur aktını ehtiyat hissələrinin dəyərinə aid hissədə əsaslı hesab edərək, bu hissədə müəyyən edilmiş 395 manat məbləğində ziyanla razılaşır.

35. Buna baxmayaraq ümumi xidmət haqqının 1210 manat olmasını ağlabatan hesab etməyərək, Kollegiya qeyd edir ki, avtomobilin təmiri üçün göstərilən xidmət haqqının 200 manat müəyyən edilməsi ağlabatan və realdır. Belə ki, avtomobilə dəymiş zərərlə onun təmiri üçün tələb olunan işçi pulu arasındakı mütənasiblik uyğunsuzluq təşkil edir. Dəyişdirilməli olan ehtiyat hissələrinin təsnifatı bu işlərin görülməsi üçün 420 manat dəyərində dəmirçi və 480 manat dəyərində rəngsaz işinin görülməsini istisna edir, «razval» adı altında (təkər bucaqlarının tənzimlənməsi) 30 manat xidmət haqqı tələb edilməsi isə ümumiyyətlə başa düşülən deyildir.

36. Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vurulmuş ziyan məbləği 595 manat (395+200) müəyyən edilməlidir.

37. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, 25 fevral 2022-ci il tarixli hazırlıq iclasında cavabdeh iştirak etmiş və mülki işin məhkəmə iclasında 18 mart 2022-ci il tarixdə saat 10:30-da baxılmasına dair “Məhkəmə bildirişinin kötüyünü” imzalamışdır (iş.v.63).

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-622/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilsin və Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı olan sığorta ödənişi 595 manat məbləğində müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar