Məhkəmə qərarları › İş №2(107)-529/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-529/2022

27.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-529/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta pulu tələbi, əsassız varlanma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(054)- 19/2022 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil X2na məxsus olmuş və "xxxx" ASC tərəfindən 01.08.2015-ci il tarixdə 1 (bir) il müddətinə icbari sığorta edilmişdir. X12 idarə etdiyi “Mercedes” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil isə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta edilmişdir. X6 10.04.2016-cı il tarixdə “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobil X12 idarə etdiyi “Mercedes” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində X6 və onun avtomobilində olan arvadı Cavabdeh1 müxtəlif dərəcəli bədən xəsarətləri almış, eyni zamanda, “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. X4 aldığı bədən xəsarətləri ilə bağlı müalicəsinə sərf edilən vəsait 1700 manat, onun arvadı Cavabdeh1 müalicəsinə sərf edilən vəsait 5000 manat, “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər isə 6230 manat müəyyən edilmişdir. X6 07.05.2016-cı il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərək əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması ilə bağlı Cavabdeh2 4390 manat, Cavabdeh1 3000 manat pulun və cavabdehlərdən müştərək qaydada 94,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 1(063)-20/2016 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxslər Cavabdeh2 və Cavabdeh1 mülki iddia tələbləri təmin edilmiş, təqsirləndirilən şəxs X9 5000 manat pul Cavabdeh1, 7930 manat pul isə Cavabdeh2 xeyrinə tutulmuşdur. İddiaçı Sığorta Şirkəti ASC isə X1 vurulmuş ziyana görə 1500 manat, Cavabdeh1 sağlamlığına vurulmuş ziyana görə 3000 manat və “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2890 manat olmaqla, cəmi 7390 manat pul cavabdehlərə ödənilmişdir. Hazırda məlum olmuşdur ki, cavabdehlər heç bir qanuni əsas olmadan əsassız varlanmışlar. Belə ki, cavabdehlər İddiaçı Sığorta Şirkəti ASC-nə müraciət edərək baş vermiş hadisə ilə bağlı sığorta ödənişi tələb etmiş, İddiaçı Sığorta Şirkəti ASC isə öz növbəsində 13.11.2019-cu və 14.11.2019-cu il tarixlərdə sığorta aktları tərtib edərək qeyd edilən məbləğləri cavabdehlərin bank hesablarına köçürmüşdür. Qeyd olunan əsaslara görə iddiaçı hesab edir ki, Cavabdeh2 əsassız varlanma nəticəsində əldə edilmiş 4390 manat, Cavabdeh1 isə 3000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, X12 idarə etdiyi “Mercedes” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyəti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığortalanmışdır. X12 idarə etdiyi avtomobil ilə vurulmuş zərərə görə Ucar Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 1(063)-20/2016 nömrəli hökmünə əsasən X9 5000 manat pulun Cavabdeh1, 7930 manat pulun isə Cavabdeh2 xeyrinə tutulması qərara alınmışdır. Həmin hökm qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan icrası məcburidir və hökmdə göstərilmiş mülki iddia məbləğləri hazırki iş üzrə cavabdehlərə ödəniləcəkdir. Belə olan halda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslər onların sağlamlığına və əmlakına dəymiş zərərin əvəzini həm sığortaçıdan, həm də sığorta olunandan almaqla, əsassız varlanmış olacaqlar. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, digər Cavabdeh1 onun anasıdır. X2 isə onun atası olmuşdur. Atasına məxsus avtomobil 10.04.2016-cı il tarixdə X12 idarə etdiyi “Mercedes” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuşdur. Həmin vaxt anası Cavabdeh1 da avtomobildə olmuş və hadisə nəticəsində valideynləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, eyni zamanda, atasına məxsus avtomobilə maddi zərər dəymişdir. X3 07.05.2016cı il tarixdə uzun sürən xroniki xəstəlikdən vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə o və anası 2016-cı ildə mülki iddia tələbi vermiş, həmin tələbin təmin edildiyi hökmdə göstərilsə də, o və anası iş üzrə təqsirləndirilən şəxs X9 indiyədək də hər hansı məbləğ ala bilməmişlər. Eyni zamanda, qeyd olunan hökmə əsasən təmin edilən mülki iddia məbləğinin sığorta ödənişinə aidiyyəti olmamış, həmin məbləğ onun valideynlərinin müalicəsinə görə reseptlər və qaiməfakturalar əsasından onların özləri tərəfindən nağd olaraq verilən vəsaitin ödənilməsinə yönəlmiş məbləğ kimi nəzərdə tutulmuşdur. X14 tərəfindən 10.04.2016-cı il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilmişdir. Hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC 2019-cu ildə ona X3nun hüquqi varisi kimi atasının sağlamlığına vurulmuş ziyana görə 1500 manat, “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2890 manat, anası Cavabdeh1 isə onun sağlamlığına vurulmuş ziyana görə 3000 manat - cəmi 7390 manat sığorta pulu ödəmişdir. Həmin vaxt mülki iddia tələbinin təmin edilibedilməməsi ilə bağlı onlardan heç nə soruşmamışlar. Yalnız 2021-ci ilin oktyabr ayında İddiaçı Sığorta Şirkəti ASC onlara məktub göndərərək verilmiş sığorta ödənişi məbləğinin geri qaytarılmasını tələb etmiş, ancaq onlar həmin məbləği qaytarmamışlar. Hazırda da hesab edir ki, X12 idarə etdiyi avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığortalanmış olduğuna görə onlara dəymiş maddi zərər məbləği həmin sığorta təşkilatı tərəfindən ödənilməli idi. Ona görə də İddiaçı Sığorta Şirkəti ASC-nin onlara qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdiklərinə əsasən ona və digər cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil X2na məxsus olmuş və "xxxx" ASC tərəfindən 01.08.2015-ci il tarixdə 1 (bir) il müddətinə icbari sığorta edilmişdir. X12 idarə etdiyi “Mercedes” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil isə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta edilmişdir. X6 10.04.2016-cı il tarixdə “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobil X12 idarə etdiyi “Mercedes” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində X6 və onun avtomobilində olan arvadı Cavabdeh1 müxtəlif dərəcəli bədən xəsarətləri almış, eyni zamanda, “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. X4 aldığı bədən xəsarətləri ilə bağlı müalicəsinə sərf edilən vəsait 1700 manat, onun arvadı Cavabdeh1 müalicəsinə sərf edilən vəsait 5000 manat, “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər isə 6230 manat müəyyən edilmişdir. X6 07.05.2016-cı il tarixdə vəfat etmiş, lakin onun ölümü ilə yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətləri arasında səbəbli əlaqə olmamışdır. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, onun barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslər Cavabdeh2 və Cavabdeh1 mülki iddia tələbləri təmin edilmiş, təqsirləndirilən şəxs X9 5000 manat pulun Cavabdeh1, 7930 (1700 + 6230) manat pulun isə X2nun hüquqi varisi kimi Cavabdeh2 xeyrinə tutulması qərara alınmışdır. X14 tərəfindən 10.04.2016-cı il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilmişdir. Hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC X1 vurulmuş ziyana görə 1500 manat, Cavabdeh1 sağlamlığına vurulmuş ziyana görə 3000 manat və “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2890 manat olmaqla, cavabdehlərə cəmi 7390 manat pul ödəmişdir. İddiaçı cavabdehlərə ödənilmiş cəmi 7390 manat pulun geri qaytarılmasını cavabdehlərdən tələb etmişdir. Həmin məbləğ geri ödənilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 94,00 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı hazırda əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması ilə bağlı Cavabdeh2 4390 manat, Cavabdeh1 3000 manat pulun və cavabdehlərdən müştərək qaydada 94,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi Ucar Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 1(063)-20/2016 nömrəli hökmünə və cavabdehlərə iddiaçı tərəfindən sığorta ödənilməsinə dair ödəniş tapşırıqlarına istinad edir. İddiaçı hazırki iddia tələbinə sübut olaraq qeyd edir ki, məhkəmənin qeyd olunan hökmü ilə cavabdehlərin mülki iddia tələbi təmin edilməsinə baxmayaraq onlar sığorta ödənişi də almaqla heç bir qanuni əsas olmadan əsassız varlanmışlar. Cavabdeh2 iddia tələbini qəbul etmir, X12 idarə etdiyi avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta edildiyi üçün onlara dəymiş maddi zərər məbləğinin həmin sığorta şirkəti tərəfindən ödənilməli olduğunu bildirərək hesab edir ki, onun valideynlərinin səhhətinə dəymiş zərərə, habelə atasına məxsus olmuş avtomobilə dəymiş maddi zərərə görə ödənilmiş sığorta məbləğləri onlardan geri tələb edilməməlidir. Ona görə də iddiaçının hazırki iddia tələbini əsassız hesab edir. Digər Cavabdeh1 məhkəməyə gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Sığorta hadisəsi mövcud olduqda, əmlaka və sağlamlığa dəymiş zərərə görə icbari sığorta müqaviləsində müəyyən edilmiş sığorta ödənişinin sığortaçı tərəfindən verilməsi qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş haldır. Hazırki iş üzrə X14 tərəfindən 10.04.2016-cı il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edildiyi iş materialları ilə təsdiq edilmişdir. Eyni zamanda, sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi halları da qanunvericilikdə konkret olaraq göstərilmişdir ki, hazırki vəziyyətdə həmin hallardan hər hansı biri mövcud deyildir. İddiaçı hazırki iddia tələbində cavabdehlərin sığorta ödənişi almaqla əsassız varlanmış olduqlarını iddia etsə də, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə sığorta ödənişinin verilməsi nəinki əsassız olmamış, əksinə, cavabdehlərə sığorta ödənişinin verilməsi sığortaçı kimi hazırki iş üzrə iddiaçının icbari sığorta müqaviləsindən yaranan məcburi öhdəliyi olmuşdur. Sığortaçı tərəfindən cavabdehlərə ödənilmiş sığorta məbləği ilə onlar hər hansı şəkildə varlanmamış, verilmiş sığorta ödənişi müqavilə əsasına və müqavilə öhdəliyinə söykənməklə cavabdehlərə dəymiş maddi zərərin aradan qaldırılmasına yönəlmişdir. İddiaçının öz iddia tələbinin əsaslarından biri kimi istinad etdiyi Ucar Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 1(063)-20/2016 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin miqdarı X1 vurulmuş ziyana görə 1700 manat, Cavabdeh1 sağlamlığına vurulmuş ziyana görə 5000 manat və “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 6230 manat olmaqla, cəmi 12.930 manat müəyyən edildiyi halda, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehlərə X1 vurulmuş ziyana görə 1500 manat, Cavabdeh1 sağlamlığına vurulmuş ziyana görə 3000 manat və “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2890 manat olmaqla, cəmi 7390 manat vəsait ödənilmişdir. Bununla da, istər zərərçəkmiş şəxslərin sağlamlığına, istərsə də, avtomobilə dəymiş maddi zərərə görə hər bir hal üzrə ayrılıqda ödənilmiş məbləğ məhkəmə tərəfindən ödənilməli olduğu müəyyən edilmiş məbləğdən daha az olmuşdur. Məhkəmə iddiaçının hazırki iddia tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilən mülki iddia tələbinin gələcəkdə icra olunacağı ehtimalına istinad etməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü icrası məcburi olan qərar olsa da, hazırki vəziyyətdə hələ icra edilməyən bir qərar olmaqla, iddiaçının həmin hökmdə göstərilən mülki iddia tələbinin gələcəkdə icra olunacağı ehtimalına istinad edərək bu halın cavabdehlərin əsassız olaraq varlanacaqlarını deməsinə əsas vermir. Belə ki, qanunun tələbinə görə üçüncü şəxs sığorta hadisəsi nəticəsində onun sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Ancaq hər bir halda, sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığorta ödənişini ödəmək öhdəliyini sığortaçı daşıyır. Məhkəmənin 22.09.2016-cı il tarixli 1(063)-20/2016 nömrəli qanuni qüvvəyə minmiş hökmü gələcəkdə icra olunacağı və ya hər hansı məbləğin digər şəxslər tərəfindən üçüncü şəxsə ödəniləcyi təqdirdə belə, hazırki iş üzrə zərərçəkmiş şəxslərin əsassız varlanmış olma ehtimalı hazırki iş üzrə iddiaçıya münasibətdə deyil, həmin məbləği ödəmiş şəxslərə münasibətdə yaranmış ola bilər Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddiaçının əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması ilə bağlı Cavabdeh2 4390 manat, Cavabdeh1 isə 3000 manat pulun tutulması ilə bağlı hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(054)-19/2022 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması ilə bağlı Cavabdeh2 4390 manat, Cavabdeh1 3000 manat pulun və cavabdehlərdən müştərək qaydada 94,40 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933, 935 və 1096-cı maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5, 7, 13, 18, 19, 20, 52 və 54-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 01.08.2015-ci il tarixli 437561 nömrəli şəhadətnamə, 14.04.2016-cı və 18.04.2016-cı il tarixli ödəniş qəbzləri, kassa mədaxil orderi və qaimə-faktura, Ucar Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 1 (063) - 20 / 2016 nömrəli hökmünün surəti, Ucar rayon Polis Şöbəsi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli 187-14552-1219 nömrəli arayış, 13.11.2019-cu və 14.11.2019-cu il tarixli sığorta aktları, 15.11.2019-cu, 18.11.2019cu və 14.11.2019- cu il tarixli ödəniş tapşırıqları, 08.10.2021-ci və 18.10.2021-ci il tarixli pretenziya məktubları və 25.10.2021-ci il tarixli mədaxil qəbzi. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq Oğuz rayon Məhəməsinin 12.01.2022-ci il tarixli, 2(054)-19/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, həmçinində apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 47.60 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı sığorta ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(054)-19/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və digər Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 933.1 və 933.1.3-cü maddələrinin məzmununa görə icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlərin mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu qanunun xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər -fiziki şəxs öldüyü halda, onun ailə üzvləri və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Həmin Qanunun 19.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 54-cü maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Apellyasiya şikayəti verən iddiaçı Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(054)-19/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İddiaçı hazırki iddia tələbində cavabdehlərin sığorta ödənişi almaqla əsassız varlanmış olduqlarını iddia etsə də, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə sığorta ödənişinin verilməsi nəinki əsassız olmamış, əksinə, cavabdehlərə sığorta ödənişinin verilməsi sığortaçı kimi hazırki iş üzrə iddiaçının icbari sığorta müqaviləsindən yaranan məcburi öhdəliyi olmuşdur. Sığortaçı tərəfindən cavabdehlərə ödənilmiş sığorta məbləği ilə onlar hər hansı şəkildə varlanmamış, verilmiş sığorta ödənişi müqavilə əsasına və müqavilə öhdəliyinə söykənməklə cavabdehlərə dəymiş maddi zərərin aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, sığorta hadisəsi mövcud olduqda, əmlaka və sağlamlığa dəymiş zərərə görə icbari sığorta müqaviləsində müəyyən edilmiş sığorta ödənişinin sığortaçı tərəfindən verilməsi qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş haldır. Hazırki iş üzrə X14 tərəfindən 10.04.2016-cı il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edildiyi iş materialları ilə təsdiq edilmişdir. Eyni zamanda, sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi halları da qanunvericilikdə konkret olaraq göstərilmişdir ki, hazırki vəziyyətdə həmin hallardan hər hansı biri mövcud deyildir. Məhkəmə iddiaçının hazırki iddia tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilən mülki iddia tələbinin gələcəkdə icra olunacağı ehtimalına istinad etməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü icrası məcburi olan qərar olsa da, hazırki vəziyyətdə hələ icra edilməyən bir qərar olmaqla, iddiaçının həmin hökmdə göstərilən mülki iddia tələbinin gələcəkdə icra olunacağı ehtimalına istinad edərək bu halın cavabdehlərin əsassız olaraq varlanacaqlarını deməsinə əsas vermir. Belə ki, qanunun tələbinə görə üçüncü şəxs sığorta hadisəsi nəticəsində onun sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Ancaq hər bir halda, sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığorta ödənişini ödəmək öhdəliyini sığortaçı daşıyır. Məhkəmənin 22.09.2016-cı il tarixli 1(063)-20/2016 nömrəli qanuni qüvvəyə minmiş hökmü gələcəkdə icra olunacağı və ya hər hansı məbləğin digər şəxslər tərəfindən üçüncü şəxsə ödəniləcyi təqdirdə belə, hazırki iş üzrə zərərçəkmiş şəxslərin əsassız varlanmış olma ehtimalı hazırki iş üzrə iddiaçıya münasibətdə deyil, həmin məbləği ödəmiş şəxslərə münasibətdə yaranmış ola bilər Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(054)-19/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(054)-19/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar