Məhkəmə qərarları › İş №2(103)-3751/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3751/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3751/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1501/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, 290 saylı fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd samovar (1/1), 1 ədəd dəmir peçi (1/1) istifadə edilir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni olaraq, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 25.920 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 3.110,40 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda iddiaçının soyadı və adı göstərilmiş, lakin onun akta münasibəti əks etdirilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 3110,40 manat borcun silinməsi və həmin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 290 ona məxsusdur. Cavabdeh işçiləri tərəfindən həyətinə yaxın məsafədə qazıntı işləri aparıldıqdan sonra, keçən qaz borusundan qaz sızıntısı olduğunu müəyyən edib, dərhal bu barədə Cavabdehnə məlumat vermişdir. Cavabdehndən ona bildirilmişdir ki, yaranan problemi gəlib aradan qaldıracaqlar. Lakin bir müddət keçsə də, Cavabdeh əməkdaşları gəlməmişdilər. O da məcburiyyət qarşısında qalıb, qaz sızıntısının qarşısını almaq üçün, sızıntı olan yerə rezin boru taxıb, borunu qatlayaraq bağlayıb qaz sızıntısının qarşısını almışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, Cavabdeh əməkdaşları heç bir sübut, əsas olmadan sayğacdan kənar qazdən istifadə etməkdə onu təqsirli bilərək, barəsində aktlar tərtib etmişlər. Belə ki, Cavabdehndən aldığı xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2023- cü il tarixli tələbnamədən ona aydın oldu ki, qeyd edilən tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş, 25.920 kubmetr qaz itkisi müəyyən edilmişdir. Qeyd edilən aktla razı deyildir. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akt əsassız və qanunsuz olduğuna görə, həmin akta əsasən yazılmış dəymiş ziyan məbləğləri silinməlidir. Sayğacdan kənar qazdan istifadə etmədiyi halda dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Göründüyü kimi, əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1501/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı hesablanmış 3.110,40 manat olan borcdan 2.938,40 manat olan hissəsinin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və Azəriqaz İByə ziyan vurmuşdur. Lakin, məhkəmə hesab etmişdir ki, kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz sayğacının günlük sərfiyatı 24 saat deyil, 8 saat, günlük sərfiyyatı 360 deyil, 30 gün üçün hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 6x8x30=1440 m3 hesablanmalıdır və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 qəpikə vurulmalıdır. Bu zaman isə iddiaçı tərəfdən cavabdehə dəymiş zərər 172 manat məbələğində olması müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən artık hesablanmış 2.938,40 manat dəymiş zərər silinməlidir. (3110,40 manat - 172 manat = 2.938,40 )

6. Bundan başqa məhkəmə iddia tələbinin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq, iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərk qeyd etmişdir ki, məhkəmə iclası zamanı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın əsassız olması deyildə, aktla hesablanmış cərimənin şişirdilmiş olduğu müəyyən edildiyindən və sözügedən akta əsasında iddiaçıya yazılmış cərimənin 172 manat olan hissəsi saxlanıldığından iddiaçı tərəfindən 2023-cü ilin iyun ayından sonra karta yüklədiyi pul məbləğindən 27 manat olan tutma iddiaçıya yazılmış cərimədən silinməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4cü, 218.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4,2-ci, 6.2-ci, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə birliyə böyük məbləğdə ziyan vurmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq akt tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qanunsuz istifadəyə görə birliyə vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə birliyin qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün birliyə dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə etməsi əsası ilə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İddiaçı da bu akta razılaşmayaraq, onları mübahisələndirmiş və akt, habelə onun əsasında qəbul edilmiş qərar üzrə hesablanmış cərimə məbləğinin silinməsini tələb etmişdir.

22. Məhkəmə kollegiyası vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır.

23. Eyni zamanda, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

24. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktın bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Aşkar edilmiş pozuntuların texniki vasitələrlə (videoçəkiliş aparılmaqla) qeydə alınması da təmin edilməmişdir. Təqdim edilmiş fotoşəkillərdən isə qanunsuz qoşulma halının müəyyən edilməsi qeyri-mümkündür. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

25. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, hesablama qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün (xx.xx.2022-ci – xx.xx.2023-cü il) üzrə aparılmış və nəticə etibarı ilə iddiaçının istifadə etdiyi qaz qurğularının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və sair nəzərə alınmamışdır. Bundan başqa cavabdeh tərəfindən həmin ünvan üzrə istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi də nəzərə alınmamışdır. Belə ki, abonentin saldo malumatlarına əsasən həmin ünvan üzrə aktın əhatə etdiyi 2022-ci ilin dekabr ayında 15 manat, 2023-cü ilin yanvar-mart aylarında, hər ay 20 manat, iyun ayında 30 manat dəyərində qazdan istifadə edilmişdir. İddiaçının həmin dövrdə daha artıq həcmdə qazdan istifadə etməsi ilə bağlı isə hər hansı sübut təqdim edilmir. Məhkəmə tərəfindən də belə bir hal müəyyən edilmir. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir.

26. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq həm bununla bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, o cümlədən pozuntuların texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması təmin edilməmiş, cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1501/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar